Uşaqlarda göz xəstəliklərinin profilaktikası

Uşaqlarda göz xəstəliklərinin profilaktikası
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 10
Valideynlər öz uşaqlarının sağlamlığına qarşı çox diqqətli olmalıdır. Vaxtında aşkar edilən xəstəliklərin müalicəsi diqqətdən yayınaraq bir çox fəsadlar vermiş xəstəliklərin müalicəsindən xeyli dərəcədə asan olur.

Bu, eyni dərəcədə görmə orqanlarına da aiddir. Əgər siz uşağınızın gözlərində hər hansı bir qeyri-adi hal - buynuz qişasının çox böyük və ya çox kiçik ölçüdə olması, göz qapaqlarının tam bağlanmaması və ya sallanması, buynuz qişasının bulanması, göz qapaqlarında hər hansı bir törəmələrin olması, göz alması və göz qapaqlarının selikli qişalarının qızarması, göz bəbəyi rənginin ağ, boz, sarımtıl rəngə çalması və s. - müşahidə edərsinizsə, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Diaqnozun düzgünlüyünə tam əmin olduğunuz hallarda belə, heç zaman uşağınızın gözlərini həkim məsləhəti olmadan özbaşına müalicə etməyin (bu, digər uşaq xəstəliklərinin müalicəsinə də aiddir)!

Natamam doğulmuş uşaqları (xüsusən, daha çox natamam doğulanları, çəkisi 2000 qramdan az olanları, asfiksiya ilə doğularaq tibbi qulluq zamanı uzun müddət ərzində oksigen inqalyasiyası alan uşaqları) ayda bir dəfədən az olmayaraq göz həkiminə göstərmək lazımdır. Belə uşaqlarda onların görmə qabiliyyəti üçün çox təhlükəli hesab edilən - natamam doğulanların retinopatiyası kimı spesifik xəstəlik inkişaf edə bilər.

Qeyd etmək lazımdır ki, hətta uşağınızın gözlərində heç bir problem olmasa da, oftalmoloq (göz həkimi) tərəfindən profilaktik müayinənin aparılmasından imtina etmək məsləhət görülmür. Oftalmoloq körpəni ilk dəfə doğum evində müayinə edir. Bundan sonra uşağınızı 3 aylığında, 6 aylığında və 1 yaşında, daha sonralar isə ildə 1 dəfə (həmçinin mütləq məktəbə getməmişdən qabaq) olmaqla təkrar oftalmoloqa göstərmək lazımdır.

Hamiləlik vaxtı ana hər hansı bir virus xəstəliyi keçirmiş olarsa, valideynlərdən birinin və ya hər ikisinin, həmçinin onların yaxın qohumlarının görmə orqanlarında hər hansı bir pozğunluqlar (qlaukoma, katarakta, yüksək dərəcəli miopiya - yaxınıgörmə və uzağıgörmə) varsa, uşaqlarınızın gözlərinə daha diqqətli nəzarət etmək məsləhət görülür. Yadda saxlayın ki, ilkin uşaq yaşlarında görmə orqanlarının xəstəliklərini müalicə etmək daha asan olur.

6-7 yaşlarından sonra uşaq məktəbə getdiyindən və bu zaman gözlərin üzərinə düşən gərginlik xeyli artdığı üçün onların xəstəlikləri də xeyli dərəcədə kəskinləşə bilər.

Onu da bilmək lazımdır ki, 3 yaşına qədər olan uşaqlar üçün uzağıgörmə (müəyyən hədd daxilində) normal hesab edilir.

İlkin yaşlarda olan yaxınıgörmə isə ciddi xəbərdarlıq olub, uşagın görmə orqanlarının daimi həkim nəzarətində olmasını tələb edir.

Çəpgözlük 2-3 aylarına qədər uşaqlar üçün tam normal hesab edilərək, 6 aylığına qədər də normal sayıla bilər. Lakin 6 aylığından sonra da çəpgözlük qalarsa, uşaq göz həkiminin xüsusi müayinəsindən keçməlidir.

Uşaqlarda göz xəstəliklərinin profilaktikası hər bir valideyn üçün ən vacib vəzifələrdən biri olmalıdır. Görmənin normal səviyyədə saxlanması üçün tam dəyərli qidalanma və gün ərzində 1,5 saatdan az olmayaraq açıq havada olmaq böyük əhəmiyyət kəsb edir.

Görməsi zəif olan uşaqlara qida rasionuna gözün torlu qişasını möhkəmləndirən qida məhsullarını (qaragilə, qara qarağat, kök, süd məhsulları, balıq və s.) da əlavə etmək lazımdır.

Yaxınıgörməsi (miopiya) olan uşaqların qida rasionunda balıq, cəfəri, kahı, şüyüd, göy soğan və s. qida məhsullarının olması vacib hesab edilir.

Torlu qişanın distrofiyası zamanı itburnu dəmləməsi yaxşı təsir edir.

Gözlər üçün xüsusən kompleksşəkilli polivitaminlər (bunların tərkibində vitaminlər mikroelementlərlə - sink, kalsium və s. ilə birgə olur), garagilə əsasında hazırlanan preparatlar da çox xeyirli hesab edilir. Göz xəstəlikləri zamanı balıq yağı qəbul edilməsi də məsləhət görülür. Ümumiyyətlə, uşaqlar üçün balıq yağı çox xeyirli olduğundan onu uzun müddət ərzində uşaqlara vermək lazımdır.

İmmunitetin möhkəmləndirilməsi - digər xəstəliklər kimi, göz xəstəliklərinin profilaktikası üçün də əhəmiyyətli hesab edilir. Möhkəm və sağlam orqanizm, bədəndəki bütün prosesləri idarə edərək, xəstəlik və müxtəlif patoloji halların qarşısını almaq iqtidarında olur.

Göz xəstəliklərinin profilaktikası üçün kitab oxuyarkən stol arxasında oturan uşaq oturduğu stulda belini düz tutmalı, kitabı gözlərindən 40 sm məsafədə saxlamalıdır. Yazı stolunun oxu sahəsi 60 Vt gücündə olan stolüstü lampa ilə (üzəri yaşıl rəngli lampa qalpağı ilə örtülmüş) işıqlandırılmalıdır. Yemək yeyərkən və uzanmış vəziyyətdə olarkən kitab oxumaq məsləhət görülmür. Nəqliyyatda gedərkən kitab oxumağı isə uşağa qəti şəkildə qadağan etmək lazımdır.

Uşaqların televizora baxması və kompüterlə işləməsi haqqında xüsusi danışmaq lazımdır. Uzun müddət ərzində televizor verilişlərinə baxmaq, kompüter arxasında işləmək uşağın gözlərinə mənfi təsir edir! İki yaşına qədər olan uşaqlara televizora baxmaq, ümumiyyətlə, məsləhət görülmür. Bu, televizorun yalnız uşağın gözlərinə deyil, mərkəzi sinir sisteminə də mənfi təsir etməsi ilə (bu sistemin həddindən artıq qıcıqlandırılmasına səbəb ola bilər) əlaqədardır. 7 yaşınadək uşaqların televizor verilişlərini müşahidə etmələri gün ərzində 30-40 dəqiqədən artıq olmamalıdır. Daha böyük yaşlı uşaqlara gün ərzində 1,5-3 saat müddətinə televizora baxmağa icazə verilə bilər. Lakin bu zaman onların televizora birdəfəlik baxma müddəti 1,5 saatdan artıq (bir film) olmamalıdır. Bu zaman televizorun tipinin (adi, “yastı” ekranlı, mayekristallik və ya plazmalı televizor) elə də böyük əhəmiyyəti yoxdur. Televizora baxış zamanı əsas zərərli faktor - görmə orqanlarına düşən uzunmüddətli gərginlikdən ibarətdir. Kompüter isə uşağın gözlərinə daha çox mənfi təsir edir. 7 yaşınadək olan uşaqlara kompüter arxasında əyləşməyə ümumiyyətlə icazə verilməməlidir! 7 yaşından artıq olan uşaqlara isə gün əzində 40 dəqiqədən artıq (fasilələrlə) olmamaqla kompyuter arxasında əyləşməyə icazə verilə bilər. Uzun müddət ərzində kompüterdən istifadə etdikdə uşağın yalnız gözləri zərər çəkmir, bu zaman onlarda baş ağrıları, yorğunluq və s. patoloji hallar da qeyd edilə bilər.

Miopiyası (yaxınıgörmə) olan uşaqlara bədən tərbiyəsi ilə məşğul olmaq xeyirli hesab edilir. Ancaq bu zaman onları ağır fiziki gərginliyə məruz qoymaq da olmaz. Boks, güləş, ağır atletika kimi idman növləri ilə məşğul olmaq onlar üçün əks göstəriş hesab edilir.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!