Şəkərli diabet

Şəkərli diabet
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 22
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur.

Bu zaman mədəaltı vəzi tərəfindən insulin hormonu hazırlanması prosesinin pozulması nəticəsində orqanizmdəki hüceyrələrin qlükozanı mənimsəyə bilməməsi baş verir.

İnsulin qlükozanın hər bir hüceyrəyə daxil olmasına kömək edir. Qlükoza orqanizm üçün enerji mənbəyidir. Bu da insana nəfəs almağa, gəzməyə, danışmağa və s. imkan verir. Enerji yoxdursa, demək, həyat da yoxdur.

Orqanizmdə insulinin hazırlanması kəskin şəkildə azalırsa və ya tamamilə dayanırsa, 1-ci tip şəkərli diabet (insulinasılılıqlı şəkərli diabet) baş verir. Bu formalı diabet uşaqlarda və cavanlarda olur. Orqanizmdə insulin az olduğu və ya olmadığı üçün qlükoza hüceyrələrə daxil olmayaraq qanda yığılır, daha sonra isə sidiklə xaric olur. Birinci tip şəkərli diabeti yalnız kənardan insulin vurmaqla müalicə etmək olur.

Əsasən yaşlı və 40 yaşından yuxarı olan insanlarda təsadüf edilən digər şəkərli diabet tipində orqanizmdə insulin hazırlansa da, hüceyrələrdə baş verən dəyişikliklər səbəbindən, o qlükozanı hüceyrələrə çatdıra bilmir. Bu formalı diabetdə yalnız müəyyən dərman preparatlarının qəbul edilməsi qlükozanın hüceyrələrə daşınmasına kömək edir.

Birinci tip şəkərli diabetlə istənilən uşaq (hətta yenidoğulmuşlar da) xəstələnə bilər. Diabet nə qədər tez aşkar edilərsə və onun müalicəsi nə qədər tez başlanarsa, nəticə o qədər yaxşı olar. Ona görə də müalicəyə mümkün qədər tez başlamaq üçün valideynlər mütləq uşaqlarda şəkərli diabetin ilkin əlamətlərini bilməlidirlər.

Əgər ailədə insulinasılılıqlı diabeti olan xəstə olarsa, uşaqlara qarşı çox diqqətli olmaq lazımdır. Çünki belə ailələrdə bir çox hallarda uşaqlar da diabetlə xəstələnmiş olurlar. Ancaq heç birində diabet olmayan ailələrin uşaqlarında da bu xəstəliyə təsadüf edilə bilər.

Südəmər uşaqlarda şəkərli diabet çox nadir hallarda rast gəlinir. Uşağın səbəbsiz olaraq arıqlaması, dəri və selikli qişalarda quruluğun qeyd edilməsi onlarda diabet xəstəliyinin olmasına şübhə yarada bilər. Belə uşaqlar acğözlülüklə xeyli miqdarda su içir və tez-tez də sidiyə gedirlər. Sidik təsadüfən döşəməyə düşərsə, quruduqda onun yerində, şəkərdə olduğu kimi, yapışıqlı iz qalir. Belə uşağa təxirəsalınmadan həkim məsləhəti və yardımı tələb olunur.

Uşaq böyüdükcə xəstəliyin əlamətləri daha aydın şəkildə təzahür edir. Uşaq tez-tez su şüşəsinə əl ataraq xeyli miqdarda su içir, tez-tez sidiyə gedir, onun selikli qişaları quruyur, o arıqlayır. Xəstəlik vaxtında aşkar edilməzsə, uşaqda gəyirmə və qusma da ola bilər. Xəstəlik ağırlaşdıqca daha sonra uşaqda diabetik komanın əlaməti olan səsli tənəffüs başlaya bilər. Bu halda uşağı təcili halda xəstəxanaya yerləşdirmək tələb olunur.

Böyük yaşlı uşaqlarda diabetin əlamətləri üzə çıxmamışdan əvvəl, onlarda frunkulyoz, itdirsəyi, dəridə qaşınmalar, baş ağrıları, başgicəllənmə, yuxunun pozulması, uşağın tez yorulması və digər əlamətlər qeyd edilir. Bəzi hallarda şəkərli diabet aşkar edilməmişdən əvvəl uşaqda şirin qidaların daha çox qəbul edilməsi istəyi, iştahanın azalması və ya artması da qeyd edilə bilər. Uşaq gün ərzində xeyli miqdarda (5-6 litr) su qəbul edir, tez-tez sidiyə gedir, arıqlamağa başlayır. Ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar diabetik komanın başlanmasının əlamətləri hesab edilir. Bu halda uşağın həyatı yalnız onun təcili olaraq xəstəxanaya yerləşdirilərək intensiv şəkildə müalicə tədbirləri aparılması nəticəsində xilas edilə bilər.

Səkərli diabet ilkin olaraq müəyyən edildikdən sonra uşağın müalicəsi üçün tələb olunan insulinin dozası xəstəxana şəraitində həkim tərəfindən müəyyən edilir. Həkim endokrinoloq valideynlərə şəkərli diabet haqqında lazımı məlumatları verərək, diabetli uşağa yardım göstərilməsi və onun vəziyyətinə nəzarət edilməsi yollarını öyrədir. Ancaq bu yolla diabet nəticəsində baş verə biləcək fəsadlardan uşağı qorumaq olar. Diabetli uşaqlar mütəmadi olaraq həkim-endokrinoloq tərəfindən müayinə olunmalı, ildə 1-2 dəfə nefroloq (böyrək patologiyaları üzrə mütəxəssis), oftalmoloq və nevropatoloq tərəfindən də yoxlanılmalıdır.

Uşaqda diabetin olması heç də onun barəsində hökm çıxarmaq deyil. Həkim göstərişlərinə düzgün şəkildə əməl etməklə baş verə biləcək fəsadların qarşısını vaxtında aparılan profilaktik tədbirlərlə alaraq, uşaq üçün normal həyat şəraiti yaratmaq olar.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!