Uşaqlarda bronxial astma xəstəliyi

Uşaqlarda bronxial astma xəstəliyi
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 15
Tənəffüs yollarının ən ağır formalı allergik zədələnməsi bronxial astmadır.

Bronxial astma ilə insan birdən-birə xəstələnmir. Allergenlərin tənəffüs sisteminə uzunmüddətli təsiri astmaya gətirib çıxara bilər.

Məhz buna görə allergiyası olan uşaqları müalicə etmək, onlar üçün hipoallergik məişət şəraiti (bu barədə yuxarıda oxuya bilərsiniz) yaratmaq çox vacib hesab edilir. Allergiyanı vaxtında müalicə etdikdə və onun profilaktikasını apardıqda uşağı bronxial astma kimi ağır xroniki xəstəlikdən qorumaq olar.

Bronxial astmanın əsas əlaməti boğulma tutmalarıdır. Astmatik xəstələrdə boğulma tutmasının səbəbi allergiya, infeksion xəstəliklər, kimyəvi, fiziki və emosional faktorlar ola bilər. Bəzi xəstə uşaqlarda isə boğulma tutmaları yox, güclü öskürək, fışıltılı xırıldamalar baş verir. Amma hər bir halda astma xəstəliyin tutmaları çox qorxuludur və hətta lazımi kömək olmadığı halda uşağın ölümü ilə də nəticələnə bilər.

Astma tutması necə baş verir? Hər hansı bir qıcıqlandırıcının təsirindən bronxların selikli qişası tez bir zamanda şişkinləşərək qalınlaşır, traxeya və bronxların selikli qişa vəzilərinin ifraz etdiyi qatı və yapışqan bəlğəm bronxlarda yığılaraq onların mənfəzini tutur. Bu zaman bronxların divarında olan əzələlər sıxılaraq onun mənfəzini daha da daraldır. Uşağın nəfəs verməsi xeyli çətinləşir, tənəffüs küylü olur. Daralmış bronxlardan havanı qovmaq üçün uşaq diafraqmasını, döş qəfəsini, qarın və boyun əzələlərini gərginləşdirməli olur. Öz vəziyyətini yüngülləşdirmək üçün o, əllərinə dayaq verərək qabağa əyilsə də, bu ona normal nəfəs ala bilməsinə kömək etmir. Oksigen çatışmazlığı səbəbindən uşağın dərisi əvvəlcə avazıyır, daha sonra isə göyərir (xüsusən də dodaqlar və dırnaqlar nahiyəsində). Bu halda lazım olan yardım göstərilməsə uşaq hətta tələf ola bilər.

Tutmaların tezliyi və onların davametmə müddəti xəstəliyin ağırlığından asılıdır.

Yüngül formalı bronxial astmada tutmalar uzunmüddətli olmur və il ərzində 2-3 dəfə təkrarlana bilir. Bu halda tənəffüsün normallaşdırılması üçün dərmanlardan istifadə etməmək də olar. Bu zaman uşağı boğulmaya səbəb olan allergenin təsirindən uzaqlaşdırmaq (məsələn, uşagı tozlu otaqdan bayıra çıxarmaq) tələb olunur.

Nisbətən ağır hallarda boğulma tutmasını yalnız allergen deyil fiziki gərginlik (uşaq qaçdıqda, atılıb-düşdükdə, pillələrlə qalxdıqda və s.), emosiyalar (gülmək, hirslənmək və s.), virus infeksiyaları və s. səbəblər də törədə bilər. Astma tutmaları bir neçə saatdan hətta bir neçə günədək davam edə bilər. Bu vəziyyətdən çıxmaq üçün, əksər hallarda xəstəxana şəraitində olmaqla, bir sıra kompleks şəkilli müalicə tədbirləri həyata keçirilməlidir.

Bronxial astmanın müalicəsi uzun sürən və mürəkkəb prosesdir. Bronxial astması olan uşaq daim həkim nəzarəti altında olmalı və yalnız tutmaları zamanı deyil, tutmalararası dövrlərdə də müalicə olunmalıdır. Tibb elminin hazırkı səviyyəsi ilə bu xəstəliyi tam şəkildə müalicə etmək mümkün olmasa da, xəstənin vəziyyətinin xeyli dərəcədə yaxşılaşmasını əldə etmək olur. Uşaq böyüdükcə onun bronxlarının mənfəzi tədricən genişlənir, immun sisteminin formalaşması isə başa çatır. Bütün bunlar da bronxial astmalı uşaqların vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir. Halhazırda həkimlər valideynləri əmin etməyə çalışırlar ki, bronxial astma idarə oluna bilən xəstəlikdir.

Savadlı və daimi profilaktik tədbirlərin yerinə yetirilməsi uşaq üçün tam dəyərli həyat təmin edə bilər.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!