Uşaqlarınızı televizordan ayıra bilmirsiniz?!

Uşaqlarınızı televizordan ayıra bilmirsiniz?!
Bir Ana - Bir Bala
10.09.2017 25
Televiziya və kompüter asılılığını günümüzün xəstəliyi hesab edə bilərik. Elə bir dövrdə yaşayırıq ki, uşaqdan böyüyə qədər hər kəs televiziyaya baxmaqdan böyük zövq alır, televiziyanı həyatlarının əsas hissəsinə çevirirlər. Xüsusilə uşaqlar yaradıcı fəaliyyətə ayırdıqları zamandan daha çox televizora baxırlar. Televiziyada əsasən məzmunu uşaqlar üçün uyğun olmayan proqramları həddindən artıq izləmək uşaqların inkişafına mənfi təsir göstərir. Günün müxtəlif saatlarında televiziyada uşaqlar üçün uyğun olmayan verilişlərin verilməsi isə işləri daha da çətinləşdirir. Uşaqlar hətta bunu bir növ istirahət növü hesab edirlər. Xüsusilə abituriyentlər istirahətə ayırdıqları vaxtı televiziyaya baxmaqla keçirirlər. Əslində bu, çox yanlış düşüncədir. İnsan televizoru izlədiyi zaman beyin aktiv fəaliyyətdə olur ki, bu da insana dincəlməyə imkan vermir. Əksinə, televizora baxarkən dərsi öyrənməyə sərf etdiklərindən daha çox enerji sərf edirlər.
 
Televizorun həddindən artıq izlənməsi həm fiziki, həm psixoloji səbəbdən məsləhət görülmür.
Televizora baxaraq yemək yeyən insanın beyninə doyma aktı barədə siqnal gec çatır ki, bu da iki dəfə çox yeməklə nəticələnir. Buna görə də mətbəxə televizorun yerləşdirilməsi düzgün hesab olunmur. Pediatrlar "televiziya artriti" ya da "oynaq iltihabı" deyə adlandırılan xəstəliklər üzərində araşdırmalar apararkən bu narahatlıqların uşaqların televiziyanın qarşısında üzü üstə yerə yatıb, dirsəklərini yerə söykəyərək və başlarını iki əlləri arasına alıb saatlarla tərpənmədən televiziya izlədikləri üçün qaynaqlandığını, xüsusən, qeyd edirlər.
İstəyirəm, bu problemin daha çox psixoloji səbəblərinə toxunum. Televiziyaya çox baxan uşaqlar həyətdə, məktəbdə, dostları arasında özlərini cox aciz və qorxaq aparır, öz fikirlərini sərbəst ifadə edə bilmirlər. Boş zamanını otağında şəkil çəkərək ya da oyuncaqlarıyla oynayaraq keçirən bir uşaq televiziyaya uzun müddət baxan uşaqdan daha çox sərbəst olur. Televiziya əvəzinə uzaqdan idarə alətiylə (pult) video  izləyən uşağa, baxdıqlarına özü hökm etdiyi üçün daha faydalı olur. Çünki uşağın televiziyada xoşladığı bir verilişin anlamadığı və ya təkrar müşahidə etmək istədiyi bir sujetini yenidən baxmaq imkanı olmaz və baxa bilmədiyi üçün də əsəb keçirər və aqresivləşər. Video izlədiyi zaman isə bu cür hallar baş verməz.
 
Uşaqlar televizora neçə saat baxa bilərlər?
Uşaqların yaş dövrlərinə görə televiziya izləmə müddətini nəzərə almalıyıq. 2-3 yaş (körpəlik dövrü) arası uşaqlar gün ərzində 20 dəqiqə, 3-6 yaşlılar (məktəbəqədər dövr) 1 saat, 6-9 yaşlı (kiçik məktəbli ) uşaqlar 2-3 saat televiziya izləyə bilərlər. Bu vaxtlar gün ərzində 20-30 dəqiqəlik bölgülər halında qurulmalıdır. Uşaqlarınızın nəyi izlədiyini nəzarət etmək istəyirsinizsə, uşağınızla birlikdə televiziyaya baxın və sonra izlədiklərinizi onunla müzakirə edin.
Onu da unutmayın ki, uşaqlar böyükləri özləri üçün nümunə hesab edirlər. Böyüklər nə edirsə, uşaqlar da onları təqlid etməyə çalışır. Buna görə də axşam evə gəldiyiniz vaxt çalışın birinci televiziyanı açmayın, yataq otağında, mətbəxdə əsla televizor yerləşdirməyin. Uşağınızın nəyi izləməsinin lazım olduğuna siz qərar verməlisiniz. Uşaqlarınız üçün uyğun olmayan proqramlar olduqda, kanalı dərhal dəyişdirmək yerinə ona qısaca şərh verə bilərsiniz. Uşağın seyr etdiyi proqram qurtardığı vaxtdan 10 dəqiqə qabaq xəbərdarlıq edərək televizoru söndürün. Uşağınız yenə baxmaq istəyərək sizdən icazə almaq istəyəcək, amma razılaşmayın. Əvvəlcədən, nə qərar vermisinizsə, ona əməl etməyə çalışın. Çünki vədinizdən çəkinsəniz, uşağınızda sizin qoyduğunuz qaydalara qarşı güvənsizlik yaranacaq. Bu da uşağınızın gələcək tərbiyəsində maneə yarada bilər. Televiziya vərdişini aradan qaldırmaq çətin olsa da, qeyri-mümkün deyil. Səbr, səmimiyyət, ən əsas qərarlılıqla bunun öhdəsindən gələ bilərik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!