Uşaqlarda kriptorxizm

Uşaqlarda kriptorxizm
Bir Ana - Bir Bala
10.09.2017 10
Kriptorxizm - uşaqlarda xayaların xayalığa enməməsi ilə bağlı olan patologiyadır.



Bu patologiya yenidoğulmuş uşaqlarda doğulduqdan sonra aşkar edilir. Müayinə zamanı məlum olur ki, xayalıqda bir və ya hər iki xaya yoxdur ("boş xayalıq").



Oğlanlarda bətndaxili inkişafı zamanı xayalar xayalıqda deyil, qarın boşluğunda böyrəklərin yanında yerləşir. Uşaq inkişaf etdikcə xayalar tədricən aşağı düşür və hamiləliyin təxminən 37-ci-40-cı həftələrində xayalığa enir. Kriptorxizm zamanı xayalar xayalığa düşmür, qarın boşluğunda və ya qasıq nahiyəsində qalır.



Kriptorxizmin dəqiq səbəbləri məlum deyil. Lakin bəzi risk faktorları müəyyən edilir:



- doğulan uşağın çəkisinin az olması. Belə hesab olunur ki, 2500 qr və daha az çəkisi ilə doğulan uşaqlarda kriptorxizm riski daha çoxdur;

- uşağın vaxtından tez doğulması (37-ci həftəyə kimi);

- irsiyyət (atada və qardaşlarda kriptorxizmin olması);

- uşaqda Daun sindromu və digər xromosom xəstəlikləri zamanı bu pozulmaya daha tez-tez rast gəlinir;

- ananın hamiləlik zamanı mənfi vərdişlərin (siqaretlərin çəkilməsi, spirtli içkilərin qəbulu) olması,

- hamiləlik zamanı qadının orqanizminə ziyanlı kimyəvi maddələrin təsiri.



Kriptorxizm bütün hallarda müalicə tələb etmir. Bir çox uşaqlarda enməmiş xayalar 6-9 ayına kimi müalicəsiz olaraq xayalığa düşür.



Əgər 1 yaşına kimi xayalar xayalığa enməzsə, uşaq mütləq müalicə olunmalıdır. Bir çox hallarda cərrahi müalicə tətbiq edilir. Enməmiş xaya öz yerinə xayalığa qaytarılır. Vaxtında müalicə olunmadığı halda (təxminən 18 ayına kimi) kriptorxizm çox ağır fəsadlar verir:

- Sonsuzluq. Enməmiş xayalarda uşağın 1 yaşından sonra sperma yaradan hüceyrələr məhv olmağa başlayır ki, sonra belə kişilərin spermasında spermatozoidlər heç olmur və ya hədsiz dərəcədə az olur. Bu, xususilə ikitərəfli kriptorxizm zamanı baş verir.



- Kriptorxizm xaya xərçənginin riskini ciddi şəkildə artırır.

- Enməmiş xayanın burulması riski olduqca çox olur.



Beləliklə, əgər uşaqda kriptorxizm 1 yaşına kimi saxlanılırsa, vaxt itirmədən müalicə üçün uroloqa müraciət etmək lazımdır.



Bəzən uşaqlarda yalançı kriptorxizm müşahidə olunur. Bu zaman xayalar vaxtaşırı olaraq xayalığı tərk edir və yuxarı qalxır. Bu xüsusilə uşağa soyuq olanda və ya uşaq qorxanda baş verir. Həqiqi kriptorxizmin yalançı kriptorxizmdən olan fəfqi ondan ibarətdir ki, yalançı kriptorxizm zamanı xayalar (və ya xayalardan biri) öz yerinə qayıdır və müəyyən müddət orada olur, həqiqi kriptorxizm zamanı isə bu heç vaxt baş vermir (yalnız müalicədən sonra xayalar xayalığa enə bilər).



Yalançı kriptorxizm təhlükəli sayılmır və heç bir müalicə tələb etmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!