Uşağa mobil telefon nə vaxt almaq olar?

Uşağa mobil telefon nə vaxt almaq olar?
Bir Ana - Bir Bala
10.09.2017 11
Hər bir uşaq mobil telefonlara maraq göstərir. Balacaların bu
marağına baxmayaraq, mobil telefonlar zərərli olduğu üçün valideynlər
narahat olur və uşaqlarını mobil telefondan mümkün qədər uzaq tutmağa
çalışırlar.

Bununla belə məktəbəqədər uşaqlara mobil telefon alanlar da olur. Ancaq
uşağa telefon alarkən nəyə fikir verilməli olduğuna o qədər də əhəmiyyət
verilmir.



Mobil telefon satışı üzrə baş məsləhətçi Vidadi Rəhimovun sözlərinə
görə, məktəbəqədər uşağa telefon alarkən ilk növbədə telefonun
keyfiyyətinə və möhkəmliyinə fikir vermək lazımdır: "Telefonun korpusu
möhkəm olmalıdır. Telefon alarkən mütləq bunu soruşun. Zərif telefonlar
uşağın əlində tez sına bilər. Uşaqlar telefonu yerə atır və oyuncaq kimi
oynadırlar. Bu səbəbdən uşağa bahalı telefon almaq da məsləhət deyil.
Məktəbəqədər uşaqlar rənglərə, şəkillərə, dinamik hərəkətlərə baxmağı
sevirlər. Bu səbəbdən də onlara iri ekranlı telefonlar daha maraqlı
gəlir. Uşaq telefondan istifadə edə bilsin deyə telefon sadə funksiyalı
olmalıdır".



Bu gün bəzi istehsalçı şirkətlər mobil telefonların uşaqlar üçün olan
modellərini də satışa çıxarıb. Bizdə belə modellərə nadir hallarda rast
gəlmək olar. Balacalar üçün nəzərdə tutulan mobil telefonların 5-6
düyməsi olur və uşaqlar yalnız öz qohum-tanışlarına zəng vura bilərlər.
Bahalı telefonlarda uşağın ətrafında baş verənləri daim dinləyə bilmək
üçün funksiya da olur. Belə mobil telefonlarla uşağın harada olduğunu da
müəyyənləşdirmək mümkündür.



Rəhimov bildirib ki, uşağa mobil telefon alarkən ona bundan necə
istifadə edəcəyini öyrətmək lazımdır: "Uşaq anlamalıdır ki, mobil
telefon oyuncaq deyil, bir-biri ilə əlaqə saxlamaq vasitəsidir. Sinifdə
mobil telefonların istifadəsi ilə bağlı qadağa varsa, telefonu səssizə
qoyub çantada saxlamağı və məktəbdən çıxandan sonra çıxarıb istifadə edə
biləcəyini də valideyn başa salmalıdır. Mobil telefonun zərərli olması,
onu bədənin hansısa bir nahiyyəsinə uzun müddət yaxın tutmağın pis
nəticələnə biləcəyini də demək lazımdır".



10-14 yaşlarında artıq uşaqların telefonların modellərindən başı çıxır.
Mobil telefonların daha dəbli və bahalı modellərini istəyirlər. Bu yaş
arasında olan uşaqlara böyükekranlı mobil telefonlar almaq məsləhətdir.
Onlar bu yaşda bir-birinə çoxlu "mesaj" göndərir və oyunlar oynayırlar.
Kiçik ekran isə görmə qabiliyyətlərinə pis təsir edə bilər. Bu yaşda da
mobil telefondan səliqəsiz istifadə olunur deyə daha möhkəm modellər
tövsiyə olunur. Telefonda "Bleutooth" və USB port olmalıdır.



14-16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulan mobil telefonlarda böyük
sensor ekran, "Bleutooth" və USB portu, musiqi dinləmək üçün
qulaqcıqlar, internetə qoşulmaq imkanı, irihəcmli yaddaş kartı, müxtəlif
materialları, oyunları yükləmək imkanı olmalıdır.



Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, valideyn ilk növbədə öz
mənəvi rahatlığı üçün uşağa mobil telefon verir: "Uşaq böyüdükcə anadan
uzaqlaşır. Artıq öz sosial həyatını yaşamağa başlayır, bağçaya, sonra
isə məktəbə gedir, həyətə yaşıdları ilə oynamağa çıxır. Mobil telefon
isə valideynə istənilən vaxt uşaqdan hal-əhval tutmağa imkan verir.
Valideyn uşağı məktəbə tək göndərəndə də rahat olur. Məktəbə
çatıb-çatmadığını dəqiqləşdirir".



Uşaqlar valdeynlərinin mobil telefonlarına çox maraq göstərsələr də, öz
telefonları olandan bir müddət sonra telefona maraqları azalır. Telefonu
enerji təchizatına qoymağı unudur, hara gəldi atır. Enerjisi kifayət
qədər olmadığı üçün telefon sönülü olur və valideynlər uşaqla əlaqə
saxlaya bilmirlər. Bunlar baş verməsin deyə uşağa onun ürəyincə olan
telefonu almaq lazımdır. Çox vaxt uşaq telefonu qırar deyə valideyn
özünə yeni telefon alır, köhnə telefonunu isə uşağa verir. Nəticədə
uşağın telefona marağı azalır. Uşağa bəyənmədiyi telefonu alanda da o,
telefona həvəssiz yanaşa bilər.



Rzayeva bildirib ki, uşaq telefonu tez-tez söndürürsə, onda ona yüngül
cəzalar tətbiq edin: "Misal üçün, əgər yenə telefonu söndürsə, həyətə
çıxmaq və ya kompüter arxasında oturmaq olmaz, tez yatacaq, hansısa
cizgi filminə baxmamaq və s. Uşaq öz hərəkətlərinə görə məsuliyyət
daşımalıdır".



Onun dediyinə görə, uşaq bahalı telefon istəyir və onu almağa pulunuz
çatmırsa, bunu uşağa başa salıb, daha münasib modellər arasında seçim
etməyi təklif edin: "Uşağı özünün seçim imkanının olması çox
sevindirəcək. Mobil telefon alma prosesi özü də uşağa maraqlı gəlir. O
bu prosesdə iştirak etmək istəyir. Həm də uşaq telefonu özü seçərkən
telefona görə məsuliyyət daşıdığını hiss edir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!