Uşaq nə vaxt danışmağa başlamalıdır

Uşaq nə vaxt danışmağa başlamalıdır
Bir Ana - Bir Bala
10.09.2017 22
1 yaşında olan uşaq təxminən 10 sadə söz deməyə bacarmalıdır
(məsələn, ana, ata, nənə, baba, bəbə, ver, tut və s.) və təxminən 20
əşyanın və hərəkətin adını bilməlidir (top, kukla, "soska", gəzmək,
çimmək və s.).

Uşaq öz adını bilməli, ona müraciət olunan nitqi başa düşməli və ona
reaksiya verməlidir. Məsələn, böyüklər "kukla (top, maşın və s.) hanı?"
dedikdə, uşaq bu əşyalara tərəf baxmalıdır, böyüklər "əlini ver"
dedikdə, uşaq ona əlini uzatmalıdır və s. (digər hərəkətlər də ola
bilər).



2 yaşında olan uşaq artıq qısa cümlələri qurmalıdır, danışıqda
əvəzliklərdən (mən, o, sən), sifətlərdən (uzun, böyük, balaca, gözəl və
s.) istifadə etməlidir. Bu yaşda olan uşaq fəal şəkildə ən azı 50 söz
istifadə etməlidir (mütəxəssislər bu yaşda olan uşaqda 100 sözə qədər
eşitmək istəyirlər).



2,5 yaşına qədər uşaq "uşaq dilində" danışa bilər - məsələn, "çim-çim"
(çimmək), "am-am" (it), "bə-bə" (uşaq) və s. Daha sonra uşağın nitqi
tədricən böyüklərin nitqinə bənzəməyə başlamalıdır. Əgər 3 yaşlı uşaq
"uşaq dilində" danışmağa davam edirsə, mütləq həkimə müraciət edin.

3 yaşında olan uşaq artıq cümlələri düzgün qurmalı, 200-300 söz
istifadə etməli, suallar verməyə, şeirlər və qisa nağıllar ("Qoğal",
"Turp nağılı" və s.) danışmağa bacarmalıdır, cümlələrdə fəal şəkildə
əvəzliklərdən, sifətlərdən və zərflərdən (çox, az, tez və s.) istifadə
etməlidir.



Əgər 3 yaşlı uşağın nitqinin inkişafını qiymətləndirmək istəyirsinizsə,
onu uşağa tanış olmayan insanın yanında danışdırın. Əgər yad insan
uşağın nitqinin 75%-ni (əksər hissəsini) başa düşürsə, uşaq sərbəst
şəkildə dialoqda iştirak edirsə, bu o deməkdir ki, uşağın nitqi normal
inkişaf edir.

Təbii ki, sadaladığımız bütün bu normalar nisbidir. Əgər sizin uşağınız
1 yaşında 10 deyil, 7 söz deyirsə, narahat olmağa dəyməz. Lakin əgər
ləngim daha ciddidirsə (aşağıda bu haqda məlumat var), mütləq vaxt
itirmədən mütəxəssislərə müraciət edin.



Nitqin inkişafında uşağın cinsi də böyük rol oynayır. Belə ki, qızlar
oğlanlarla müqayisədə daha tez və fəal danışmağa başlayır. Bu oğlanların
bəzi fizioloji xüsusiyyətləri ilə izah olunur.



Lakin oğlan uşaqlarının valideynlərini bu heç də lazım olandan artıq
arxayın etməməlidir. Məsələ burasındadır ki, nitq inkişafının
problemləri ilə oğlanlar qızlarla müqayisədə daha tez-tez üzləşir.
Məsələn, kəkəlləyən uşaqların arasında oğlanlar qızlardan 2 dəfə çoxdur.
Dizartriyası (uşağın nitqi ətrafdakılar tərəfindən başa düşülmür) olan
uşaqların arasında oğlanların sayı qızlarla müqayisədə 3 dəfə çoxdur.



Bu səbəbdən əgər uşağınızın nitqi ləngiyirsə, mütlər defektoloqa və
nevropatoloqa müraciət edin. Bir çox valideynlər fikirləşir ki, nitq
problemləri ilə loqoped məşğul olur. Lakin bu yalnız qismən belədir.
Loqoped danışan uşağın nitqində olan bəzi problemlərin həlli ilə
(kəkəlləmə, "r", "l", "ş", "j" səslərin düzgün tələffüzü və s.) məşğul
olur və adətən loqopedlər uşaqlarla 4-5 yaşından başlayaraq məşğul
olmağa başlayır.



Defektoloqlar məhz nitq inkişafının pozulmaları olan uşaqlarla 2
yaşından başlayaraq məşğul olur və məhz defektoloqlar xüsusi
metodikaların köməyi ilə uşağın yaddaşını, diqqətini, təfəkkürünü,
nitqini inkişaf edirlər.



Nə zaman uşaqda nitqin inkişafının ləngiməsindən şübhələnmək olar?



- 4 aylıq uşaq gülümsəmir, ona mürciət etdikdə heç bir reaksiya vermir.



- 8-9 aylıq uşaq hecaları təkrarlamağa çalışmır (ba-ba-ba, ma-ma-ma və s.), az səslər çıxardır.



- 1,5 yaşlı uşaq "ana", "ver", "nənə" və s. kimi sadə sözləri demir, adi
cümlələri ("kukla hanı?", "ana hanı?" və s.) başa düşmür, öz adına
reaksiya vermir.



- 2 yaşında olan uşaq yalnız bir neçə söz istifadə edir və yeni sözləri öyrənməyə cəhd etmir.



- 2,5 yaşında olan uşaq adi cümlələri (məsələn, "ana, su ver" , "mən
yemək istəyirəm" və s.) qurmağa bacarmır, ətrafda olan əşyaların və
bədən özvlərin adlarını bilmir, onları göstərmir, adi xahişi yerinə
yetirə bilmir ("kukla gətir", "top gətir", "əlini ver" və s.), 20 sözdən
az istifadə edir.



- 3 yaşlı uşağın nitqini hətta valideynləri çətinliklə başa düşür, uşaq
həddən artıq tez və ya əksinə çox asta-asta danışır, sözləri çox uzadır.



- 3 yaşlı uşaq əsasən cizgi filmlərin qərhrəmanlarının cümlələri ilə danışır, özü sərbəst çəkildə cümlələri qurmur.



Beləliklə, əgər siz uşağınızda nitq inkişafının ləngiməsi simptomlarını
görürsünüzsə, mütləq defektoloqa və nevropatoloqa müraciət edin. İlk
növbədə belə uşaqların eşitmə qabiliyyəti yoxlanılmalıdır. Eşidməyən və
ya pis eşidən uşağın nitqində də ciddi problemlər olacaq.



Daha sonra lazım olduqda həkim uşağı digər müayinələrə
(neyrosonoqrafiya, MRT və s.) göndərə bilər. Pozulmanın səbəbi təyin
olunduqda, uşağa xüsusi müalicə təyin olunur. Müalicə ilə yanaşı uşaqla
defektoloq məşğul olur.



Bəzi hallarda valideynlər həkimlərə çox gec müraciət edir və bunu
irsiyyətlə izah edir (məsələn, "uşağın yaxın qohumları arasında gec
danışanlar çoxdur, ona görə də biz tələsmirdik, gözləyirdik, nə vaxt özü
danışacaq"). Lakin bu səhv fikirdir. Əksinə əgər yaxın qohumlarınız
arasında bu pozulma varsa, bu o deməkdir ki, sizin uşağınızda da buna
genetik meyillilik var. Nəsldən nəslə bu pozulma daha ağır formaları ala
bilər. Beləliklə, irsiyyatda nitq inkişafının pozulmaları olan uşağın
valideynləri daha diqqətli olmalı və bu pozulmaların ilk simptomlarında
(gözləmədən!) həkimlərə müraciət etməlidir. Bu pozulmaların müalicəsi nə
qədər tez başlayarsa, nəticə də bir o qədər yaxşı olacaq.



Əgər 6 yaşında olan uşağın nitqi, demək olar, inkişaf etməyibsə, onu danışmağa öyrətmək ehtimalı 0,2% təşkil edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!