Uşaq serebral iflici

Uşaq serebral iflici
Bir Ana - Bir Bala
10.09.2017 13
Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə məşhur alman psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir.



Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.



Beyinin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər.



Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur.



Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.



Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmazlığının nəticəsi olur.



Lakin məlumdur ki, yenidoğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən beyinin zədələnməsinə səbəb olmur.

Beləliklə, uşaq serebral iflicin inkişaf etmə səbəbi tibbdə hələ ki dəqiq məlum deyil.

Son zamanlar alman nevroloqların geniş elmi tədqiqatlar zamanı məlum olub ki, serebral iflicin inkişafına irsiyyət də müəyyən təsir edir. Belə ki, araşdırmalar zamanı aşkar olunub ki, ailədə serebaral iflic halların olması bu ailənin digər nəsillərində bu pozulmanın inkişaf etmə riskini artırır.



Hal-hazırda serebral iflicin risk faktorları aşağıdakılar hesab olunur:



1. Hamiləlik dövründə:

- Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s)

- Rezus-konflikt

- Anada olan bəzi xəstəliklər və pozulmalar (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar, anemiya, stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )

- Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)

- Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)

2. Doğuş zamanı:

- Dölün asfiksiyası (boğulması)

- Doğuş travmaları

- Vaxtından əvvəl doğuşlar

- Gecikmiş doguşlar

3. Doguşdan sonra

- İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarətinin beyinə təsiri

- Beyin infeksiyaları

- Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı

- Beyin travmaları

- Beyinə qansızma

- Məişət zəhərlənmələri

- Beyində şişlərin olması.



Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil

İnkişaf etmiş ölkələrdə 1000 yenidoğulmuş uşaqdan 2-5-də serebral iflic aşkarlanır. Hal hazırda bu pozulmanın artması tendensiyası müşahidə olunur.



Uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yenidoğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Davamlı reabilitasiya tədbirləri nəticəsində serebral iflici olan uşaqlar gözəl nəticələr göstərə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!