O dəhşətli xəbəri gətirən uşağa...

O dəhşətli xəbəri gətirən uşağa...
Bir Ana - Bir Bala
10.09.2017 36
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, həkim-psixiatr Orxan Fərəclinin məqaləsini təqdim edir. Məqalədə cinsi istismara məruz qalan uşaqların psixoloji durumu təsvir olunub, eləcə də övladlarını cinsi təcavüzdən qorumaq üçün bəzi valideynlərə tövsiyələr verilib.



Təxminən 2 il əvvəl bölgələrin birində yaşayan 28 yaşlı xanımın müraciətini heç unutmuram. Xanım 10 ildən çoxdur davam edən isterik tutmalardan şikayətlənirdi. Bilməyənlər üçün xatırladım ki, isterik (konversion) tutmalar zamanı qıcolmalar, bayılmalar, özündən getmə halları, bəzən isə epilepsiyalı xəstəni xatırladacaq "dil qatlanması” yaşanır. Epilepsiyadan fərqli olaraq, isterik tutma zamanı şəxsin huşu aydın olur, ətrafda olan-bitən hər şeyi eşitsə də, cavablandıra bilmir və epilepsiya xəstəliyində olduğu kimi, beyində heç bir patoloji ocaq aşkar olunmur. Terapevtik görüşlərin birində xanım pasiyent həyatını dəyişdirəcək psixi travmaları anlatmağa başladı.



İlk dəfə 10 yaşında o vaxt hələ uşaq ağlı ilə anlaya bilmədiyi halla qarşılaşır. Bibisi oğlu dərslərini hazırlamağa kömək edərkən telefonunda ona erotik videolar göstərir, otaqda tək olmalarından istifadə edərək qızcığazın əlindən rahat şəkildə tutaraq cinsi orqanına toxundurur və bunu heç kimə deməməsi barədə xəbərdarlıq edir. Bundan qorxan qız bu məsələdə özünü günahkar hiss edərək, ən doğmalarına belə heç bir şey demir. Yeniyetməlik yaşında isə müəllimlər otağına jurnal gətirmək məqsədilə girdiyində gənc müəllimi tərəfindən zorlanmaya cəhd edilən qız bu dəfə də birtəhər canını xilas edə bilir.



Həmin dövrdən sonra kişilərə qarşı patoloji nifrəti yaranan bu xanım dərin depressiya ilə bərabər, yuxarıda qeyd etdiyimiz kimi, ağır isterik tutmalara da düçar olur.



Düzdür, aparılan uzun müddətli dərman və psixoterapiya nəticəsində həmin xanım yenidən həyata qayıdır, özgüvəni formalaşır. Amma əmin olun ki, Azərbaycanda bu cür qadınların sayı olduqca çoxdur.



Daha çox erkən yaşlarda yaşanan bu cür travmalar uşaqlığın verdiyi saflıq və qorxu səbəbilə heç kimə deyilmir. Bəzən də adi qarşılanan bu cür hallar böyüdükcə çox ciddi utanc və qorxu mənbəyinə çevrilir.



Azərbaycan Cinayət Məcəlləsində "zorlama” ifadəsi ilə bərabər "seksual xarakterli hərəkətlər” ifadəsi də vardır. Hüquqda bu əməllərin törədilməsinə görə nəzərdə tutulan cəzalar fərqli olsa da, insan psixikasına vurduğu zərər eynidir.



Cinsi istismara məruz qalmış uşaqların ilkin müayinəsində əksər hallarda bir problem aşkarlanmasa da, sonrakı 1 il ərzində və yaxın gələcəkdə problemlər baş qaldırmağa başlayır. Cinsi istismara məruz qalan insanlar əksər hallarda depressivdirlər, yeni tanış olduqları insanlara qarşı hədsiz güvənsiz olub, aqressiv rəftar edirlər. Oğlan uşaqlarında daha çox narkotik maddə istifadəsi və aqressiv davranış, qızlarda özgüvənsizlik və özünəqəsd (biləkləri kəsmək və sair) halları müşahidə olunur.



Yetkin yaşlarında isə qeyri-ənənəvi cinsi əlaqələrə meyl, həyəcan, qorxu hissi, serial tipli qeyri-müəyyən yuxular görmək, tez-tez dəyişən əhval-ruhiyyə, psixoloji ağrılar, insanlara güvənməmək kimi sosial həyata təsir edən çox ciddi problemlər yaranır.



Övladlarımızı cinsi təcavüzlərdən qorumaq üçün onları bu barədə mütləq məlumatlandırmaq lazımdır:



- Cinsiyyət orqanlarının onların həssas yerləri olduğunu bildirin;



- Tualetdə olarkən və ya paltarlarını soyunarkən kimsə baxırsa, buna icazə verməməsini tapşırın;



- Hər hansı bir şəxs cinsi orqanlarına toxunursa, oyun oynamaq təklif edirsə, bunu mütləq valideynlərinə xəbər etməsini tapşırın;



Əgər uşağınız sizə bu barədə məlumat veribsə, soyuqqanlılığınızı qoruyaraq, onun sözlərini ciddiyə alın. Və bununla bağlı mütləq polisə müraciət edin.



Cinsi təcavüzə məruz qalmış uşaqların həm özləri, həm də valideynləri ciddi reabilitasiya tədbirləri keçməli, uşağın itirilmiş özgüvəni bərpa edilməli, yaranan qorxu, həyəcan hissi peşəkar müdaxilə ilə aradan qaldırılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!