Ata qızının ilk sevgisi, oğlunun isə ilk qəhrəmanıdır

Ata qızının ilk sevgisi, oğlunun isə ilk qəhrəmanıdır
Bir Ana - Bir Bala
10.09.2017 9
"Ata qızının ilk sevgisi, oğlunun isə ilk qəhrəmanıdır”,- deyirlər.

 

Bəlkə də buna görə valideynlər övladları üçün ən böyük örnək hesab olunurlar. Valideynin hər bir davranışı uşaqların yaddaşında qalır və bu onlarda şəxsiyyətin formalaşmasında öz təsirini göstərir. Təbii ki, hər bir valideyn uşağının tərbiyəli, ağıllı, ədəbli olmasını istəyir. Lakin çox zaman ata-ana övladına qarşı həddindən artıq tələbkar olur. Xüsusən, atalar oğlan uşağının yaşından asılı olmayaraq, hər şeyi bilən, dərk edən, düzgün qərarlar verən biri olmasını tələb edirlər. Bəlkə siz də ətrafınıza nəzər salsanız, bu cür insanlara rast gələrsiniz. Məsələn, ailədə bir oğlan, bir qız övladı varsa və onların hər ikisi də dəcəllik edirsə, atalar daha çox oğlunu tənbeh edirlər. Bəs, görəsən, bunun səbəbi nədir? Atalar niyə məhz oğul övladlarına qarşı tələbkardırlar? Bu cür tərbiyə forması düzgündürmü?

 

"Övladlar arasında fərq qoymaq onlarda bir-birinə qarşı qısqanclıq yaradır”

 

Mövzu ilə bağlı "Zaman-Azərbaycan” qəzetinin suallarını psixoloq Anara Baxşəliyeva cavablandırdı. O, bir çox ailələrdə oğlan-qız tərbiyəsində uşaqlar arasında fərq qoyulduğunu bildirdi. Psixoloq hesab edir ki, uşaqlarda 6 yaşına qədər tərbiyədə fərq qoyulmamalıdır: "Uşaqların hər ikisinə yanaşma eyni olmalıdır. Çox vaxt atalar oğlan övladlarına qarşı sevgilərini göstərməkdən çəkinirlər. Burada yanaşma iki cür olur. Bəziləri hesab edirlər ki, oğlana qarşı sevgi göstərməyə ehtiyac yoxdur, "özü hər şeyi bacarmalıdır, öyrənməlidir”. Digər qisim valideynlərdə isə, əksinə, oğul övladı ilə daha çox vaxt keçirir, oyun oynayır və qayğısına daha çox qalırlar. Uşaqlar arasında fərq qoyulduqda bu tərbiyədə də özünü göstərir. Qız və ya oğlan olmağından asılı olmayaraq, birinə daha çox diqqət göstərildikdə onlar arasında qısqanclıq başlayır və vaxt keçdikcə bu daha da şiddətli forma alır”.

 

Özünə diqqət, qayğı görməyən uşaqda valideynə qarşı aqressiya formalaşdığını deyən Anara Baxşəliyeva atanın övladına düzgün model olmasının vacibliyini vurğuladı: "Ata övladına qarşı sərtdirsə, onunla oyunlarda iştirak etmirsə, alış-verişə getmirsə, müxtəlif oyunlar təşkil edib, ona qalibiyyət və məğlubiyyət hisslərinin formalaşmasında yardım etmirsə, oğluna yaxşı model olmur deməkdir. Qeyd edim ki, hər bir uşağın qadın və kişi modeli olur. Qadın-ana, kişi modeli isə atası olur. Əgər bu model ailədə tamamlanmırsa, uşaq bunu başqa yerdə axtarmağa başlayır. Tapmadıqda onun nə məktəb, nə universitet, nə şəxsi, nə də ailə həyatı uğurlu alınmır. Ailədaxili münasibətlərdə qırıqlıq yaranır. Ailədə istədiyini tapmayan uşaq bunu kənarda axtarmağa başlayır. Onların kənarda axtardıqları model çox vaxt mənfi nəticələr verir. Belə ki, onun örnək olaraq qəbul etdiyi insanlar övladınızı səhv yollara çəkə bilər. Buna görə də ata uşaqları ilə daha yaxın münasibət qurmalı, övladına güvən hissi aşılamalıdır. Uşaqda valideynlərinə qarşı güvən formalaşdıqdan sonra onun hər hansı bir səhv addım atması, ata-anasını incidəcək hallar, demək olar ki, yaşanmır”.

 

"Ana ata ilə uşaqlar arasında körpü rolunu oynayır”

 

Ana ailənin onurğa sütunu hesab olunur. Hər kəsi birləşdirən, bir arada saxlayan əsas gücdür ana. Ana, ata ilə uşaqlar arasında bir növ körpü rolunu oynayır. Lakin bəzən analar bu "rolunda” müəyyən səhvlərə yol verirlər. Psixoloq bəzi hallarda anaların uşağı qorxutmaq üçün atanın mövqeyindən istifadə etdiklərini dedi: "Çox hallarda ata uşağa "pis polis” kimi təqdim edilir. Bunun səbəbkarı isə analar olurlar. Evdə hər hansı səhv addım atan uşağa anası tərəfindən "indi görərsən, atan gələndə deyəcəyəm” xəbərdarlığı gəlir. Bu da uşaqda ataya qarşı qorxu hissi yaradır. Valideynlərə hər zaman məsləhət görülür ki, uşağı qorxutmaq əvəzinə, ona qarşı anlayışlı davransınlar. Valideyndən qorxan uşaq böyüdükcə ona özünü sübut etmək istəyir və atasının sevmədiyi şeyləri etməyə başlayır. Nəzərə almaq lazımdır ki, qorxu hissi müəyyən müddətdə təsirli ola bilər. Daha sonra nəticəsi mənfi hallara gətirib çıxarır”.

 

Bildiyiniz kimi, ana ailədə mühüm funksiyanı yerinə yetirir. Onun ata ilə uşaqlar arasında münasibətin qurulmasında əhəmiyyətli yeri var. Adi bir dialoqu misal göstərək:

 

- Ana, mən qırmızı oyuncaq avtomobil istəyirəm?

 

- Doğrudan? Elə mən də sənə qırmızı avtomobil almaq istəyirdim. Amma ata gələndə onunla da məsləhətləşək, görək o nə deyir.

 

Psixoloq A. Baxşəliyeva hər iki valideynin uşağa qarşı düzgün davranış forması seçməsinin vacibliyindən bəhs etdi. O, uşağın həyatının hər dövründə valideynlərin birgə iştirakının önəmli olduğunu dedi: "Ana uşağın istəyini ataya demədən də yerinə yetirə bilər. Lakin bu, doğru addım olmaz. Ana atanın da gəlməsini gözləməli və bunu birlikdə müzakirə etməlidirlər. Hətta ata uşaqdan həmin oyuncağı niyə istədiyini, onunla hansı oyunlar oynayacağı haqda maraqlanmalıdır. Bu həm ailədaxili münasibətləri möhkəmləndirir, həm də uşaqda etdiyi və edəcəyi hər hansı məsələdə məsləhətləşmək xüsusiyyəti formalaşdırır. Uşaq böyüdükcə ana onun istəklərini atasına özünün deməsi üçün şərait yaratmalıdır. Valideynlərin hər ikisi uşağın bütün yaş dövrlərində fəal iştirak etməklə, onun gələcəyi üçün sağlam zəmin yaradır”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!