Qız övladı ilə oğlan arasında fərq qoymaq cahillikdir

Qız övladı ilə oğlan arasında fərq qoymaq cahillikdir
Bir Ana - Bir Bala
10.09.2017 42
Övlad ayrı-seçkiliyi qəribə görsənsə də, günümüzdə də mövcuddur. Cəmiyyətimizdə belə bir fikir var: "Oğlan nəslin davamçısıdır" ailə üçün əsasdır, varisdir. Buna görə də ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. Çox vaxt kiminsə oğlu olanda onu təbrik edirlər, gözaydınlığı verirlər. Ancaq qız övladı olanda bu təbriklərin sayı xeyli azalır. Butun bunların nəticəsidir ki, statistikaya nəzər salsaq görərik ki, son illərdə oğlanların sayı qızlara nisbətən xeyli artıb. Çünki hamı oğlunun olmasın istəyir. İndiyə qədər hər zaman Azərbaycanda sayca qadınların kişilərdən çox olduğu bildirilirdi. Ancaq son 20 ilin göstəriciləri nəticəni tam əksinə dəyişir. Elə valideynlər də var ki, qız övladının olmasını daha çox istəyirlər. Buna səbəb kimi, yaşlananda onlara daha çox qayğı göstərənin qız övladı olmasını əsas gətirirlər. Bəs, görəsən, bu fikir nə dərəcə də doğrudur? Övladlar arasında ayrı-seçkilik salmaq fikri haradan qaynaqlanır? Yaşlananda valideynlərə daha çox qız övladı qayğı göstərir, yoxsa oğlan? Mövzu ilə bağlı mövqeyini açıqlayan psixoloq Hüseyn Xəlilov bildirdi ki, hər bir ailənin psixologiyası fərqlidir: "Elə ailələr var, onlar üçün qız uşağı önəmlidir, elələri var oğlan uşağı. Ancaq bu doğru psixologiya deyil. Uşaqlar arasında ayrı-seçkiliyə əsasən irsi xüsusiyyətlərə qiymət verən ailələrdə rast gəlinir. Belə ailələrin qərarlarına əsasən nənə, baba, dayı, əmi, bibi müdaxilə edir. Məsələn, nənə, baba deyirlər ki, oğlumun soyadı yerdə qalmasın deyə oğlan uşağının olması vacibdir. Belə ailələrdə dünyaya gələn oğlan uşağı ilə qız uşağı arasında fərq qoyulur. Qız həmişə ikinci planda olur. Bu, ailələrin psixoloji, sosial cəhətdən maarifləndirilməməsindən irəli gəlir. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə kimi gətirib çıxara bilər. Mən özüm belə hadisələrin dəfələrlə şahidi olmuşam. Bu yaxınlarda mənə iki bacı müraciət etmişdi. Şikayətləri də əsasən bunlar idi: "Biz iki bacıyıq. Bir də qardaşımız var. Olmaz olsun elə qardaş. Kaş heç olmayaydı. Qardaşımız dünyaya gələndən sonra atamız bizi sevmir. Ona hər şeyin ən yaxşısını edir. Bizə yox". Bu kimi şikayətlər gələcəkdə ailədə ciddi problemlərin yaranmasına səbəb olur".



"Bir insanın qızı varsa, oğlu yoxdursa, ona sonsuz demək doğru deyil"



"Oğlan uşağını niyə daha çox istəyirlər, bilirsiniz?" deyərək sözlərinə davam edən psixoloq əlavə etdi ki, oğlan uşağı bir daşıyıcıdır, nəslin davamçısıdır. Ailənin namusu, məsuliyyəti istər-istəməz oğlan uşağının üzərinə düşür. Hər bir övladın yaxşı yönləri var. Qız uşağı gələcəyin anasıdır. Min bir əziyyətlə dünyaya övlad gətirir. Bəzən ardıcıl üç-dörd qız uşağı olan ata nəslinin kəsiləcəyini, adının yerdə qalacağını düşünür. Belə düşünmək olmaz. Peyğəmbər (s. ə. s) Əfəndimizin də nəslini davam etdirən oğlu olmayıb. Ancaq onun nəsli kəsilibmi? Xeyr. Bir insanın qızı varsa, oğlu yoxdursa, ona sonsuz demək doğru deyil. Bu, cahillikdir. Övladlarımızın hamısı bizim üçün əziz olmalıdır. Mənim də 3 qızım var, oğlum yoxdur. Ancaq mən özümü heç də sonsuz hesab etmirəm. Elə oğul var evin dirəyi olur, ata-ananın üzünü ağ edir. Elə oğul da var ki, olmasa, daha yaxşıdır. Ailələr tanıyıram oğul böyüdüb, amma övlad ata-anasını atıb gedib xarici bir ölkədə yaşayır. Ailəsi ilə maraqlanmır. Ancaq qüsur axtarırıqsa, hər ikisində axtarmalıyıq. Elə bir qüsur yoxdur ki, ancaq oğlanda olsun, qızda olmasın və ya əksinə. Sadəcə, ayrı-seçkilik etmək doğru deyil. Bunların hamısı insanlarda mənəvi boşluqdan irəli gəlir. Buna görə də valideynlərin psixoloji cəhətdən maariflənməsi lazımdır.



"Oğul-qız deyib, övladı ayırmaq olmaz"



"Ailədə övlad ayrı-seçkiliyini heç bir şəkildə dəstəkləmək mümkün deyil" deyən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli bildirdi ki, hazırkı dövrdə insanların çoxu qız övladının ailə üçün bir nemət olduğunu dərk edirlər: "İnsanlar öz münasibətlərində də bunu ifadə edirlər. Bir müddət əvvəl sosial şəbəkələrdə belə bir yazı oxudum. İki oğul atasının üçüncü övladı - qızı dünyaya gəlib. Bu zaman o, "məni, həqiqətən də, ata edən qızım dünyaya gəldi" deyə bir fikir paylaşmışdı. Bu da onu göstərir ki, artıq insanlar övladları arasında ayrı-seçkilik salmırlar. Ancaq elə ailələr də var ki, bu fikri onlara şamil etmək olmaz. Ümumiyyətlə, oğlan uşağından imtina etmək halları çox nadir olur. Qız uşaqlarından isə valideynlər daha tez imtina edə bilirlər. Çünki bizdə belə bir fikir formalaşıb kişinin oğlu olar. Bu, sözün əsl mənasında, cahillikdir. Hər şeydən əlavə təbiətin özünün tələbatı var. Dünyaya gələn kişi və qadın sayı arasında Yaradanın qoyduğu təbii bir balans var. Təbiət öz tarazlığını bərpa etməyə çalışır. Ancaq biz bu tarazlığa müdaxilə edirik. Doğulan qız və ya oğlan uşaqlarının sayına özümüz nəzarət etməyə çalışırıq. Sonda onu da əlavə edim ki, bizdə belə bir fikir var ki, valideynə yaşlananda oğlu baxmalıdır. Ancaq indi ata-anaya sahib çıxan əsasən qızlarıdır. Mənim də oğlum, qızım var. Mən heç vaxt belə seçim etmək istəməzdim. Qızımmı mənə sahib çıxacaq, oğlummu, bilmirəm. Oğul-qız deyib, övladı ayırmaq olmaz. Tərbiyədən çox şey asılıdır. Tərbiyəni, milli dəyərlərimizi övladlarımıza düzgün verməyi bacarmalıyıq. Övladları elə böyütmək lazımdır ki, nəinki onlar arasında qısqanclıq, əksinə onlar arasında bir-birinə ehtiyac, dəyər olsun. Bir-birilərinin nə qədər dəyərli olduğunu özləri dərk etsinlər. Bir-birinə bağlı olan övladların valideynləri də heç vaxt kənarda qalmaz".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!