Uşaqlarda qorxu hissi

Uşaqlarda qorxu hissi
Bir Ana - Bir Bala
10.09.2017 111
Qorxu təbii bir hissdir. Yersiz qorxu insan üçün naqislik sayıldığı kimi, heç nədən qorxmayan insan da xəstə hesab olunur. Əslində qorxu insanın özünü müdafiə etməsi üçün zəruri bir hissdir. Bu mənada qorxunu iki hissəyə bölmək olar:

1. Səbəbli, ağlabatan qorxu.

2. Yersiz, fikir- xəyalda süni şəkildə yaradılan qorxu.

Elm adamları bildirirlər ki, insan düşünə bildiyi hər şeydən (hətta qorxunun özündən də) qorxa bilər.

Xüsusilə uşaq vaxtı insanın keçirdiyi qorxu və həyəcanlar bütün ömür boyu öz izini saxlayır. Uşaq təmiz vərəq kimidir, orada yaxşı işlər də, pis işlər də həkk olunur. İbrahim Əmini "Tərbiyə üsulları” kitabında valideyn və tərbiyəçilərə bu məsələyə dair aşağıdakı məsləhətləri verir:

• Qorxu hissinin yaranmasının qarşısını almaq, onu müalicə etməkdən daha rahatdır. Çalışın ki, qorxu hissinin səbəbini aradan qaldırasınız. Psixiatrların fikrincə, qatar və ildırım səsləri kimi uca səslər, həmçinin uşağın üstünə çığırmaq qorxu hissinin yaranmasına səbəb olan amillərdəndir. Uşağınızı belə səbəblərdən uzaq saxlayın, onun üstünə qışqırmayın, ona hirsli-hirsli baxmayın.

• Uşağın ata-anası və ətrafındakılar qorxaq olsalar, o da qorxaq olar. Valideynlər yersiz qorxaqlıqdan çəkinməlidirlər.

• Cinayət filmlərinə baxmaq, televiziya, radio və başqa vasitələrdə verilən qorxulu verilişlərə baxıb və ya qulaq asmaq uşağın incə əsəblərinə təsir qoyaraq onda qorxu və iztirab yaradır. Onları belə şeylərdən uzaq tutun. Heç zaman cin və şeytandan danışmayın. Uşaq başqa vasitələrlə bu barədə eşidibsə, ona başa salın ki, onlardan qorxmaq lazım deyil. Cinlər, Qurani-Kərimdə buyurulduğu kimi, Allahın məxluqudurlar və insana ziyan yetirmirlər.

• Uşağı heç vaxt hədələməyin. Onları xortdan, damdabaca, iblis və s. ilə qorxutmayın. Belə qorxutmağın zərəri faydasından qat-qat çoxdur.

• Uşağınız nəyə görəsə qorxaq olubsa, bunu əhəmiyyətsiz məsələ saymayın. Onun ruhunu sakitləşdirməyə, qorxaqlığını aradan qaldırmağa çalışın. Uşaq ayrı-ayrı hadisələrin həqiqi səbəbini öyrəndikdə bir sıra qorxular öz-özünə aradan gedər. Uşağı danlamaq və başqalarının yanında istehza etmək çıxış yolu deyil. Bu işlə onu ruhən incitmiş olarsınız. Sadəcə qorxduğu şeyin qorxulu olmadığını ona başa salın. Xortdandan qorxursa, belə şeyin mövcud olmadığını bildirin. Ev heyvanlarından qorxursa, onlara yaxınlaşın, toxunub əlinizə alın.Qaranlıqdan qorxursa, özünüz uşağın yanında olanda hərdən qısa müddət ərzində işığı söndürün. Sonra bu müddəti artırın. Sonra isə eyni otaqda, bir az aralı olduğunuz vaxt bu işi təkrar edin.

Valideynlərin düşünmədən uşaqda qorxu halları yaratması da tez- tez baş verir. Məsələn, uşaq aşağı qiymət alanda valideyn çox sərt reaksiya verirsə, uşaq hər dəfə aşağı qıymət alanda qorxu, narahatçılıq hissi keçirir. Universitetə qəbul imtahanından kəsilmək onun üçün həyatın sonu demək olur. Uşağın təhsil alması nə qədər mühüm olsa da, onun psixi rahatlığı daha zəruridir. Ona görə hər bir halda onu sevəcəyinizi bildirin, aşağı qiymətə görə ifrat reaksiya verməyin.

Ümumiyyətlə, övlada sevgi bəsləmək (ərköyünlük səviyyəsində olmasa) bir çox psixi xəstəliklərin dərmanıdır. Valideynin öz məhəbbətini uşaqdan gizlətməsi uşaqda sevgidən məhrum olmaq qorxusu yaradır ki, bu da uşağın bütün gələcək həyatında ən dəhşətli izini qoyur. Cinayətkarlar, adətən, uşaqlığı belə keçən insanlardan ibarət olur. Fransız yazıçısı Balzakın sözüylə desək, zülm və qorxu həmişə qol-qola gedir.

Yeniyetməlik dövründə bədəndə baş verən dəyişikliklər də yeniyetmələrin qorxu mənbəyinə çevrilə bilər. Ona görə də atalar oğullarına, analar isə qızlarına bu barədə məlumat verməli, bunun təbii hal olduğunu izah etməlidirlər.

Uşağın qorxusunu zor tətbiq etmək və hədələməklə aradan qaldırmaq mümkün deyil. Yalan vədlər verməklə uşağı aldatmaq da olmaz. Məsələn, uşaq xəstəxanada qalmalıdırsa, bundan başqa çarə olmadığını bildirin. Tez-tez ona baş çəkin, oyuncaq alıb onu sevindirin. Yalandan "Qorxma, sənə iynə vurmayacaqlar” deməyin.

Əksər uşaqların (elə böyüklərin də) əsas qorxusu ölümdür. Ona görə də uşağa ölüm barədə danışmaq məsləhət görülmür. Amma qohum-əqrabadan kiminsə ölməsi ilə uşaq bu məsələ ilə maraqlanırsa, ona başa düşəcəyi tərzdə məlumat vermək olar. Ölümlə insanın dünyasını dəyişdiyi, yaxşı və pis işlərinə görə cavab verəcəyi barədə danışmaq uşağın tərbiyəsinə müsbət təsir göstərər. Amma ölümü uşağa həddindən artıq tez-tez xatırlatmaq olmaz.

Uşağın Allahdan və axirət günündən qorxması da bu qəbildəndir. Allahın lütfü, rəhməti və sevgisindən, bəxş etdiyi nemətlərdən danışıb, Onu uşağa sevdirmək nə qədər gözəl olsa da, Allah, Qiyamət günü və günahdan qorxmaq da yavaş-yavaş uşağın ruhuna aşılanmalıdır. İman da elə həm qorxmaq, həm sevməkdən ibarətdir. İtirməkdən qorxmadığımız sevgi, sevgi deyil. Allaha sevginin içində bütöv bir qorxu, Allahdan qorxunun içərisində bütöv bir sevgi yatmalıdır. Beləliklə, uşaq pis işlərdən çəkinib yaxşı işlər görməyə meyl edər. Uşağa Cəhənnəm və oradakı əzablardan danışmaq lazım deyil. Onda uşaq Allahı bir despot kimi təsəvvür edər. Allahın mehribanlığından danışaraq Onu uşağa sevdirmək lazımdır. Eyni zamanda günahın axirətdəki əzabları barəsində də uşaq qismən məlumatlandırılmalıdır.

Səbəbli, ağlabatan qorxuları isə əksinə, uşağa aşılamaq lazımdır. Daha doğrusu, həqiqətən qorxulu, təhlükəli işlərdən uşaq xəbərdar olmalıdır. Valideynlər qaz, kibrit, elektrik və bu kimi şeylərdən düzgün istifadə yollarını uşağa öyrətməlidirlər. Nəqliyyat vasitələrinin təhlükəli ola biləcəyindən danışmalı, ümumiyyətlə, qanunları tapdamağın ağır nəticələr verə biləcəyini bildirməlidirlər. Bir sözlə, valideynlər ehtimal olunan bütün təhlükələrdən uşağı xəbərdar etməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!