Sözəbaxan uşaq necə tərbiyə edilir?

Sözəbaxan uşaq necə tərbiyə edilir?
Bir Ana - Bir Bala
10.09.2017 33
Bütün valideynlər gec və ya tez uşaqlara müəyyən qaydalar və qadağalar qoymaq məcburiyyətində qalır. Uşağın bu qayda və qadağalara tabe olması biz valideynlərin ortaya çıxan mübahisələri necə həll edəcəyimizdən asılıdır. Həm də özümüzə qarşı da diqqətli olmalıyıq ki, uşağa pis nümunə olmayaq. Uşağa qadağa qoymağın 3 yolunu nəzərdən keçirək.



"Yox", deməli "yox"!

Məhşur ailə psixoloqu Ceyms Leman yazır ki, valideynlər özləri uşaqlara onları eşitməməyi öyrədirlər. Hər bir valideynin hərəkətləri davamlı olmalıdır. Bu məsələ çox vaxt diqqətdən kənarda qalır.

Uşağa bir şeyə görə "yox, olmaz" dedikdən sonra onun ağlaması, qışqırması və mızıldaması ilə ona həmin şeyə icazə verməklə ona sizi eşitməməyi öyrədirsiniz. Belə vəziyyət təkrar olunarsa, uşaq bu qərara gələcək ki, valideynin "yox" sözü hələ son söz deyil. Bu zaman "yox"- "istəməyə davam et" siqnalı verir uşağa. Bu yolla valideynlər uşağa qadağalara üstün gəlməyi öyrədirlər.

Bəzən də valideynlər qadağa olunan bir şey ətrafında övladı ilə danışıq aparmağa cəhd edir. Bu zaman qarşısında heç də "ucuz" tabe olmağa razı olmayan "balaca biznesmen"lə qarşılaşır.

Əlbəttə ki, uşağı yaxşı davranışa görə tərifləmək və mükafatlandırmaq lazımdır. Lakin bu qətiyyən ticarət xarakterli olmamalıdır. Əgər siz qoyduğunuz qayda və qadağanın vacibliyinə əminsinizsə, deməli ona şərtsiz əməl olunmalıdır. Buna nail olmaq asan olmasa da mümkündür. Ona görə də həm uşaqla, həm öz üzərinizdə çox işləməlisiniz.



Doğru məqam seçmək

Uşağa hər hansı bir şeyi qadağa etməyin düzgün məqamının seçilməsi çox vacibdir. İlk növbədə bu, sakit vaxt olmalıdır. Münaqişəli və stress vəziyyətində başa düşmək mümkün deyil. Hətta böyüklər də əsəbi halda nə isə başa düşməkdə çətinlik çəkirlər.

Ağlayan və qışqıran uşaqdan nə isə tələb etmək mümkün deyil. Ona görə ona sakitləşməyə imkan verin. Bunun üçün başqa otağa apara və ya diqqətini yayındıra bilərsiniz. Məhz bütün izah və cəzalar da sakitləşdikdən sonra verilməlidir.

Əlbəttə ki, insanın əsəbləri dəmirdən deyil. Lakin biz əsəbimizi uşaqlara töksək, qışqırsaq istədiyimiz nəticəni ala bilməyəcəyik. Sakitləşməyin ən gözəl üsulunu Laura Markam demişdir: əsəbləşdikdə sakitləşmək üçün uşağa yuxarıdan aşağı baxmayın, onun yanında oturun və ya onun göz səviyyəsinə enin. Bu metod ikitərəfli işləyir: həm valideyn sakitləşir, həm də uşaq deyiləni daha yaxşı dərk edir.



Qızıl ortanı tapmaq

Qaydalar və qadağalar elə bir sahədir ki, burada sərhədsizliklər mümkündür; uşağa hər şeyi qadağa etmək və ya hər şeyə icazə vermək mümkündür. Hər iki hal uşağın gələcəyinə çox pis təsir edir. Bu prosesdə qızıl ortanı tapmaq vacibdir. Qızıl ortanı tapmaqda ən yaxşı metod empatiya qurmaqdır.

 

Bu terminin iki açıqlaması ola bilər:

- valideynlə uşaq arasında o qədər güclü bir əlaqə olur ki, onun sayəsində uşaq əmin olmalıdır ki, siz onun tərəfindəsiniz və qəbul etdiyiniz qadağa qərarı onun xeyrinədir, əleyhinə yox;

- valideyn özünü uşağın yerində hiss etməli, bu qadağaların ona  necə təsir etdiyini hiss etməlidir.

Burada əsas odur ki, uşaq özü ilə təkbətək qalmasın, o, özünü bütün səhvləri ilə sevilən hiss etməlidir. Bütün bunlarla yanaşı əlbəttə ki, qadağa qərarı öz qüvvəsində qalmalıdır. Uşağınızla danışaraq bu qadağaların ona niyə qoyulduğunu və qoyulmasa nə fəsadı olacağını izah edin.

Psixoloqlar hesab edir ki, qadağalar yalnız onun təhlükəsizliyi və sağlamlığı ilə əlaqədar olmalıdır. Digər hallarda bu, valideynlə uşaq arasında inamın itməsinə gətirib çıxarır. Ona görə də hər bir qərarı verərkən yüz ölçüb, bir biçmək lazımdır.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!