Körpələrin tərləməsi haqqında 11 fakt

Körpələrin tərləməsi haqqında 11 fakt
Bir Ana - Bir Bala
10.09.2017 12
1. Tərləmə normal bir haldır. Tərləməmə isə bir xəstəlikdir.



2. İnsanda hərəkət və ya artıq güc sərf etməklə bağlı bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olunur və bununla da bədənimiz soyuyur. Tərləmə bir növ bizim bədənimizin "soyuma” sistemidir. Təbii ki, körpələr də bu vəziyyətdən istisna deyillər.



3. Burada diqqət edilməli olan xüsusiyyət bundan ibarətdir ki, körpənin tər vəziləri əllərində, ayaqlarında və başında daha çoxdur. Buna görə də körpələr bu nahiyələrdən daha çox tərləyirlər. Bu normal haldır. Bu nahiyələr tərlədikdən sonra təbii olaraq soyumağa başlayır və bu zaman valideynləri narahat edən "körpəmin başı, ayağı, əlləri çox tərləyir və sonra da buz kimi olur” şikayəti ortaya çıxır. Buradan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi normaldırsa, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir və bu orqanizmdə gedən normal fizioloji prosesdir.



4. Tərləmə irsi xarakter də daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar da çox tərləməyə meyilli olurlar. Bu durumlarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir haldır, bunu belə də qəbul etmək lazımdır.



5. Tərləmənin ən çox rast gəldiyimiz səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə (otaqda, çöldə) hərarətin yüksək olmasıdır. Bu baxımdan körpələrin geyiminə və otaq temperaturuna diqqət olunmalıdır.



6. Hər hansı bir səbəblə bağlı olan burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Bu baxımdan burun dəliklərinin açıq olub-olmadığı kontrol edilməlidir. Körpələrdə burun dəliklərini "duzlu su” (Natri xlorun izotonik məhlulu) ilə asanlıqla açmaq olar.



7. Körpənin yemək yeyərkən, ağlayərkən və ya güc sərf etdiyi hər hansı bir durumda tərləməsinin artması da normal bir haldır.



8. D vitamininin çatışmazlığı zamanı da körpənin tərləməsində artma ola bilər. Amma bu o demək deyil ki, hər tərləyən uşaq "raxit” xəstəsidir. Əgər xəstəliyə şübhə varsa, mütləq qan analizləri (qanda kalsiyum, D vitamininin miqdarı…) olunmalı və diaqnoz dəqiqləşdirilməlidir. Yalnız bundan sonra körpəyə Vitamin D və kalsium preparatın; vermək olar. Yoxsa "uşaq tərləyir, uşaqda raxit xəstəliyi var” demək və sonra da kor-koranə kalsiyum preparatları başlamaq qətiyyən doğru deyildir. Ümumiyyətlə müntəzəm olaraq D vitamini qəbul edən körpələrdə "raxit” xəstəliyinə rast gəlinmə ehtimalı çox aşağıdır.



9. Gələcəkdə bu kimi xəstəliklərlə qarşılaşmayaq deyə, yeni dogulmuşlarda raxit xəstəliyinin profilaktikası üçün doğumunun 15-ci günündən etibarən D vitamini verilməlidir.



10. Çox tərləmənin səbəblərindən biri də anemiyadır (qan azlığı). Əgər körpədə anemiya şübhəsi varsa qanın ümumi analizi edilməli və diaqnoz dəqiqləşdirilməlidir.



11. Yekun olaraq deyə bilərik ki, tərləmə şikayəti olan körpələrin əksəriyyətində adətən hər hansı bir ciddi xəstəliklər müşahidə olunmur. Amma yenə də tərləmə şikayəti olan hər körpə ətraflı müayinə edilməli və tərləmənin yuxarıdakı səbəblərdən hansı birinə bağlı olduğu aşkar olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!