Ana südü niyə vacibdir?

Ana südü niyə vacibdir?
Bir Ana - Bir Bala
10.09.2017 9
Ana südü balanız üçün ideal qidadır—təbii, isti, steril və pulsuz!

Ana südünün əvəzi yoxdur, çünki onu istədiyiniz yerdə, istədiyiniz
vaxt, qızdırmağa ehtiyac olmadan balanıza yedirdə və ona lazım olan
bütün vitaminləri qəbul etdiyinə əmin ola bilərsiniz. Ana südünün
üstünlükləri çoxdur. Əvvəla uşaq onu çox rahat həzm edir. Ana südü
balanızı bəzi infeksiyalardan, xəstəliklərdən, allergik reaksiyalardan
qoruyur, uşağın öz immun sisteminin yaranmasına kömək olur. Onun
tərkibindəki maddələr uşağın böyüməsi və inkişafını təmin edir. Ana südü
balanızla sizin aranızda özünəməxsus ünsiyyət formasıdır, uşağın ailədə
və kollektivdə düzgün psixoloji davranışının, sosial inkişafının
əsasını qoyur.

Balanızı ana südüylə qidalandıranda həm də doğuşdan
sonra planlamadığınız hamiləliyin qarşısını almış olursunuz (amma həmişə
belə olmur). Ana südü sizin də orqanizminizi qoruyur, hamiləlikdən
sonrakı dövrün
normal keçməsinə kömək edir, mastopatiyanın (döş vəzilərinin
funksiyasının pozulması), süd vəzilərinin şişinin, uşaqlıq və
yumurtalıqlarda şişin qarşısını alır. Süd verən analarda qarın daha tez
çəkilir, çünki uşaq ananı əmərkən oksitosin adlı hormonlar ifraz olunur
ki, bu da uşaqlığın yığılmasına təsir edir.

Ana südü ilə qidalandırma ilk 6 ayda xüsusilə vacibdir (Dünya Səhiyyə
Təşkilatı 6 ay ərzində uşağa ana südündən başqa heç nə, heç su da
verməməyi tövsiyyə edir). Son araşdırmalar göstərir ki, ana südü uşaq
üçün bir yaşdan sonra da xeyirlidir. İndi uşaqlara iki yaşına qədər
gündə 400 ml (2 stəkan) ana südü vermək məsləhət görülür.



Süd necə yaranır?

Döşün ölçüsü südün əmələ
gəlməsinə və keyfiyyətinə təsir etmir. İstər iri, istərsə də xırda döşlü
qadınlar uşaqlarını ana südü ilə qidalandıra bilərlər.

Ana
südü süd vəzilərində formalaşır və süd kanalları vasitəsilə döş
giləsinə axır. Giləyə çatana qədər kanallar genişlənir və süd sinusları
(süd dolan boşluqlar və ya kanallar) əmələ gəlir. Sinuslar döş giləsinin
ətrafındakı tünd dairənin altında yerləşir. Gilə ətrafındakı tünd
hissəyə diqqətlə baxsanız, balaca kisəciklər görərsiniz. Bu kisəciklər
xüsusi maye buraxır, məhz həmin maye döş giləsi və ətrafındakı dərini
yumşaldır və dezinfeksiya edir.

Döş giləsi və ətrafında çoxlu sinir ucları var. Uşaq süd əmən zaman
onlara toxunmaqla qıcıq əmələ gətirir, qıcıq nəticəsində süd ifraz
olunmağa başlayır. Beləliklə laktasiya (süd vəzisinin süd ifraz etməsinə
laktasiya deyilir) iki mərhələdən ibarətdir: südün hazırlanması və
çıxarılması.

 

Süd və süd ağzı

Ana südünün tərkibi həmişə eyni olmur. Doğuşdan sonrakı ilk 2-3 gün
ərzində qadının döşündən sarımtıl maye—süd ağzı deyilən maddə axır.
Sonrakı 1-2 həftə ərzində südün tərkibi dəyişir, 2 həftədən sonra isə
əsl ana südü ifraz olunmağa başlayır.

Süd ağzının miqdarı çox az
olur–gündə 30ml. Ancaq onun tərkibi
olduqca xeyirlidir. Süd ağzındakı bioloji aktiv və qoruyucu maddələr
yeni doğulmuş uşağın şəraitə uyğunlaşmasına kömək edir, onu
infeksiyalardan qoruyur. Ona görə də doğuşdan sonrakı yarım saat ərzində
uşağa döş verin (Əsaslı səbəb olmasa, həkimlər buna icazə verməlidir,
əks halda uşağı tələb edin!)



Südün tərkibi nəinki gün
ərzində, hətta uşağı əmizdirdiyiniz müddətdə dəyişir. Uşaq əmərkən əvvəl
duru, sonra nisbətən qatı və yağlı süd ifraz olunur. Duru süd zülal və
minerallarla zəngindir, uşağı ikinci hissəyə–daha "ağır” qidanı, yəni
yağlı südü yeməyə hazırlayır.

Südün tərkibi sizin yediyiniz yeməkdən
çox asılıdır. Siz hamiləlik
dövründə olduğu kimi, süd verdiyiniz zaman da diqqətli olmalı, acı,
duzlu, hisə verilmiş ərzaq məhsullarından istifadə etməməlisiniz. Elə
məhsullar var ki, uşaqda sancılara səbəb olur. Bu barədə ətraflı "Süd
verən ana nəyi yeməlidir, nəyi yeməməli” və "Uşaqlarda köpün qarşısını
almağı 6 yolu” yazısında…

 

Ana südüylə qidalanmaya necə hazırlanmalı?

Bunun
üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Əsas odur ki, sizdə kifayət qədər
arzu və inam olsun. Balanızı ana südü ilə qidalandırmaq istəyirsinizsə,
bunu bacaracağınıza inanırsınızsa, hər şey yaxşı olacaq.

Amma bəzi şeyləri bilmək vacibdir. Süd vermək istəyirsinizsə, hamiləlik dövründə
də qalın parçadan hazırlanmış, süd vəzilərini sıxacaq lifçik geyməyin.
Təmizliyə riayət edin, amma döş giləsini heç vaxt spirtlə silməyin! Döşü
təmiz saxlamaq üçün su ilə yumaq kifayətdir.

Döş giləsi çox kiçikdirsə, narahat olmayın. Əvvəla, uşaq tək giləni
deyil, onun ətrafını da çəkir. İkincisi, indi kiçik gilələri böyütmək
üçün xüsusi vasitələr satılır. Apteklərə müraciət edin. Həmin rezin
vasitələri əvvəl qaynar suda saxlayın (həm dezinfeksiya edirsiz, həm də
yumşaldırsız), sonra döşün üzərinə qoyun, uşaq onun vasitəsilə əməndə
gilə tədricən böyüyür. Bu, ağrılı, həm də çox ağrılı prosesdir, uşaq
əməndə adam ağrıdan ayaqlarını qaldırır, qışqırır. Gilə hətta qanaya
bilər, uşaq yatanda çatlayan hissələri vazilenlə yumşaldın. Ağrı keçicidir. 1-2 həftədən sonra rezin örtüyə ehtiyac qalmayacaq.

 

Süd kəsilərsə

Hər şeydən əvvəl narahat olmayın! "Hər dərdin əlacı var” deyib, iş
başına keçin. Çoxlu su, çay (apteklərdə süd gətirmək üçün xüsusi çaylar
satılır), süd için, çayınıza qatılaşdırılmış süd əlavə edin. Buğda
qovurması (az miqdarda qoz, fındıq əlavə etmək olar, çox olsa köp verər) da xeyirlidir.

Sizin sakitliyinizin,
istirahətin də əhəmiyyəti böyükdür. Gərginlikdən uzaq olun. Mümkün qədər
dincəlin, fiziki işlə az məşğul olun, yuxusuz qalmayın.

Südün
azaldığını hiss edirsinizsə, uşaq yemədiyi vaxtlarda südünüzü sağın, bu
artımı təmin edər. Sağmaq üçün apteklərdə xüsusi aparatlar var. Əvvəl
incidə bilər, getdikcə istifadəsi asanlaşacaq. Aparat ala bilmirsinizsə,
əllərinizi bitki yağı ilə yağlayın, döşünüzü kənarlardan mərkəzə doğru
dairəvi hərəkətlərlə masaj edin.
Döş giləsinin ətrafını barmaqlarınızla tutun, təzyiq göstərmədən döşü
dairə cızırmış kimi fırladın. Yenə masaj edin və iki əlinizlə yuxarıdan
mərkəzə doğru sıxın.

Hər şeyə rəğmən süd olmasa da, narahat olmayın, indi ana südünə çox
bənzəyən qida məhsulları istehsal olunur və milyonlarla uşaq belə
məhsullarla qidalanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!