Əmzik verək, verməyək? Verdiksə necə tərgidək? Hansı əmzik yaxşıdır?

Əmzik verək, verməyək? Verdiksə necə tərgidək? Hansı əmzik yaxşıdır?
Bir Ana - Bir Bala
10.09.2017 19
Əmzik uşağı sakitləşdirir, çünki onun çox təbii və güclü olan əmmək
arzusunu təmin edir (hərçənd bunun ən yaxşı təminatçısı ananın döşüdür).
Siz balanızı vaxtlı-vaxtında yedirdə bilmirsinizsə, uşağa hər istədiyi anda döş vermək
imkanınız yoxdursa, süni qidalandırırsınızsa, işləyirsinizsə, uşaq
əmməyə başqa vasitələr axtarmalı olur, əl-ayağını yeyirsə, heç yatırda bilmirsinizsə, əmzik vermək verməməkdən yaxşıdır.

Uşaq barmaqlarını,
paltarını "yeyirsə” narahat olmayın, 9-cu aydan ətraf aləmlə,
oyuncaqlarla tanış olmağa başlayan uşaqların əmmək arzusu azalır.

Dayə və ya nənə yanında qalan uşaqlar əmziklə sakitləşir. Amma uşağın başını əmziksiz də qatmaq mümkündür.

 

Əmziyin ziyanı…

Əmziyi sormağa öyrəşmiş uşaq döş istəməyə, iştəhasız ola bilər.
Körpələr əmziyi və döşü fərqli tuturlar–fərqli əzələlərdən istifadə
edirlər və bu fərq uşağın ana südü ilə normal qidalanmasına mane ola
bilər.

Əmzikdən uşaq çətinliklə imtina edir, psixoloji asılılıq əmələ gəlir.
Əmzik uşağın fikrini cəmləyir, ətraf aləmdən təcrid edir, ətrafla
tanışlığa mane olur.

Əmzik dadbilməyə, həm də nitqin inkişafına
maneədir. Defektoloqlar deyir ki, əmzik uşağın ağız boşluğunun
quruluşuna, dişlərinin sıralanmasına təsir edir, bəzən gec danışmasına
səbəb olur.

Əmzikdən uzun müddət istifadə qulaqda iltihab yarada bilər.

Əmziklə təmizliyə riayət etmək çətindir, uşaq böyüdükcə əmziyi daha çox çirkləndirir və onu hər dəfə təmizləmək olmur.

Əmzik verirsinizsə unutmayın ki,

1. Ana südü ilə qidalanan, əmzik götürməyən uşağı əmziyə vadar etmək olmaz.

2. Əmziyi yata bilməyən uşağa vermək olar (damaqlı əmzik!), yuxuya gedəndən sonra əmziyi çıxarın ki, asılılıq yaranmasın.

3. Əmziyi şirin şeyə batırmayın, bu, uşaqda şirinə alışqanlıq yaradar, dadbilməsinə, uşağın qidalanmasına pis təsir edər.

4. Çirklənən əmziyi yuyun, ağzınıza salmaqla təmizləməyin. Siz onu ağzınızdakı bakteriyalarla çirkləndirərsiniz.

 

Əmziyi necə tərgidək?

Əmzik 2 yaşdan sonra, uzağı 4 yaşa qədər tərgidilməlidir. Əks halda yuxarıda qeyd edilən fəsadlara səbəb ola bilər.

Bunun üçün neqativ addımlar yolverilməzdir!
Əmziyi uşağın gözü qarşısında parçalamaq, atmaq, acılamaq, çirkli şeyə
batırmaq, uşağı əmziyə görə danlamaq, lağa qoymaq, alçaltmaq, uşağa
gülmək olmaz!

2 yaşında uşaq sizin dediklərinizi anlamağa qadirdir. Ona, artıq
böyüdüyünü, böyük uşaqların əmzikdən istifadə etmədiyini, əmziyin
tez-tez çirkləndiyini izah edin (lazımdırsa, dəfələrlə). Fikrini başqa,
daha maraqlı şeylərə, sevdiyi yeməyə yönəldin. Ağzında əmzik görməyəndə
sevindiyinizi bildirin, onu tərifləyin: "Aaa, lap böyük qızsan ki/yekə
kişisən ki!” "Afərin!” Mükafat olaraq onu həyətə, ya da sevdiyi bir yerə
apara bilərsiniz.

Ehtiyac olsa çeynəmək üçün oyuncaqlar alın.

 

Hansı əmzik yaxşıdır?

Əmziklər materialına, formasına və yaş qrupuna görə fərqlənir. Körpə uşaqlara damaqsız
əmzik verilir, çünki bu əmziklərin forması ananın döşünə bənzəyir və
uşaqlara xoş gəlir. Ancaq damaqsız əmziyi uzun müddət istifadə etmək
olmaz, 1 yaşdan sonra onlar damağa təzyiq edir, dişlərin sıralanmasına
mane olur.

Damaqlı əmziklər damağın formasını dəyişmir, bunlardan 2 yaşlı uşaqlar da istifadə edə bilər.

Silikon əmziklər kauçuk əmziklərdən
fərqli olaraq gec xarab olur. Onları qaynar su ilə təmizləmək
mümkündür. Dadı, qoxusu olmadığından silikon əmziklərə üstünlük verilir.
Amma diş zərbələrinə davam gətirmədiyindən dişi çıxan
uşaq silikon yox, kauçuk əmzik istifadə edə bilər. Kauçuk əmziklər
təbii materialdandır, yumşaqdır, ancaq tez xarab olur, suyu, qoxunu
özünə çəkir, rəngi dəyişir. Kauçuk əmzikləri təmizləmək çətindir, qaynar
su ilə yumaq olmaz, yapışqan kimi olar. Bu halda əmziyi dəyişmək
lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!