Körpəyə ana südündən əlavə nə vermək olar? İlk əlavə qida

Körpəyə ana südündən əlavə nə vermək olar? İlk əlavə qida
Bir Ana - Bir Bala
10.09.2017 14
Dünya Səhiyyə Təşkilatının tövsiyyəsinə əsasən sağlam, ana südü
ilə qidalanan körpəyə ilk dəfə 6 aylığında su, tərəvəz, sonra meyvə
şirəsi vermək olar. 2 həftədən sonra, uşaqda xoşagəlməz reaksiya
olmayıbsa (nəcisində dəyişiklik yoxdursa, uşaq qusmursa, köpü yoxdursa,
allergiyanın əlaməti müşahidə edilməzsə), 1 meyvənin, sonra 1 tərəvəzin
püresi verilir. İlk qida qatı olmamalı, qaynadılmış su ilə
durulaşdırılmalıdır. Yeməyi uşaq böyüdükcə qatılaşdıra bilərsiniz.

İlk əlavə qidanı günorta yeməyindən əvvəl vermək məsləhət görülür
("Uşağın süddən sonrakı qida rejimi Əlavə qidalandırmanın 11 qaydası”).

 

Sıyıq

Sıyıq körpə üçün ideal əlavə qidadır. Balacalar üçün nəzərdə tutulmuş hazır sıyıqlar, eləcə də peçenyelər çox
əlverişlidir, qaynar suya qatmaqla hazır olur. Hazır sıyıqlara etibar
etmirsinizsə, düyünü, yaxud yulafı isladıb əzin, lap az şəkər əlavə edib
duru sıyıq bişirin. Manna yarmasından da sıyıq hazırlamaq olar. Sıyığı
süddə yox, suda bişirin! Süd uşağa 1 yaşından sonra verilə bilər.



Tərəvəz püresi

Tərəvəzi
(kartof, kök) ya buxarda, ya da suda qaynatmaq lazımdır. Hər bir
tərəvəz ayrılıqda, qabığı soyulmamış bişirilməlidir. Əvvəl bir neçə
damcı, sonralar (pürenin miqdarı 100-150 q-a çatdırılanda) bir çay
qaşığı bitki yağı əlavə etmək olar. Uşaq püreni istəmirsə, azca limon
sıxa, ya da duz ata bilərsiniz. Adətən körpələr tərəvəzi sevmir, bu
halda məcbur etməyin. Gözləyin, 15-20 gündən sonra yenidən təklif edin.

İlk qarışıq tərəvəz püresini hazırlamaq üçün kartof,
kök və kələmdən istifadə olunur. Kartof püresi 1 çay qaşığının
yarısından, kök çay qaşığının ucunda, kələm də (gül kələmi, yaşıl kələm)
çay qaşığının ucunda götürülüb qarışdırılır. Sonrakı günlər pürenin
miqdarını artırmaq, 2 həftədən sonra bu qarışığa göyərti, ət bulyonu
əlavə etmək olar.



Meyvə

Körpəyə əvvəl meyvənin şirəsini vermək lazımdır. İlk dəfə bir damcıdan başlayın, körpənin orqanizmi həssasdır.

Uşağa tərəvəz, eləcə də
meyvə verəndə mütləq mövsüm məhsullarından istifadə edin. Yay olarsa
albalı şirəsi, yayın ikinci yarısı armud, qalan mövsümlərdə alma
şirəsindən başlamaq olar (alma qıcqırmanı artırdığı üçün çağaya yayda
alma vermək məsləhət deyil).

Allergiyası olmayan çağaya həftədə 1-2 dəfə limon şirəsi vermək
olar. Bir damla, bir neçə gündən sonra 2 damla limon şirəsini çaya əlavə
etməklə uşağı C vitamini ilə təmin etmiş olarsız.

Şirəyə alışandan sonra uşağa meyvənin-almanın, armudun püresini vermək olar

 

Yumurta

Sağlam, ana südü ilə qidalanan uşağa yumurta 6 aylığından verilə
bilər. İlk dəfə verəndə yumurtanı 15-20 dəqiqə qaynadın. Yumurta
sarısının 4-də birinə ana südü, ya da bir neçə damcı qaynadılmış su
əlavə edib durulaşdırın. 2 həftədən sonra yumurta sarısının yarısını,
daha bir aydan sonra bütün sarını verə bilərsiniz. (Yumurta sarısını
tərəvəz püresinə, sıyığa da qatmaq olar)

Ət verməyə başlayanda yumurta sarısını uşağa səhər, ətli yeməyi günorta verin.



Ət

7-ci ayda
körpəyə çolpa ətinin bulyonunu vermək olar. Əvvəlcə ət suyunu tərəvəz
püresinə əlavə edə, yaxud bulyona suxarı, çörək doğraya bilərsiniz.
Sonrakı günlər suya diri soğan, doğranmamış tərəvəz ata bilərsiniz ki,
dadı çıxsın. 8-ci aydan çolpanın, daha sonra dana ətinin, balığın
püresini verməyə başlayın. Bunun üçün əti bir neçə dəfə maşından
keçirib, küftələr şəklində suda azı 1 saat qaynadın. Həftələr keçdikcə
azca düyü, vermişel, yaxud bir neçə ədəd noxud, ya da lobya dənəsi,
mərcimək və s. əlavə etməklə əsl şorba hazırlamaq olar.

Uşaqda anemiya varsa, tərəvəz və ət püresi daha tez—uşağın 5,5-6 aylığında verilməlidir.

Unutmayın ki, hər bir uşaq özünəməxsusdur. Hər əlavə qidanı verəndə uşağın səhhəti (uşağın dişi çıxırsa, eləcə də peyvənddən
əvvəl, yaxud sonra əlavə qida arzuolunmazdır), çəkisi, iştahası, ailədə
hər-hansı qidaya allergiyanın olub-olmaması, "böyük bayıra” az, ya çox
çıxması, nəcisinin duru olub-olmaması, ailənin yaşadığı bölgə nəzərə
alınmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!