Yeniyetmələrdə aqressiya

Yeniyetmələrdə aqressiya
Bir Ana - Bir Bala
10.09.2017 3
Şəxsiyyətlərarası
münasibətlərin pozulmasının bir sıra səəbəbləri var ki, bunlardan da ən
başlıcası aqressiyadır. Aqressiya sözü latın mənşəlidir, mənası hücum
etmək deməkdir. Aqressiya insanlar tərəfindən də məhz bu anlamda
qavranılır. Aqressiv insan dedikdə hər kəs gözləri qarşısına qəzəbli,
qəddar bir insan gətirir. Bu insan uşaq da ola bilər, yeniyetmə də, gənc
də, yaşlı da. Lakin insanlar aqressiv insanın bu hala gəlmə səbəbi
üzərində çox düşünmür. 

Aqressiyanın
daha çox konfliktlərə səbəb olduğu yaş dövrü yeniyetməlik, mühiti ailə
ola bilər. Mentalitetimizə xas tərbiyə üsulunda valideyn-övlad arasında
olan münasibət olduqca məsafəli və az emosionaldır. Valideyn heç bir
zaman böyütdüyü övladından ona qarşı səsini yüksəltməsini, ona qarşı
çıxmasını görmək istəmir. Lakin bu heç də yeniyetmələr tərəfindən
birtərəfli qarşılanmır. Yeniyetmə qarşısındakı insanın onu anlamasını,
dəstəkləməsini, dərdinə şərik olmasını gözlədiyi halda əks reaksiyanı
görür. Bu halda isə onu anlamadığı üçün müəyyən şəxslərə qarşı aqressiya
yaranır. Aqressiv davranan bir yeniyetmə valideynləri və ətrafdakılar
tərəfindən hər zaman qınaq obyektinə çevrilir. Bəs yeniyetmələrdə daha
çox hansı səbəblər aqressiyaya səbəb ola bilər?

Ailə
üzvləri tərəfindən diqqətsizlik, yaxud həddindən artıq mühafizəkar
ailə, qadağaların çox olması yeniyetmələrdə aqressiya yarada bilər.
Aqressiya tək aqressiv davranış olaraq qalmır, özü ilə bir sıra neqativ
dəyişikliklər gətirir: özünə qapanıqlıq, ünsiyyətsizlik, həyata marağın
sönməsi və s.

Aqressiya
yaradan səbəblərdən biri də özünə inamsızlıqdır. Belə ki, yeniyetmənin
hansısa uğursuzluqdan sonra özünə olan inamı itir və o özünü sübut etmək
üçün aqressiv davranışlar göstərir, bununla özünü sübut etdiyini
düşünür. Özünə inamsızlıq müxtəlif səbəblərdən yarana bilər.
Yeniyetməlik dövründə özünə inamsızlıq qarşılıqsız sevgidən, imtahan
həyəcanından əldə olunmuş uğursuzluqdan qaynaqlanır. Bu halda
yeniyetməni narahat edən nəticənin uğursuz olması, eyni zamanda
dostlarının, həmyaşıdlarının əhatəsində "imic”inin korlanmasıdır. Bu
dövrdə özünə inamın itməsinə səbəb olan bir situasiya da dostluq
münasibətləridir. Hər bir məktəbdə, hər bir sinifdə müəyyən
qruplaşmalar, bir-birinə əks olan dostlar olur. Belə qruplaşmaların ən
çox mənfi təsir etdiyi məktəblilər isə qrup tərəfindən təcrid olunan,
heç kəslə sirrini bölüşməyən yeniyetmələr olur. Əhatə dairəsindəki
insanlar tərəfindən qəbul olunmamaq, bəyənilməmək qorxusu özünəinam
hissini aşağı salır və bundan qurtulmaq üçün yeniyetmə aqressiyadan
istifadə edir, ünsiyyətə girmək istəmir, buna səbəb kimi isə aqressiv
olmasını göstərir.

Bəs
aqressiya hər zaman mənfi mənalı olur? Xeyr, aqressiya əslində insana
özünü müdafiə üçün bəxş olunmuşdur. Bir sıra hallarda insan aqressiv
olmaqla gələcək çətinliklərdən özünü müdafiə etmiş olur. Bəzən biz
düşünmədiyimiz halda qarşımıza çıxan maneələri məhz aqressiyamız
sayəsində dəf edə bilirik. Sadəcə olaraq maneələri dəf etmək, hansısa
məqsədə nail olmaq müsbət qarşılandığı üçün burada aqressiya hiss
olunmur.

Bəs
aqressiyadan necə uzaq durmalı? Əgər aqressiyanı yaradan səbəb ailə
mühitidirsə, o zaman ailədaxili münasibətləri qaydaya salmaq
məsləhətdir. Çünki ailə daxilində konfliktlər hər zaman psixoloji
gərginlik yaradar və insanda aqressiv davranışa səbəb olar. İnamsızlıq
hissi ilə müşayiət olunan aqressiya isə özünəinamın yenidən bərpa
olunması ilə aradan qalxar. Ümumi olaraq isə aqressiyadan uzaq durmaq
üçün sadəcə olaraq konfliktdə olduğumuz insanla bizi narahat edən
mövzunu ətraflı şəkildə müzakirə etmək, dinləmək və bunun nəticəsində də
öz fikirlərimizi qarşı tərəfə çatdırmaq kifayətdir. Unutmaq lazım deyil
ki, konflikt 2 cür olur – konstruktiv və destruktiv. Destruktiv
konflikt dağıdıcı olub münasibətlərin məhvinə xidmət etdiyi halda,
konstruktiv konflikt insanların bir-birini tanımasına və daha möhkəm
bağlarla bir-birinə bağlanmasına səbəb olur. Güclü olan yüksək səs tonu
və əzələ gücünə malik insan deyil, təmkin və iradə ilə məqsədinə doğru
irəliləyəndir. Öz həyatınıza hansını uyğun bilməyiniz isə Sizin
seçiminizdir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!