Dəcəlliyin fəsadları

Dəcəlliyin fəsadları
Bir Ana - Bir Bala
10.09.2017 6
Uşaqlar
böyüdükçə valideynlərin onlar üzərində məsuliyyəti və diqqəti ikiqat
artır. Yıxılıb əziləcəyindən bixəbər dəcəl uşaqları qorumaq valideynin
ümdə məsələsinə çevrilir. Çünki uşaqlar hər dəqiqə yıxılaraq müxtəlif
zədələrlə üzləşə bilərlər.



Travmatik çıxıq

Həkim-pediatr
Elza Abbasova deyir ki, travmatik çıxıqlara uşaqlar arasında tez-tez
təsadüf olunur. Çıxıq zamanı oynaq başı oynaq çuxurundan çıxır və bu
zaman oynaq kapsulu da zədələnir. Çıxıq üçün xarakterik olan said
sümüklərin dirsək oynağından çıxmaları və mil sümüyü başının yarımçıxığı
sayılır. Tam çıxıqlar, əsasən, 8-12 yaşlarda, yarım çıxıqlar isə 5 yaşa
kimi uşaqlar arasında müşahidə olunur: "Dirsək oynağı çıxığı uşaqlar
arasında təsadüf olunan çıxıqlar arasında birinci yeri tutur. Bu hal
uşağın qolu açıq vəziyyətdə yıxıldıqda baş verir. Dirsək oynağı anatomik
quruluşuna görə ən mürəkkəb oynaqlar sırasındadır. Dirsək 3 sümüyün -
bazu, mil və dirsək sümüklərinin birləşməsindən əmələ gəlir. Uşaqlarda
dirsək oynağında müxtəlif formalı çıxıqlar baş verir. Bunlardan ən
əsasları said sümüklərin hər ikisinin çıxığı, mil sümüyünün tamam və ya
natamam çıxığı, dirsək sümüyünün tamam çıxığı və sınıqla müşayiət olunan
çıxıq”.



Üç istiqamətli çıxıq

Həkimin
dediyinə görə, uşaqlar arasında ən çox təsadüf olunan said sümüklərinin
birgə çıxıqıdır. Bu zaman sümük ucları üç istiqamətdə önə, arxaya və
yana doğru dəyişir. Said sümüklərinin çıxıqlarının daha çox rast gəlinən
fəsadlarından biri sümükləşmə nüvəsinin, yəni daxili burmaüstünün
qopmasıdır. Bunu rentgenoqrammada aydın görmək olur. Said sümüklərinin
çıxıqları qan damarı və sinirlərin zədələnməsinə səbəb ola bilər: "Said
sümüklərinin çıxığını vaxtında yerinə salmaq lazımdır. Belə ki, gecikmiş
halda, xüsusən də 2-3 həftə keçdikdən sonra tez inkişaf edən
birləşmələr və çapıqlar nəticəsində çıxığı yerinə salmaq mümkün olmur.
Çıxıq nə qədər tez yerinə salınarsa, ətrafın funksiyası da bir o qədər
tez bərpa olunar”.



Həkim köməyi

Tibb elmləri
doktoru, uşaq cərrahı Çingiz Quliyev deyir ki, çıxığın yerinə salınması
qısa müddətli narkoz altında aparılır. Bu zaman köməkçi həkim bazunun
aşağı hissəsindən tutaraq saidi əks tərəfə, həkim isə xəstənin əlindən
tutaraq özünə tərəf çəkir. Elə bir güc tətbiq etmədən çıxıq xarakterik
səslə yerinə düşür. Bu zaman saidi dirsək oynağında nə bükmək, nə də
açmaq lazım deyil. Çıxıq düzəldikdən sonra açma və bükmə hərəkətləri tam
bərpa olunur. Əgər çıxıq yerinə düşməyibsə və ya natamam çıxıq qalıbsa,
onda saidi dirsək oynağında bükmək və ya açmaq istədikdə müqavimət hiss
ediləcək. Çıxıq düzəldikdən sonra gips qoyulmazdan öncə həmin nahiyyə
rentgen edilməlidir. Bundan sonra dirsək oynağına gips qoyula bilər.
Gips 7 gündən sonra çıxarılır və müalicə gimnastikasına başlanılır.
Yadda saxlamaq lazımdır ki, said sümüklərinin çıxıqları zamanı oynaq
kapsulu və bağ zədələnir. Ona görə də hərəkətin tam bərpa olunması üzun
sürə bilər.



5-12 yaşda təhlükə

Pediatr
bildirib ki, mil sümüyü başının tam çıxığı ən çox 5-12 yaşlar üçün
xarakterikdir. Əsasən, mil sümüyü başının ön və yan çıxıqlarına təsadüf
edilir. Klinik mənzərə mil sümüyü başının hansı tərəfə yerdəyişməsindən
asılıdır. Mil sümüyü başının önə çıxığı zamanı ətraf dirsək oynağında
açılmış halda mil tərəfə meylli vəziyyətdə olur. Dirsək büküşündə aydın
şişkinlik nəzərə çarpır. Əllədikdə mil sümüyünün hamar oynaq səthi aşkar
edilir. Oynaqda fəal hərəkət məhdudlaşmış olur. Diaqnoz rentgeoqrafiya
vasitəsilə qoyulur. Mil sümüyü başının çıxığı zamanı mil sinirinin
sıxılması nəticəsində mil-bilək oynağının və baş barmaqda parez (əzələ
zəifləməsi) əlamətləri baş verə bilər.



İlk günlərdə müdaxilə

Cərrah
qeyd edib ki, çıxığın düzəldilməsi birinci 2-4 gün müddətində
aparılması, sonradan kapsulun və üskükvarı bağın büzüşməsi, çapıqlaşması
nəticəsində çıxığı cərrahi müdaxiləsiz düzəltmək mümkün olmur. Çıxığın
yerinə salınması qısa müddətli narkoz altında aparılır. Köməkçi həkim
bazu nahiyyəsindən tutur, cərrah uşağın əlindən yapışaraq onu özünə
tərəf dartır və dirsək oynağında bükür. Baş barmaqla mil sümüyü başına
təzyiq edərək onu yerinə salmaq mümkündür. Oynağın rentgeoqrafiyası
edilir və sonra arxa gips langeti qoyularaq 5-7 gün müddətə fiksasiya
edilir.



Natamam çıxıq

E.Abbasovanın
sözlərinə görə, mil sümüyü başının natamam çıxığı 5 yaşa kimi uşaqlar
üçün xas olan çıxıqdır. Ən çox 1-3 yaşda təsadüf edilir. 6 yaşdan yuxarı
demək olar ki, heç təsadüf edilmir. Çünki 5 yaşdan sonra dirsək
oynağının kapsula və bağ aparatı möhkəmlənir. Qızlar arasında oğlanlara
nisbətən 2 dəfə çox rast gəlinir. Sol tərəfli çıxma daha çox müşahidə
edilir. Çox vaxt valideyn uşaqla gəzərkən onun sol əlindən tutur. Uşağın
diqqətini yerə düşmüş əşya cəlb edir və onu sağ əli ilə götürməyə
çalışır. Bu zaman valideyn onu yıxılmaqdan qorumaq üçün əlini möhkəm
tutur və dartır ki, bu vaxt mil sümüyü başı halqavari bağ arasından
çıxır. Çox vaxt valideyn çıxığım xarakterik səsini eşidir. Klinika
həmişə tipik olur. Qol sallanmış şəkildə hərəkətsiz, azacıq bükülmüş.
Ç.Quliyev bildirib ki, mil sümüyü başının natamam, çıxığını yerinə
salmaq çox vaxt elə bir çətinlik törətmir: "Cərrah sol əli dirsək oynağı
nahiyyəsində bazunun aşağı hissəsindən tutur və onu fiksə edir. Sağ əli
ilə uşağın əlindən və mil-bilək oynağından tutaraq saidi özü
istiqamətində dartır. Çıxıq yerinə düşən kimi uşaq sakitləşir və oynaqda
hərəkət bərpa olur. Ancaq 2-3 gün ərzində qol boyundan asılı
saxlanılmalıdır”.



Barmaq çıxığı

Həkim-pediatr
vurğulayıb ki, əlin baş barmağının çıxığı isə barmağın həddindən çox
açılması nəticəsində baş verir. Bu hala daha çox 2-3 yaşlı uşaqlarda
daha çox təsadüf olunur. Ancaq elə də ciddi ağrı törətmir. Bunun
nəticəsində uşağın barmağı hərəkətdən qalır, deformasiyaya uğrayır.
Diaqnoz isə rentgen əsasında qoyulur. İlkin müalicəyə əsasən, barmağı
dartmaqla onu yerinə salmaq olur. Bəzən barmağı hərəkətə gətirən vətərdə
gərilmə baş verdiyi üçün cərrahi müdaxilə lazım gəlir.



Bud çıxığı

E.Abbasova
deyir ki, budun travmatik çıxığı daha çox böyüklər arasında rast
gəlinir. Bud sümüyü başının sirkə kəsasından çıxığı 4 cür olur:
arxa-yuxarı, arxa-aşağı, ön aşağı, ön yuxarı. Çıxıq bud-çanaq oynağında
kəskin ağrıya səbəb olur. Aktiv hərəkət mümkünsüz olur. Passiv hərəkət
isə çox ağrılı olur. Ən çox arxa-yuxarı (qılça) çıxığa rast gəlinir. Bu
zaman bud-çanaq və diz oynağında azacıq bükülmə və içəriyə doğru əyilmə
olur. Xəstə dabanını yerdən üzə bilmir və ayaqda qısalma baş verir.
Arxa- aşağı formalı çıxıqda da əlamətlər, demək olar ki, eyni olur.
Ancaq ayağın nisbi uzunluğu dəyişmir. Ön aşağı çıxıqda xəstə arxası üstə
uzanır ayağı çölə doğru aralanır və bud-çanaq oynağı düzbucaq
vəziyyətini alır. Ayaqda nisbi qısalma olmur. Ön yuxarı çıxıqda isə ayaq
düz vəziyyətdə olur, xəstə dabanını yerdən üzə bilmir. Bu zaman ayaq
damarlarında bud başının təzyiqi nəticəsində qan dövranının pozulması
baş verə bilər. Yeganə müayinə üsulu rentgendir.



Cərrahın
sözlərinə görə, çııxığın yerinə salınması narkoz altında həyata
keçirilir. İlk gündə bu daha asan olur. Ancaq sonrakı günlərdə
çətinləşir. Xəstə arxası üstə masada uzanır köməkci həkim çıxıq olan
tərəfdən tutaraq onu dartır. Cərrah isə barmaqları vasitəsilə bud başını
sirkə kəsasına doğru itələyir. Çıxıq düzələndə xarakterik səs eşidilir.
Bundan sonra həmin yer gipsə qoyulur.



Sınıqçı metodu

Tibbi
metodla yanaşı, el arasında sınıqçı-çıxıqçı kimi tanınan insanlara da
tez-tez müraciət olunur. Bu işlə məşğul olan Fatma İbrahimova ona belə
problemlə müraciət edənlərin çox olduğunu bildirir: "Mən çoxdandır ki,
bu işlə məşğulam. Demək olar ki, hər gün yanıma adam gəlir. Onlar
arasında ən çox barmaq, bilək və ayaq barmağı çıxanlar olur. Ayağın
üstündəki xırdalıqların çıxığı, əsasən, böyüklər arasında baş verir.
Buna səbəb isə ağır bir şeyin ayağın üstünə düşməsidir. Ayağın
burxulması nəticəsində topuq çıxıqları da çox olur. Çıxığı yerinə
saldıqdan sonra yumurta sarısı ilə unu qarışdırıb zamas düzəldib ayağı
onunla sarıyıram və 4-5 günə xəstə sağalır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!