Uşağa necə yox deyək?

Uşağa necə yox deyək?
Bir Ana - Bir Bala
10.09.2017 25
"Hər istəyi həyata keçməyən uşaq zaman keçdikcə başa düşür ki, həyatda insanın istədiyi hər şey olmur”. 



Uşaqlara
düzgün olanı öyrətmək çox vacibdir. Çox zaman valideynlər uşaqlarına
"yox” deməyi ya bacarmır, ya da o qədər sərt şəkildə deyirlər ki, bu da
uşaqların tərbiyəsinə böyük təsir göstərir. 



Uşağa
"yox” deməyi də bacarmaq lazımdır. Bu sözü işlədərkən nə çox sərt, nə
də mülayim olmaq gərəkdir. Öncə nəzərə almaq lazımdır ki, uşaqlar da
böyüklər kimi hisslərə, duyğulara sahibdirlər. Onlar bəzən səbrsiz,
gurultulu və ya tələbkar ola bilərlər. Onların fikrincə, dünyanın
mərkəzindədirlər, dünya onların üzərində qurulub. Belə uşaqlardan bir
yetkin kimi davranmağı gözləmək onların hisslərinə toxunmaq deməkdir.
"Uşaqlar gərgin, əsəbi olanda onlara icazə verin ki, hisslərini yaşaya
bilsinlər. Arxasınca getməyin, icazə verin ki, tək qalıb əsəbini
sakitləşdirə bilsin. Sakitləşəndən sonra özü sizin yanınıza gələcək.
Uşaqlara onlar əsəbi olanda heç bir zaman şiddət göstərməyin, onları
döyməyin. Əksinə, hirsli uşağa sarılmaqla onu sakitləşdirə bilərsiniz”. 



Uşaqların
əsəbi davranışlarının arxasında mütləq bir ehtiyac durur. Bəlkə hansısa
bir sözünüz, davranışınız və ya evinizdə olan hadisə onu
kədərləndirdiyi üçün bu qədər əsəbi davranır. Onları başa düşməyə
çalışmaq, anlaya bilmək uşağın aqressiv davranışlarına son qoymağa
çalışmaq deməkdir. Əgər uşağınız kiçikdirsə və nədən əsəbləşdiyini,
etirazını deyə bilmək bacarağına malik deyilsə, özünüz ona yardım
göstəməyə çalışın. 



"Uşaqlarımız
bizdən inciyə, küsə bilərlər. Ancaq biz onlarla sərt davranmamalıyıq.
Çünki uşaq bizimlə formalaşır. Danışığı, düşüncələri, davranışlarını biz
formalaşdırırıq. Hər zaman uşağa yanında olduğunuzu hiss etdirməyi
bacarmağınız lazımdır. Uşağa əmr etməyin, ona seçmək haqqı buraxın.
Uşağa hansısa işi gördürmək istəyəndə çalışın, mülayim dillə danışın.
Əgər həddən artıq əsəbiləşmisinizsə, çalışın ki, uşağın olduğu mühitdən
uzaq durasınız. Uşaq sizi başa düşmürsə, ona "yox” deməyi bacarın”. 



Bəzən
valideynlər, uşağa az zaman ayırdıqları, onları ciddi tərbiyədə
böyütdükləri üçün "yox” deməklə uşağı qıracaqlarını düşünürlər.
Psixoloqun fikrincə, valideyn hər bir halda övladına "yox” deməyi
bacarmalıdır. Çünki "yox” kəlməsi uşağınızın həyat yolunda qarşısına
maneələrin çıxacağına alışmağa kömək edəcək. Hər istəyi həyata keçməyən
uşaq zaman keçdikcə başa düşür ki, həyatda insanın istədiyi hər şey
olmur. Bu da ona daha iradəli olmağa kömək edəcək. 



Məsləhət
görürük ki, uşağa yoldaş deyil, valideyn olmağa çalışın. "Bəzi
valideynlər var ki, övladı ilə dost, rəfiqə kimi davranır. Bu zaman uşaq
kimə sığınacağını bilmir. Unutmamaq lazımdır ki, uşağın hər zaman onu
qoruya bilən bir valideynə ehtiyacı var. Uşağa "yox” kəlməsini sakit,
yumşaq, isti, amma qərarlı şəkildə söyləyin. Elə demək lazımdır ki, uşaq
istəyini təkrar etmək fikrinə düşməsin. İstək təkrar olunsa belə, siz
yenə "yox” cavabını səbrlə təkrar etməlisiniz. Hər zaman "yox” deyərkən
öz həyatınızı da nəzərə alın. Əgər siz uşağınıza siqaretin ziyanlarından
uzun-uzadı danışıb, ona "çəkmək olmaz” deyib, amma özünüz çəkirsinizsə,
sizin dediyiniz "yox” qüvvəsiz olacaq. Uşaq yaxın rəfiqəsinin evinə
getmək istəyir, amma siz narazısınız. "Yox” deyin, amma onun üçün zamanı
səmərəli etməyi də unutmayın. Ona birlikdə film seyr etməyi, oyun
oynamağı təklif edin”. 



"Yox”
demək ağrıdıcı, ürküdücü və ya qırıcı ola bilər. Amma unutmamaq
lazımdır ki, uşağınızın şəxsiyyət kimi inkişafında bu "yox”ların böyük
rolu olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!