Uşaqlarda boyatma ləngiməsinin endokrin səbəbləri

Uşaqlarda boyatma ləngiməsinin endokrin səbəbləri
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 26
Uşağın boyunun artmasına praktiki olaraq bütün endokrin vəziləri, qidalanma və bir sıra digər faktorlar da təsir edir. Valideynlər hər zaman uşağın boyunun hər dövrdə yaşına görə olan normalara uyğun gəlib-gəlməməsi ilə maraqlanmalıdırlar.

Elə ailələr vardır ki, onlarda uşağın boyunun zəif artması irsi xarakter daşıyır. Belə uşaqlar ilk dövrlərdə zəif boy atır, sonradan hansısa bir dövr ərzində daha sürətlə boy ataraq son nəticədə normal boy həddinə çatırlar. Siz ailənizdə bu kimi irsi faktorun olmasına əmin olsanız da, hər halda həkimlə də məsləhətləşin.

Beləliklə, əgər siz uşağınızın boy artımının normadan az olduğunu aşkar edərsinizsə, ilk əvvəl pediatrla məsləhətləşmək lazımdır. Ona görə ki, tez-tez baş verən xəstəliklər, müxtəlif anadangəlmə və qazanılma patologiyalar da uşağın boyunun artmasına müəyyən təsir edir. Əgər pediatr tərəfindən uşağınızda daxili orqanların, boyun artmasını ləngidə bilən heç bir xəstəlik aşkar edilməzsə, o sizi mütləq endokrinoloqun da müayinəsinə göndərəcəkdir.

Uşağın boy artımını ləngidən səbəblərdən biri - hipofiz vəzisi (baş beyində yerləşir) tərəfindən boy hormonun kifayət qədər hazırlanmamasıdır. Bu ilk növbədə hipofizin özünün zədələnməsi səbəbindən ola bilər. Bu halda uşaqlarda həmçinin cinsi yetkinlik prosesi də ləngimiş olur, çünki hipofiz eyni zamanda cinsi yetkinləşməni tənzimləyən hormon hazırlayır. Onlarda boy artımının ləngiməsi 2-5 yaşlarda aşkar edilir. Bədənləri mütənasib şəkildə qurulmuş, skelet sümükləri isə nazik olur, daxili üzvləri normal uşaqlarda olduğundan xeyli dərəcədə kiçik olur. Belə uşaqların cinsi üzvləri də inkişafdan qalmış olur, ikincili cinsi əlamətlər nəzərə çarpmır. Xalq arasında bu xəstəliyə düçar olanları “liliputlar” adlandırırlar. Xoşbəxtlikdən bu çox nadir hallarda təsadüf edilən xəstəliklərdən hesab olunur. Halhazırda onların müalicə edilməsi üçün xüsusi preparatlar hazırlanmışdır.

Uşaqlarda boy artımının ləngiməsinin daha çox rast gəlinən səbəblərindən biri də anadangəlmə və ya qazanılma hipotireozdur. Bu xəstəlik zamanı qalxanvari vəz kifayət qədər tireoid hormonları hazırlaya bilmir. Bu hormonlar orqanizmin həyat fəaliyyətində çox vacib rol oynayaraq, maddələr mübadiləsini, orqanizmin böyüməsini və inkişafını tənzimləyir, ürək-qan damar sisteminə təsir edir. Bu hormonlar olmadan orqanizmin sinir sistemi normal şəkildə inkişaf edə bilməz.

Anadangəlmə hipotireozun səbəbi qalxanvari vəzin bətndaxili inkişafının ləngiməsi və ya zədələnməsi ola bilər. Anadangəlmə hipotireoz artıq südəmər dövründən uşağın boy artımının ləngiməsi şəklində özünü büruzə verir. Belə uşaqlar, adətən, əzgin, yuxulu, az hərəkətli, dəriləri quru, əl və ayaqları soyuq, səsləri kobud, dilləri isə daim ağızdan kənara çıxarılmış şəkildə olur. Xəstəliyə məruz qalmış uşaqlar gülümsəmir, oyuncaqlara maraq göstərmir, onlarda əksər hallarda qəbizlik olur, digər uşaqlardan fərqli olaraq vaxtında başlarını düz tutmur və düz otura bilmirlər.

Xəstəliyin müalicəsində hormonal preparatların tətbiq edilməsi tez bir zamanda yaxşı nəticə verməyə başlayır. Uşaqların boyu normal şəkildə artmağa başlayır, hipotireozun digər əlamətləri də keçib gedir. Hipotireoz zamanı sinir sisteminin normal fəaliyyətinin bərpası isə yalnız xəstəliyin müalicəsi tez başlandığı hallarda mümkün olur.

Hipotireoz daha çox hallarda qazanılmış olur. Normal şəkildə boy atan və inkişaf edən uşaq müəyyən bir müddətdə öz yaşıdlarına görə boy artımında ləngiməyə başlayır, onda əzginlik, yuxululuq, qəbizlik və digər hallar qeyd edilir. Əgər hipotireoz diaqnozu təstiq edilərsə, orqanizmdə hormon çatışmazlığını bərpa etmək üçün uşağa hormonal preparatlardan ibarət müalicə təyin edilir. Hormonların qəbul edilməsi endokrinoloqun nəzarəti altında (uşaq böyüdükcə onun hormona olan tələbatı da dəyişir) xəstənin ömrünün sonunadək davam etdirilir.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!