Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin günahkardır, yoxsa qaynana?
Evlilik
10.09.2017 38
Cəmiyyətin ən mühum problemlərindən biri qaynana-gəlin problemidir. Bu gün gənc ailələrin əksəriyyəti qaynana-gəlin problemi yaşayır. Düzdür, mən də bir evin gəliniyəm. Amma çox şükür ki, belə bir problemlə üzləşməmişəm. Ümid edirəm ki, üzləşməyəcəyəm də. Demək istədiyim də budur ki, yazdıqlarım müşahidələrimin nəticəsidir.



Bu məsələ ictimaiyyət arasında həmişə müzakirə obyektinə çevrilib. Lakin adıçəkilən məsələdə hələ də ortaq bir məxrəcə gəlmək mümkün olmayıb. Gəlin günahkardır, yoxsa qaynana? Əslində burada bütün günahı nə gəlinin üzərinə atmaq olmaz, nə də qaynananın. İlk baxışdan belə görünür ki, gəlin yaxşı olsa, qaynana da yaxşı olar. Bəzən isə gəlin nə qədər yaxşı olsa da, qaynana öz bildiyini edir. Amma çox zaman isə deyirlər ki, qaynana ana olsa, gəlin də ona qız olar. Amma çox təəssüf ki, bu deyimlər heç də həmişə özünü doğrultmur.



Əslində, ilk baxışdan belə anlamaq olar ki, gəlin və qaynananın fikirləri tamam üst-üstə düşə bilməz. Fikir ayrılığı məsələsini gəlin nəinki qaynanası ilə, hətta öz anası ilə də yaşaya bilər. Necə olur ki, qız anası ilə mübahisə edir və sonradan həmin mübahisəni unudur. Amma qaynana ilə mübahisə düşdüsə, böyük bir qalmaqala çevrilir. Onu da anlamaq olar ki, gəlin və qaynana arasında  yaş fərqi var. Onların dünya görüşləri fərqli olur. Ona görə də bütün məsələlərdə həmfikir ola bilməzlər. Bu baxımdan da gəlin qaynanaya, qaynana isə gəlinə güzəştə getməyi bacarmalıdır. İlk növbədə qaynana evinə gətirdiyi gəlininə ögey münasibət bəsləməməlidir. Oğlunu sevdiyi kimi gəlinini də sevməlidir. Ən azından düşünməlidir ki, onun da qızı başqa bir evin gəlinidir. Əgər gəlininə nədəsə irad tutursa, onu yumşaq şəkildə ona başa salmalıdır. Məsələn, " Qızım, filan işi gələn dəfə belə etsən, daha yaxşı olar".  Kobud şəkildə deməməlidir. Kobud şəkildə deyilən hansısa bir ifadə gəlinin xətrinə dəyə bilər. Və gəlinin qaynanaya münasibətini dəyişə bilər. Bəzən gəlinlər deyirlər ki, qaynanam mənə qarşı kinayəli ifadə işlədir "Görürsən, oğlum,  arvadın sənə mənim kimi baxa bilmir".  Lakin bu cür ifadələr işlətməyin yeri yoxdur. Bəzən isə qaynana gəlininə "oğluma yaxşı bax" kimi ifadələr işlədir. Amma burada da qaynananı anlamaq olar ki, o anadır. Oğlunu çox istədiyindən deyir. Bəzən isə bu cür ifadələr də gəlinlərin xətrinə dəyir. Acıqlı şəkildə "Məgər, pis baxıram" kimi cavablar da verirlər. Lakin belə məsələlərin dərininə getmək  düzgün deyil. Hesab edirəm ki, ailədə qaynana-gəlin münasibətlərini oğul tənzimləməlidir. Mən deyərdim ki, bu problemin kökündə qısqanclıq dayanır. Ana oğlunun tam nəzarəti altında saxlamaq istəyir. Gəlin isə həyat yoldaşının bütün diqqətini öz üzərində hiss etmək istəyir. Məncə, bu münasibətlərin korlanmasında həm qaynana, həm də gəlin günahkardır. Bəzən elə gəlinlər var ki, ailədə qaynanaya hörmət etmir. Öz bildiyini edir. Bəzi oğlanlar həyat yoldaşının kaprizlərinə görə anasını atır. Və çox zaman isə ananın kaprizlərinə görə həyat yoldaşından ayrılır. Ona görə də münasibətləri oğul özü qaydasına salmalıdır. Oğul elə etməlidir ki, ailədə nə ananın rolu, nə də həyat yoldaşının rolu sarsılmasın.



Günel Mehdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!