Ailədə ər-arvadın vəzifələrindən daha üstün rəftarları

Ailədə ər-arvadın vəzifələrindən daha üstün rəftarları
Evlilik
10.09.2017 10
Ən birinci məsələ ər-arvadın bir-biriləri ilə danışıq tərzidir.
Başqaları ilə də danışıq tərzinin necəliyinə - uşaqlarla və böyüklərlə
danışığın fərqinə, kişi və qadınla ünsiyyətin necəliyinə diqqət
göstərilməlidir. Uşaqlarla dialoq qurmaq onların inkişafında təsir qoyan
önəmli məsələlərdən biridir. Əksinə olduqda, yəni dialoq, fikir və
hisslərin bəyanı üçün şərait yaradılmadıqda uşağın səmimiyyəti məhv
olur, ətraf aləmlə tanışlığın qarşısı alınır. Ailə mühiti danışıq
tərzinin kamil inkişaf etdirilməsi üçün ən yaxşı məkandır. Evdəki
danışıq tərzi qadın üçün əhəmiyyət kəsb etdiyi qədər kişi üçün əhəmiyyət
kəsb etmir, kişi ancaq başqaları ilə birlikdə olduqda danışıq tərzinə
çox fikir verir. İslam təlimləri danışıq tərzinin necəliyi və məzmunu
haqqında tövsiyələr vermişdir və bu tövsiyələr danışığın əvvəlindən
başlayaraq sonuna qədər lazım olanları əhatə etmişdir.



Birinci növbədə, ailə üzvlərinin bir-biriləri ilə danışıq
tərzi olduqca ehtiramlı şəkildə olmalıdır. Sözsüz ki, bir-biriləri ilə
danışarkən səs tonu mülayim olmalıdır. Qurani-Kərim "Loğman” surəsi
19-cu ayədə ailədəki səs tonuna fikir verməyin əhəmiyyətini belə
bildirir: ” Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get)
və danışanda səsini qaldırma, çünki ən çirkin səs uzunqulaq səsidir!”



Mərifətli danışığın nişanələrindən biri ər-arvadın hər
birinin digərini ən çox xoşladığı adla çağırmasıdır. İkincisi: xüsusi
əhəmiyyət kəsb edən məsələlərdən biri ailə üzvlərinin bir-birinə olan
sevgisini sözdə büruzə vermələridir. Ailə üzvlərinin bir-birinə
sevgisini sözdə büruzə vermələri aralarındakı səmimiyyətin
dərinləşməsinə kömək edir. Üçüncüsü: ailə üzvlərinin sözdə
bir-birilərinə təşəkkür etmələridir. Valideynə təşəkkür etmək Allaha
təşəkkür etməklə bir sırada durur (Loğman surəsi, 14-cü ayə: (Biz insana
buyurduq:) "Mənə və ata-anana şükr et!”). Ər-arvad da diqqətə layiq
işlərin müqabilində bir-birinə təşəkkür etməlidir. Kişinin qadına
ailədəki zəhmətlərinə görə təşəkkür etməsi onu daha da həvəsləndirir və
bundan başqa ailədəki səmimiyyəti artırır.



Ailə mühitində Allahın verdiyi nemətlərdən söhbət açmaq çox
əhəmiyyətlidir, çünki bu, şəxslərin öz həyat tərzlərindən razı
qalmalarına kömək edir. Əslində şükr etməyin insanın özünə çox böyük
faydası vardır. İnsanlara edilən təşəkkür və göstərilən lütf Allaha
şükrün bir hissəsidir. Əks təqdirdə, yəni insanlara şükr etmədikdə şəxs,
Allaha da şükr etməmiş olur. Bu ailə üzvləri üçün də keçərlidir, çünki
hər kəs valideynlər, həyat yoldaşı, bəzən övladlar kimi maddiyyat və
səmimiyyətə duyulan ehtiyacı ödəyə bilmir.



Münasib danışığın qurulmasına bəzi rəftarlar mane olur və ailə
üzvləri bu rəftarlardan çəkinməlidirlər; Həmin rəftarlardan bəzilərini
diqqətinizə çatdırırıq: boş danışıq, bir-birinin sözünü kəsmək,
mübahisə, xüsusilə də əhəmiyyəti az olan məsələlər ətrafında mübahisə
aparmaq, əsas mövzudan kənara çıxmaq, təhdid və hədələmələr, kobud
sözlər (söyüş) işlətmək, məsxərəyə qoymaq, kəskin və tünd şəkildə tənqid
etmək və çox danışmaq. Məsələn: Bütün ailə üzvləri bir yerə
toplaşdıqda, bəzi ailə üzvlərinin gizli söhbət etmələri münasib deyil,
çünki bu digər ailə üzvlərinin narahatlığına səbəb olur. Quran
başqalarının qarşısında gizli söhbət etməyi birbaşa qadağan edib
(Mücadilə surəsi, 7-10-cu ayələr). İslam təlimləri istər ciddi, istərsə
də zarafatyana yalan danışmaq şəxsin aydın münasibət fəzasına zərər
yetirir. İkinci məsələ danışıq tərzi ilə deyil, ailə üzvlərinin
bir-birinə olan rəftarları ilə əlaqədardır. Burada bədən hərəkətləri
necə oturmaq, dayanmaq, digəri ilə tutduğu məsafə, üzün haləti
(tutqunluğu, təbəssümü), baxışların dikilməsi diqqət mərkəzində durur,
belə ki, bütün bu sayılanlar istər-istəməz öz təsirini göstərir.



İslam təlimləri şəxslərə tövsiyə edir ki, insanlarla, xüsusilə
də ailə üzvləri ilə gülər üzlə rəftar edin, çünki açıq və gülər üzlü
olmaq insanların qəlbini cəzb edir, məhəbbəti artırır, sevinc və şadlıq
gətirir, kini aparır. Mömin insan haqqında deyirlər ki, qəlbi dərdlə
dolsa da insanlarla təbəssümlə danışar. İnsanlardan üz çevirmək
münasibətlərə mənfi təsir göstərir və Quran insanları bu rəftarlardan
çəkindirir (Loğman surəsi, 18-ci ayə: "Adamlardan təkəbbürlə üz çevirmə,
yer üzündə lovğa-lovğa gəzib dolanma... ”) Ər-arvad bir-birinə
mehribancasına baxmalıdır; övladın valideyninə baxışı, valideynin
övladına baxışı belə olmalıdır.



Ailə mühitindəki rəftarlara dair verilən tövsiyələrdən bir
hissəsi mühitin təmizliyinə, ər-arvadın bir-biriləri üçün, ailə
üzvlərinin bir-biriləri üçün təmizliyə riayət etmələrinə aiddir. Yəni
hər bir ailə üzvü ailə daxilində də təmizliyini qorumalıdır. Bu,
məhəbbətin artmasına səbəb olur. Ən əsası isə ailə üzvlərinin bir yerə,
xüsusilə, axşamçağı bir yerə yığışmasıdır. Peyğəmbər (s) ailə ilə
birlikdə olmağın Mədinə məscidindəki ibadət və etikafdan daha çox Allaha
xoş gəldiyini elan etmişdir. Ailə ilə birgə süfrə arxasında oturmağın
əhəmiyyəti haqqında isə Peyğəmbər (s) belə buyurur: "Hər bir kişi yemək
süfrəsini açıb, öz arvad-uşaqlarını süfrəyə dəvət edərsə və Allahın adı
ilə yeməyə başlayıb, Allaha şükrlə yeməyi bitirərsə süfrə hələ
toplanmamış Allahın rəhməti və əhvi onlara nazil olar .”



İslam təlimlərində qadınla kişini ev işlərində bir-birinə
kömək etməyə şövqləndirən maraqlı nöqtələr vardır: "Əgər qadın və ya
kişi öz həyat yoldaşına bir qurtum su içirtsə, bunun savabı bir illik
oruc və gecə ibadətlərinin savabından çox olar, həyat yoldaşına
içirtdiyi hər qurtum suyun müqabilində Allah cənnətdə bir şəhərin
binasını qoyar və onun altmış günahını bağışlar”. "Ev işlərini görmək
məqsədilə bir əşyanı bir yerdən digər yerə qoyan qadına Allah nəzər
salar və Allahın nəzər saldığı kimsə əzab görməyəcək”.



Bütün bu tövsiyyələrə əməl edənlərin ailə fəzasını müsbət və səmimiyyətlə dolu əhval-ruhiyyə bürüyər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!