Ailədə əxlaq və davranış qaydaları

Ailədə əxlaq və davranış qaydaları
Evlilik
10.09.2017 14
Ailə
– cəmiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və
düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə
gəlməsinə şərait yaradacaqdır. Amma əgər ailədə təlim-tərbiyə sönük və
puç əxlaq əsasında qurularsa, təbii ki, qeyri-insani bir cəmiyyətin
formalaşmasına səbəb olacaqdır. Bu baxımdan ailədə əxlaq davranışlarını
üç əsas hissəyə bölmək olar: 

1. Ər-arvad davranışı; 

2. Övlad-valideyn davranışı; 

3. Valideyn-övlad davranışı; 

Ər və arvad hər bir ailənin mehvəri və özəyidir. Bu iki mühüm
şəxsin mehr və əməyi sayəsində ailə kamilləşir və cəmiyyətdə özünə layiq
olan məqamı qazanır. Amma çox təəssüflər olsun ki, bir çox ailələrdə ər
və arvadın bəzi mühüm məsələlərə etinasız münasibəti böyük problemlərin
yaranmasına səbəb olur və sonradan bunun qarşısını almaq ya çox çətin,
ya da qeyri-mümkün olur. 

Ər və arvad həyatın bütün «eniş-yoxuşunda», «isti-soyuğunda»
bir-biri ilə şərik olmalı, qarşıya çıxan bütün problemləri səbirlə və
düzgün şəkildə həll etməlidirlər. Onlar bağladıqları əhd-peymana sadiq
qalmalı, bir-birinə qarşı maddi, mənəvi köməyi əsirgəməməli, özlərinin
heysiyyət və şərəflərini qoruyub saxlamalı və nəhayət, lazımi kamilliyə
çatmaq üçün birgə çalışmalıdırlar. 

Ailədə əxlaqi davranış çərçivəsində ər-arvadın əsas xüsusiyyətləri kimi aşağıdakıları qeyd etmək lazımdır: 

1) Ehtiram 

Ər və arvadın əsas vəzifələrindən biri bir-birinə qarşı hörmət və
ehtiramla yanaşmalarıdır. Əslində, ailə üzvləri arasındakı ehtiram və
hörmət məcburiyyət üzündən deyil, pak sevgi və məhəbbətə söykənərək
İlahi razılığı qazanmaq məqsədilə olmalıdır. Allah-Taala Qurani-Kərimdə
İsra surəsinin 70-ci 

ayəsində buyurur:َ

«Həqiqətən, Biz Adəm övladlarına kəramət və şərafət bəxş etdik». 

Sözsüz ki, Allah-Taala yanında ehtiramlı olan bir şəxs digər
fərdlərin yanında da ehtiramlı olacaqdır. Bu baxımdan ailədə qarşılıqlı
hörmət və ehtiramın zəruriliyi barədə İmam Baqir (ə) buyurub: «Ailə
quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir». 

Başqa bir hədisdə isə Allah Rəsulu (s) ərini qəzəbləndirən və
xoşhal edən qadınlar haqqında belə buyurmuşdur: «Vay olsun o qadına ki,
ərini narahat edib qəzəbləndirər və xoş o qadının halına ki, ərini
özündən razı edər». 

Əziz İslam Peyğəmbəri (s) bir çox hədislərdə qadınına əziyyət
verən kişiləri məzəmmət edərək belə buyurmuşdur: «Hər kim zövcəsini
günahı olmadan vursa, Qiyamətdə mən onun düşməniyəm. Qadınlarınızı
vurmayın. Çünki hər kimi zövcəsini nahaqdan incitsə, Allaha və
Peyğəmbərə (s) qarşı günah etmişdir». 

2) Məhəbbət 

Ailənin davamlı və möhkəm olması üçün zəruri şərtlərdən biri də
məhəbbətdir. Əgər bir ailədə qarşılıqlı məhəbbət, sevgi hökm sürərsə,
şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmamazlıq sarsıda bilməz,
belə ki, ər-arvad qarşılıqlı məhəbbət əsasında qurduqları sadə və mənalı
həyatlarını heç bir maddi istəklərə qurban verməzlər. 

Məhəbbətin ər-arvad arasında əsas meyar olması barədə Allah-Taala Rum surəsinin 21-ci ayəsində belə buyurur:

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən
zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da
Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən
bir qövm üçün ibrətlər vardır!». 

Ailə həyatının soyuq və quru keçməməsi üçün əksər hallarda ər və
arvad bir-birilərinə olan məhəbbəti dilə gətirməli, özlərinin həqiqi
sevgilərini elan etməlidirlər. Çünki yalnız bu cür sevgi və məhəbbət
elanı onları yersiz bədgümanlıqdan xilas edər və ailə bünövrəsinin daha
da möhkəmlənməsinə səbəb olar. 

Allahın Rəsulu (s) buyurub: «Qadınlarınıza olan məhəbbətinizi
izhar edin, bu halda onların sizə əlaqə və xatircəmliyi çoxalacaqdır». 

Peyğəmbər (s) digər bir hədisdə qadınların pisixologiyasına işarə
edərək buyurur: «Kişinin qadınına söylədiyi «səni sevirəm» kəlməsi heç
vaxt onun qəlbindən silinməz. Bu da səbəb olar ki, qadın ərinə eşq
göstərsin və çətinliklərdə ona arxa və kömək olsun». 

3) Mülayimlik 

Adətən, hər bir insan, başqaları ilə şirin, mehriban və mülayim
davranmağı özünə borc bilir və hər cür kəskin, tünd və qəzəbli
davranışdan bacardığı qədər çəkinir. 

Cəmiyyətdə səmimi dostluğun və mehribanlığın yaranmasına səbəb
məhz insanların belə gözəl əxlaqa sahib olmalarıdır.. Allah-Taala
Qurani-Kərimdə Peyğəmbərə (s) xitabən buyurub:

«Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində
onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın,
onlar mütləq sənin ətrafından dağılışardılar» (Ali-İmran surəsi, ayə
159). 

Deyilənlərdən aydın olur ki, səmiyyət, mehribanlıq və mülayimlik
ailədə daha lazımlı və zəruridir. Dünya xanımlarının seyyidəsi Həzrət
Fatimə (s.ə) də ümməti mehriban və mülayimliyə dəvət edərək buyurur:
«Sizin ən yaxşınız camaatla mülayim və mehriban rəftar edənlər, ən
dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır». 

4) Güzəşt 

Cəmiyyətdə lazım olan mühüm məsələlərdən biri də güzəşt və
əfvdir. Bu gözəl və insani əxlaqın cəmiyyətdə formalaşması
kin-küdurətin, bədbinliyin və digər rəzil əxlaqi xüsusiyyətlərin aradan
getməsinə səbəb olur. Allah-Taala Qurani-Kərimdə belə buyurur:

«Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində
olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə
bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and
içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və
(təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını
istəmirsiniz? Allah çox bağışlayan və mehribandır» (Nur surəsi, ayə
22). 

Əli (ə) güzəşt və əfvi comərdlik hesab edərək buyurur: «Özgələrin günahını bağışlamaq comərdlik nişanəsidir». 

Güzəşt və bağışlamaq, həyat yoldaşının bəzi xətalarını
görməməzliyə vurub əfv etmək ailədə ər və arvad münasibətlərində çox
lazımlı və inkar edilməz bir həqiqətdir. Həzrət Əli (ə) bu həqiqəti
xatırladaraq belə buyurur: «Hər bir halda qadınlarla mülayim və güzəştli
olun (hətta öz vəzifələrinə əməl etməsələr də), onlarla mehriban və
yaxşı davranın. Mümkündür, bu yolla onlar da öz vəzifələrini layiqincə
yerinə yetirsinlər». 

Allah-Taаla Qurani-Kərimdə Özündən sonra valideynin yüksək məqam
sahibi olduğunu önə çəkir və ata-anaya hörmət etməyi əmr edərək buyurur:

«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi
(onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və
ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə,
onlara: «Uf!» – belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla
xoş danış!» (İsra surəsi, ayə 23). 

Ayədən də görünür ki, hər bir şəxs Allaha itaət və ibadət etməklə
yanaşı, öz ata-anasının da xidmətində durmalı, onlara qulluq etməli və
İlahi əmrə zidd olmayan hökm və göstərişlərindən çıxmamalıdır. 

İmam Sadiq (ə) bu ayənin, yəni, «valideynlərinizə yaxşılıq edin»
ayəsinin təfsirində belə buyurur: «Ata-anaya ehsan və yaxşılıq, onlarla
mehriban və mülayimliklə rəftar etmək və həmişə xidmətində hazır
olmaqdır». 

Valideynlərə xidmət və ehtiram mövzusunda Peyğəmbərin (s)
zamanında baş verən bir hadisəni nəzərinizə çatdırmaq istəyirik: 

Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib dedi: «Atam və anam
dünyadan köçmüşdur. Yenə də onlara yaxşılıq etmək üçün imkan varmı? 

Həzrət (s) buyurdu: «Bəli. Onlar üçün namaz qıl, əhdlərini yerinə
yetir, Allahdan günahlarının əfv olunmasını dilə, dostlarının
ehtiramını saxla, əlaqələrini kəsdikləri qohumlarla əlaqə yarat». 

Başqa bir rəvayətdə isə qeyd olunur ki, bir nəfər Peyğəmbərin (s) yanına gəlib: «Ya Rəsuləllah, mənə nəsihət et» – dedi. 

Həzrət (s) buyurdu: «Allaha heç zaman şərik qoşma, çünki bu işin
cəhənnəm əzabında yanmağına bais olacaqdır. Ata-ananın diri və ya ölü
olmasından asılı olmayaraq, onlara yaxşılıq et...» 

Peyğəmbər (s) çoxlu sayda hədislərdə valideynlərin razılığının
İlahi razılığa vəsilə olması barədə buyurmuşdur: «Valideynləri həmişə
özünüzdən razı edin. Bir şəxs ata-anası ondan razı halda sabahlayarsa,
Allah-Taala cənnətin iki qapısını onun üzünə açar. Amma ata və ana
övladından gün ərzində narazı olarsa, Allah cəhənnəmin dörd qapısını
onun üzünə açar». 

«Cənnətin könül oxşayan iyi beş yüz illik fasilədən hiss olunur,
amma qohumlarla əlaqəsini kəsən və ata-anasının qarğışına düçar olan
şəxs heç vaxt o gözəl iyi duymayacaqdır». 

Mədinəyə hicrət edən zaman bir nəfər Peyğəmbərə (s) yaxınlaşıb
dedi: «Mən də sizinlə mühacirət etmək istəyirəm. Amma ata-anam
nigarandırlar və onların göz yaşları məni narahat edir». 

Peyğəmbər (s) buyurdu: «Evinə qayıt və onları ağlatdığın kimi də xoşhal et». 

İmam Kazim (ə) buyurur: «Bir nəfər Peyğəmbərdən (s) valideynin
hüququ barəsində soruşduqda Həzrət (s) belə buyurdu: «Övlad onları adı
ilə çağırmasın, önlərində yol getməsin, onlardan qabaq oturmasın və elə
rəftar etməsin ki, onun ucbatından ata-anasını məzəmmət etsinlər». 

İslami rəvayət və hədislərdə təkidlə vurğulanır ki, ata-anaya
məhəbbət göstərmək və onların xidmətində durmaq hamının riayət etməli
olduğu və məsuliyyət daşıdığı məsələlərdəndir. Bu barədə İman Sadiq (ə)
belə buyurmuşdur: «Üç şeyi tərk etmək heç kəsə icazə verilmir: 

1. İstər dost olsun, istərsə də düşmən, heç kəsin əmanətinə xəyanət etməmək; 

2. Kimliyindən asılı olmayaraq əhdə vəfa etmək; 

3. Hətta kafir olsalar belə, ata-anaya məhəbbət və xidmət etmək». 

Valideyn-övlad davranışlarına gəlincə isə İmam Səccaddan (ə) nəql
olunan bir hədisə nəzər yetirmək yaxşı olardı: «Övladın haqqı odur ki,
uşaq valideynə mənsubdur və onun bu dünyada yaxşı və pis əməllərinə
cavabdehdir. Ona yaxşı ədəb öyrətməli, aləmləri yaradan Rəb-bimizi
tanıtdırmalı və Allaha ibadətdə ona kömək etməlidir. Yəqin bilin ki,
əgər övladlarınıza yaxşılıq etsəniz, savaba yetişəcək, yox, əgər pislik
etsəniz, cəzasını görəcəksiniz». 

İslam Peyğəmbəri də (s) hədislərdə valideyn-övlad davranışlarına
toxunmuşdur: «Valideynin övlad üzərində hüquqları olduğu kimi, övladın
da valideyn üzərində hüquqları vardır». 

Hər bir valideyn uşaqlarının təlim-tərbiyəsində ciddi səy
göstərməli və bu yolda imkan daxilində əlindən gələni əsirgəməməlidir.
Unutmaq olmaz ki, hər bir ailədə tərbiyə olunan övlad valideynin,
xalqın, millətin gələcəyidir. Əgər övlad layiqli tərbiyə əsasında
böyüdülərsə, şübhəsiz, sabah ölkəsinin xidmətində durub onu müdafiə
edəcəkdir. 

Əmirəl-möminin Əli (ə) övladın hüquqlarını belə xatırladır: «Hər
bir atanın borcudur ki, övladına gözəl ad qoysun, gözəl tərbiyə versin
və ona Quran oxumağı öyrətsin». 

Başqa bir hədisdə İslam Peyğəmbəri (s) uşaqlara namazı təlim
verməyi tövsiyə edərək buyurur: «Övladlarınız yeddi yaşına çatdığı zaman
onlara namazı öyrədin». 

Məlumdur ki, namaz və Quran əhval-ruhiyyəsi əsasında tərbiyə
olunan bir uşaq yetkinlik yaşına çatdıqdan sonra da bu yolu davam
etdirəcək, azğın, əyri yollara düşməyəcəkdir. Beləliklə, tərbiyə aldığı
İslam əxlaqına əsasən həmişə valideynlərinin və xalqın xidmətində
duracaqdır. 

Valideynin əsas və həssas vəzifələrindən biri də övladları
arasında ədalət və bərabərliyi gözləməkdir. Bu haqda Peyğəmbərimiz (s)
belə buyurmuşdur: «Övladlarınıza hədiyyə aldıqda ədalətə riayət edin» və
ya «Allahdan qorxun və övladlarınızın arasında insafla rəftar edin,
necə ki, sizinlə də ədalətlə rəftar edilməsini xoşlayırsınız». 

Valideyn-övlad münasibətlərində ata-ananın əsas diqqət yetirməli
olduğu incə nöqtələrdən biri də övlada qarşı mehriban və səmimi
olmaqdır. 

İman Sadiq (ə) İslam peyğəmbərindən (s) rəvayət etdiyi bir
hədisdə belə buyurur: «Allah övladını öpən valideyni mükafatlandıracaq
və onları şad edənləri isə qiyamət günü şad edəcəkdir. Peyğəmbər (s)
«Övladlarınızı sevin və onlara məhəbbət göstərin» – deyə buyurmuşdur». 

Təbii ki, övladın ən çox ehtiyac duyduğu hisslərdən biri
ata-ananın nəvaziş və məhəbbətidir. Uşaqlar valideynlərinin onlara qarşı
səmimi, mehriban və qayğıkeş olduqlarını hiss etmək istəyirlər. Yalnız
bu zaman onlar da hər hansı bir hadisə ilə üzləşdikdə valideynə müraciət
edəcək, onların xeyirxah məsləhətlərinə qulaq asacaqlar. Valideyn
məhəbbətindən məhrum olan uşaqlar isə evdə özlərini yad hiss edir, ailə
mühitindən narazı olur və həmişə məyus görünürlər. 

Peyğəmbər (s) İmam Həsəni (ə) öpərkən Əqrə ibni Habis dedi:
«Mənin on övladım var. Amma indiyə kimi heç birini öpməmişəm». Həzrət
(s) buyurdu: «Özgələrinə məhəbbət və rəhm etməyənə Allah rəhm
etməyəcək». 

Valideynlər çalışmalıdırlar ki, övladlarını düzgün üsullarla
tərbiyə etsinlər və onlara verdikləri vədləri yerinə yetirsinlər. Əks
halda uşaqlar onlara qarşı etinasızlıq edəcək və onların sözlərinə
əhəmiyyət verməyəcəklər. Necə ki, İmam Kazım (ə) buyurub: «Övladlarınıza
vəd verdiyiniz sözə əməl edin, çünki onlar sizi özlərinin ruzi
yetirənləri hesab edirlər».скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!