12 sualda hamiləliyin izlənməsi

12 sualda hamiləliyin izlənməsi
Hamiləlik
10.09.2017 15
1. Hamiləlikdə həkim nəzarətinin məqsədi nədən ibarətdir?
Hamiləlik əslində bir xəstəlik deyil, fizioloji haldır. Amma, bir
sıra riskləri özqndə daşıyan haldır. Həmin risklər həm ananın, həm də
uşağın həyatı ucun təhlükəli ola bilər.
Beləliklə, bizim hamiləliyin gedişini izləyib nəzarət altında
saxlamaqda məqsədimiz bu riskləri, təhlükələri vaxtında aşkar edib,
patoloji hal meydana çıxmadan qarşısını almaqdan ibarətdir. Hamiləliyin
gedişini izləyərkən əsas məqsədimiz: sağlam ana və sağlam uşağa nail
olmaqdır.
2. Bəs hamilə qadın hamiləlik müddətində necə dəfə həkimə müraciət etməlidir?
Əslində bu sualın konkret cavabı yoxdur. Hamilə qadın hamiləliyin
müəyyən dövrlərində müəyyən məqsədlərlə müayinə edilməlidir ki, bu da
individual olaraq fərqli ola bilər.
3. Hamilə qadın ilk dəfə nə vaxt həkimə müraciət etməlidir?
Əslində ən ideal variant bir qadının hamilə qalmadan, ana olmağı
planlaşdırdıqda həkimə müraciət etməsidir. Bir nüansı qeyd edək ki, bəzi
qadınlarımız həyatı boyunca ilk dəfə hamilə qaldıqda həkimə gedirlər.
Beləliklə, ola biləcək gizli xəstəliklər və ya riskli vəziyyətlər də məhz bu vaxt aşkara çıxır.
Hamiləlikdən əvvəl həkimə müraciət etməklə bu risikli vəziyyətlərin
həm ananın sağlamlığına, həm də gələcək hamiləliyin gedişinə mənfi
təsirinin önünə keçmiş olarıq. Məsələn, normal halda heç bir şikayətə
səbəb olmayan bir ürək xəstəliyi hamilə qaldıqdan sonra ananın həyatını
ciddi təhlükə ilə qarşı-qarşıya qoya bilər. Ya da gizli keçən bir
qalxanabənzər vəzi çatışmazlığı və ya şəkərli diabet dolun inkişafına öz
mənfi təsirini göstərə bilər.Digər tərəfdən, döldə sinir borusu defekti
dediyimiz anomaliyaların profilaktikası ucun təyin etdiyimiz Fol
turşusu adlı vitamini də hamilə qalmamışdan 3 aydan əvvəl qəbul etməyə
başlamaq lazımdır. Bunu da yaxın 3 ayda hamilə qalma ehtimalı olan gənc
xanımlarımızın nəzərinə xüsusilə çatdırmaq istərdim.
4. Hamilə qaldıqdan sonra ilk müayinə nə vaxt olmalıdır?Hamilə
qalmanın ilk əlaməti gözlənilən menstruasiyanın olmamasıdır. Əgər
menstruasiyada 1 hələlik bir gecikmə varsa, həkimə müraciət etmək
lazımdır. Bizim qadınlarımız çox vaxt artıq hamiləlik testindən istifadə
etmiş olurlar və bizə müraciət etdikdə "həkim, məndə menstruasiya
gecikməsi var” şikayəri ilə yox, "həkim, mən deyəsən hamiləyəm, test
etdim, bir qırmızı, bir çəhrayı zolaq çıxdı, nə etməliyəm?” sualı ilə
müraciət edirlər.
Hər iki halda da bizim ilk işimiz həmin qadını müayinə edib hamiləlik
diaqnozunu təsdiq və ya inkar etmədə ibarə olur. Bu məsələ ginekoloji
müayinə etdikdən sonra bizə ultra müayinəsi əvəzedilməz kömək
göstərir. Belə ki, müasir dövrdə ginekoloji müayinəni, xüsusilə də
hamiləliyin izlənməsini ultrasəs müayinəsi olmadan təsəvvür etmək mümkün
deyil.
Menstruasiya gecikməsi olan bir qadında, ultrasəs müayinəsi hamiləlik
varsa, təsdiq edir, normal uşaqlıq daxili bir hamiləlik olduğunu
göstərir. Hamiləliyin ilk günlərində ultrasəs müayinəsi uşaqlıq
daxilində hamiləlik kisəsini göstərməyə bilər, belə olan halda biz qanda
hamiləlik hormonunun təyin edilməsinə əl atırıq.
Bu hormon müsbət çıxarsa, yəni hamiləlik olduğunu göstərərsə,
hormonun səviyyəsinə görə 2-3 gün və ya bir həftə sonra ultrasəs
müayinəsini təkrarlamaqla hamiləliyin normal uşaqlıq daxilində olduğunu
təsdiq edirik.
Hamiləlik hormonunun təyini və ultrasəs müayinəsinin tibbdə tətbiqi
sayəsində hamiləliyin erkən diaqnostikası və uşaqlıqdan kənar hamiləlik
kimi bir təhlükəli xəstəliyin vaxtında aşkar edilməsi, izlənməsi və
müalicəsi günümüzdə asanlaşmışdır.
5. Hamiləliyi təsdiq etdikdən sonra nə edilməlidir?
Hamiləlik diaqnozunu qoyduqdan sonra hamilə qadının sonrakı
müayinələrini və verəcəyi analizləri həm özümüz üçün planlaşdırmalı, həm
də bunları hamilənin özü ilə bölüşməliyik. Ultrasəs müayinəsi əsnasında
hamiləlik kisəsini gördükdən sonra, canlı rüşeymi də görməliyik. Bu da
hamiləliyin 6 – 7-ci həftələrindən sonra mümkün olur ki, bir sonrakı
ultrasəs müayinəmiz də həmin vaxtdan sonra həyata keçirilməlidir.
O vaxta qədər isə hamilə qadın qan qrupu, qanın ümumi analizi və
bətndaxili infeksiyalara görə analizləri də verməlidir. Bunlara qanda
şəkər testini, böyrək, qaraciyər, qalxanabənzər vəzi funksiyasını əks
etdirən analizləri də əlavə etmək olar.
Laborator və instrumental müayinə metodlarının köməyindən istifadə
edərkən klassik müayinə metodlarımızı da unutmamalı, hamilə qadının
tibbi keçmişini sorğulamalı, ümumi baxışı həyata keçirməli, orqan və
sistemləri müayinə etməliyik.
Boyunu, çəkisini, arterial təzyiqini, qarın perimetrini ölçüb qeyd
etməliyik. Belə ki, hamilə qadının daha əvvəl keçirdiyi xəstəliklər,
istifadə etdiyi dərmanlar, allergik vəziyyəti, keçirdiyi əməliyyatlar,
əvvəlki hamiləliklərin gedişi və nəticəsi çox əhəmiyyətli
informasiyalardır.
6. Hamilə qadın yeməyində, istirahətində, gündəlik fəaliyyətində nələrə diqqət etməlidir.
Heç bir şikayəti olmayan, normal hamiləlik keçirən qadın fiziki
aktivliyini məhdudlaşdırmamalıdır. Ağırlıq qaldırmaq istisna olmaqla,
yerimək və üzmək kimi yüngül idmanla məşğul ola bilər. Tez-tez və az-az
yemək, bol meyvə-tərəvəz yeyib, karbohidratlı qidalardan uzaqlaşmaq
məsləhətdir.
Bitki mənşəli qidalara üstünlük verib, şirniyyatdan və ağ çörəkdən
imtina etmək, un məmulatlarını, xəmir xörəklərini minimuma endirmək
lazımdır.
Maye qəbulunu unutmamalı, ən ideal variant isə, çoxlu su içməlidir.
Hamiləliyin ilk 3 ayında ürək bulanma və qusma şikayətləri çox olur. Bu
hissi azaltmaq üçün daha çox quru və soyuq yeməklər yemək, yağlı və isti
yeməklərdən qaçmaq lazımdır.
7. Hamiləliyin təsdiqindən və ilk analizlər verildikdən sonra nə vaxt müayinə təkrarlanmalıdır?
Sonrakı müayinədə məqsəd canlı rüşeymi görməkdən ibarətdir. Bu da,
yuxarıda dediyimiz kimi, hamiləliyin 6 – 7-ci həftələrindən sonra mümkün
olur. Çox vaxt ilk müayinədən 10 – 15 gün sonraya uyğun gəlir.
Canlı rüşeymi gördükdən sonra, normal gedişli bir hamiləlikdə sonrakı
müayinənin məqsədi dölün xromosom anomaliyaları baxımında
qiymətləndirilməsindən ibarətdir. Bu məqsədlə 11– 14-cü hamiləlik
həftələri arasında ultrasəs müayinəsi ilə dölün uzunluğunu müəyyən edir,
ənsə dərisinin qalınlığını ölçürük. İkili test dediyimiz qan analizini
də əlavə edərək xüsusi hesablama sistemi ilə Daun sindromu başda olmaqla
xromosom anomaliyası ehtimalını hesablayırıq.
8. Bəs dölün cinsiyyətini nə vaxt təyin etmək mümkündür?
Dölün bütün orqan və sistemləri 12-ci həftədə öz inkişafını
tamamlayır. Yəni, nəzəri olaraq dölün cinsiyyətini 12-ci həftədə
ultrasəs müayinəsi ilə görmək mümkündür. Amma praktikada bu hər zaman
mümkün olmur. Döl nə qədər kiçik olarsa cinsiyyətini görmək o qədər
çətin olar və yanılma ehtimalı da o qədər yüksək olar.
İstər cinsiyyət, istərsə də digər orqanları qiymətləndirmək üçün ən
ideal vaxt 18 – 24-cü həftələr arasındakı dövrdür ki, sonrakı müayinəmiz
də məhz bu vaxta düşür. Bu dövrdə həyata keçirdiyimiz ultrasəs
müayinəsi ilə ola biləcək anomaliyaları aşkara çıxarmağa çalışırıq.
9. Belə çıxır ki, hamiləlik zamanı ayda bir dəfə aparılan bütün müayinələr kor-koranə aparılmır, müəyyən məqsədlər üçün aparılır. Bəs sonrakı müayinənin məqsədi nədir və nə vaxt olmalıdır?
Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, hamiləlik müəyyən
riskləri özündə daşıyan bir vəziyyətdir. Bu risklərdən biri də şəkərli
diabetdir. Hamiləlik diabetə meyilli bir vəziyyətdir. Diabetin özü isə
hamiləliyin gedişində və döldə müəyyən patologiyaların yaranmasına səbəb
olur.
Buna görə də gizli formada olan şəkərli diabeti vaxtında üzə
çıxartmaq və müalicə etmək lazımdır. Bu məqsədlə hamiləliyin 24 – 28-ci
həftələri arasında şəkər yükləmə testi həyata keçirilir.
10. Hamiləliyin son 3 ayında müayinələr necə olmalıdır?
28-32-ci həftələr arasında dölün inkişafını qiymətləndirmək məqsədi
ilə ultrasəs müayinəsi həyata keçirilir. Bundan sonrakı müayinələr
getdikcə daha qısa fasilələrlə olur.
Bu müayinələrdə dölyanı mayenin həcmi, və dölün ürək vurğularını
kardiotokoqraf adlı cihazla qeydiyyatı böyük əhəmiyyət kəsb edir. Hər
müayinədə ananın çəkisi, arterial təzyiqi mütləq qeyd edilməlidir.
11. Hamilə qadın hansı dərmanları qəbul etməlidir?
Hamilə qadın xəstə deyilsə, dərman qəbul etmək məcburiyyətində deyil.
Amma hamiləlikdə dəmir çatışmazlığı tez-tez qarşımıza çıxan
problemlərdən olduğundan dəmir preparatlarının qəbulu bütün hamiləlik dövründə məsləhətdir.
12. Çox hamilə qadınlarla rastlaşırıq ki, dölyanı mayenin bulanıqlığı, tonus, infeksiya kimi diaqnozlar qoyulur. Elə təsəvvür yaranır ki, problemsiz hamilə yoxdur. Doğrudan da belədirmi?
Əlbəttə ki belə deyil. Dediyiniz mövzular haqqında bir-iki cümlə qeyd
etmək istərdim. Tonus-uşaqlığın yığılmasına deyilir. Uşaqlıq əzələvi
orqandır. Əlbəttə ki müəyyən tonusu olmalıdır və bu bir patoloji hal
deyil. Digər tərəfdən uşaqlığın tonusu ultrasəslə görünən bir hal deyil
və ultrasəslə belə bir diaqnoz qoyulması tibb elminə ziddir.
Amnion mayesinin bulanıqlığı da ultrasəslə görünən bir hal deyil.
Belə ki, ultrasəs səs dalğalarının müxtəlif sıxlıqdakı toxumalardan
müxtəlif dərəcədə əks olunması prinsipinə əsaslanır. Buna görə də
ultrasəs toxuma və mayelərin sıxlığını əks etdirə bilər, amma rəngini
əks etdirə bilməz.
Yəni mayenin bulanıq olub-olmadığını göstərə bilməz. O ki qaldı
infeksiyalara, əlbəttə ki, bətndaxili infeksiyalar müəyyən
anomaliyaların əmələ gəlməsində rol oynayır və hamiləliyin erkən
dövründə aşkara çıxarılmalıdır.
Amma, bu diaqnostik metodları düzgün həyata keçirib, düzgün şərh
vermək lazımdır. Həm də, hamımızın keçirmiş olduğumuz məxmərək,
sitomeqalovirus, toksoplazma kimi infeksiyalara qarşı uşaqlıq dövründə
əmələ gəlmiş köhnə anticisimləri göstərməklə, bətndaxili infeksiya
diaqnozu qoymaq olmaz.
Yuxarıda toxunduğumuz bu tip yanlış diaqnozlarla hamilələri qorxutmaq
bir yana, digər yandan da, lazımsız müalicələr təyin etmək daha da
xoşagəlməz bir vəziyyətdir. Əslində bu və digər patoloji hallar və ya
şübhələr hər biri ayrı bir söhbətin mövzusudur. Bu gün biz normal
hamiləlik və onun izlənməsi haqqında danışmaq istədik. Arzu etsəniz
gələcəkdə ayrı-ayrı hamiləlik patologiyaları haqqında da söhbət edərik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!