Körpənin dünyaya gəlişi

Körpənin dünyaya gəlişi
Hamiləlik
10.09.2017 17
Doqquz ay bitdi. Siz övladınızı qucağınıza aldınız. Körpənin dünyaya gəlişi hər bir ananın həyatında ən həyəcanlı anlardan biridir. Bu balaca varlıq anada həm sevinc, həm də qorxu hissi yaradır. Bu qorxu nəticəsində də anada postnatal depressiya təhlükəsi yaranır. Statistikaya görə 50-60% qadın bu diaqnozla üzləşir. Ana bu zaman özü də anlamadığı hissləri keçirir. Əhval ruhiyyənin tez-tez dəyişməsi, emosional gərginlik, körpəyə qarşı marağın itməsi, özünə qarşı diqqətsizlik, yuxusuzluq, iştahın, çəkinin dəyişməsi, bədbinlik, ölüm və intihar haqqında fikirlər, yüksək qıcıqlanma hissi bunlara misal ola bilər. Əgər sadalanan hallar iki həftədən çox davam edirsə, bu artıq postnatal, yəni doğuşdan sonrakı depressiyadır. Bu narahatçılıq adətən doğuşdan sonra ortaya çıxır və bir neçə ay davam edir. Bəzi hallarda proses doğuşdan bir neçə ay keçəndən sonra da müşahidə oluna bilər. Postnatal depressiya üç əsas səbəbə görə yaranır: fizioloji, psixoloji və genetik. Fizioloji səbəbi həkimlər doğuşdan sonra baş verən hormonal dəyişikliklərlə əlaqələndirir. Bu estrogen, progesteron və kortisol hormonlarının səviyyəsinin doğuşdan sonra 48 saat ərzində kəskin enməsi ilə bağlıdır. Hormonal balans ancaq doğuşdan 1 həftə sonra stabilizə olunur. Bu müddət ərzində qadının psixoemosional vəziyyəti dəyişkən olur. Prosesin gedişatı ananın xarakterindən, ətrafa münasibətindən asılıdır. Psixoloji səbəblərə isə qadının üzləşdiyi problemlər: yorğunluq, yuxusuzluq, çarəsizlik hissi, ailədaxili problemlər, gərgin münasibətlər, köməyin olmaması, konfliktli situasiyalar, ruh düşkünlüyü daxildir. Həmçinin bura arzuolunmayan hamiləliyi də qeyd etmək lazımdır. Çünki bu halda depressiya doğuşdan sonra da davam edir. Ana balasını əmizdirməyə və qəbul etməyə çətinlik çəkir. Tez-tez rast gəlinən səbəblərdən biri də keçmişlə bağlı mənfi xatirələrdir. Məsələn, ananın özünün çətin uşaqlığı, natamam ailə, yoldaşının ölümü, yaxud tərk etməsi və s. Yuxarıda qeyd etdiyimiz kimi, doğuşdan sonrakı depressiyanı yaradan səbəblərindən biri də genetik faktordur. Bu irsi olaraq anadan qıza keçir. Vaxtında müalicə olunmayan bu xəstəliyin fəsadları balaca körpənin inkişafına mənfi təsir göstərir. Bu cür anaların uşaqlarında kognitiv inkişaf zəif olur. Gələcəkdə uşaqda ünsiyyət, özünəgüvən problemləri üzə çıxır. Postnatal depressiyaya məruz qalan qadınlar, psixoloji yardım almaq məcburiyyətindədirlər. Həyat davam edir! Və bu həyat bizə bir dəfə verilir. Gəlin özümüzü və övladlarımızı neqativ hallardan xilas edək və gələcəyimizi sağlam təməl üstündə quraq.



Zülfiyyə Yaqubova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!