“Ərim mənə gəmidə işləyən Günellə xəyanət edirdi”

“Ərim mənə gəmidə işləyən Günellə xəyanət edirdi”
Sevgi Dünyası
10.09.2017 57
 


 
 

 

 
"Taleyin şəkli” layihəsi bu dəfə sizlərə Sahibənin həyat dramını danışacaq.

 
Sahibə rayonda
doğulub. 18 yaşı olanda uzaq qohumlarının Şaiq adlı oğluna ərə gedib.
Qohumlarının toyunda rastlaşan Sahibə və Şaiq elə o dəqiqə bir-birlərinə
aşiq olublar. Sahibə deyir ki, Şaiqi gördüyü anda ona vurulub.
Fikirləşib ki, bu oğlana ərə gedə bilər. Sevgiləri qarşılıqlı olub.
Tanışlıqdan cəmi 3 ay sonra ailə həyatı qurublar. Şaiq dənizçi olduğuna
görə ailələr ilk bir ili Sahibənin rayonda, Şaiqin valideynlərinin
yanında yaşamasını məsləhət görüblər. Şaiq isə yalnız həftə sonları
Bakıdan rayona gəlib-gedə bilirmiş. Bir il boyunca ailədə heç bir
narazılıq olmur. Bir il keçdikdən sonra isə Sahibənin hələ də hamilə
qala bilməməsi Şaiqin anasıgil tərəfindən narazılığa səbəb olur. Sahibə
Şaiqsiz rayonda ona qarşı pis münasibətdə olan ailənin yanında qala
bilmir. Şaiqdən onu da özü ilə Bakıya aparmağı istəyir. Şaiq Sahibənin
göz yaşlarına dözə bilmir. Onu özü ilə Bakıya gətirir. Sahibə Bakıda,
Şaiqin yanında özünü çox xoşbəxt hiss edir. İki ilə yaxın sakit, xoşbəxt
həyat keçirirlər. Sahibə deyir ki, Şaiq iki ildə uşaq məsələsini bircə
dəfə də olsun qabartmamışdı. Həmişə deyirmiş ki, ikimiz də cavanıq, uşaq
həmişə ola bilər. Təki bizə heç nə olmasın.


 
5 il Sahibə üçün
yarıxoşbəxt, yarı uşaq həsrəti ilə keçir. Deyir ki, gəzməyə çıxanda
parklarda oynayan uşaqları görəndə onu ağlamaq tuturmuş:
 
"Şaiq
isə məni sakitləşdirməyə çalışırdı. Bəlkə də özü məndən çox
kədərlənirdi. Ancaq bunu göstərmirdi. Şaiq 15 gün dənizdə, 15 gün evdə
olurdu. Tək qaldığım gecələrdə evin hər yerindən qulağıma uşaq səsi
gəlirdi. Yuxulardan buz kimi tərin içində, göz yaşı ilə oyanırdım. Heç
kimin uşağını qucağıma almaq istəmirdim. İstəyirdim ki, öz övladım
olsun.
 
 

Günlərlə xəstəxanalara yol döydüm. Hər cür müayinə və
müalicədən keçdim. Sonda məlum oldu ki, mənim heç vaxt uşağım olmayacaq.
Sonsuz idim. Həkimlərdən bu xəbəri alanda dünya başıma uçmuşdu. Bir
anlıq xəstəxananın pəncərəsindən özümü atmaq istədim. Lakin canımın
şirinliyi dərdimə üstün gəldi.





 

Bir gün rayondan zəng gəldi ki,
anası, qardaşı və böyük bacısı bizə gəlirlər. Şaiq də evdə idi. Sanki
pis şeylər olacağı ürəyimə damdı. Hiss edirdim ki, yaşlı adamlar
boş-boşuna bizə gəlmirlər. Qaynanam evə girəndə mənimlə görüşmək
istəmədi. Baldızım və qaynım mənimlə soyuqqanlılıqla salamlaşıb evə
keçdilər. Şaiq də, mən də nə olduğunu anlamırdıq. Məni ağlamaq tutdu.
Mətbəxə keçdim. Şaiq ardımca mətbəxə girib məni sakitləşdirdi. Çay
hazırlığı görənə qədər qaynanam və baldızım söhbətə başladılar. Rayonda
mənim ucbatımdan biabır olduqlarını, Şaiqə "qısır” deyildiyini
söylədilər. Qaynım isə Şaiqdən məni boşamasını tələb edirdi. Hər şey bir
anın içində baş verdi. Nə olduğunu anlaya bilmirdim. Onlara heç bir
pisliyim keçməmişdi. Yeganə günahım sonsuz olmağım idi. 5 il müddətində
Şaiqdən ayrılmağı dəfələrlə düşünmüşdüm. Lakin hər dəfə sözümü ağzımda
qoyub məni sevdiyini, ayrılmaq istəmədiyini demişdi. İndi isə bizi
ayırmaq istəyirdilər.


 
Şaiq anasını və bacısını sakitcə
dinləyirdi. Səslərini ucaltdıqca Şaiq yazıq-yazıq onların üzünə baxırdı.
Ondan boşanıb başqa qadınla evlənməyi, övlad dünyaya gətirməyi tələb
edirdilər. Hamını dinlədikdən sonra Şaiqin ailəsinə yeganə cavabı " Mən
Sahibədən ayrılmayacağam” oldu. Anası onun fikrini dəyişdirə bilmədiyini
görüb, məni çağırdı. Göz yaşlarımı silə-silə anasını qucaqlayıb
yalvardım. Son qərar verildi. Biz Şaiqin qardaşının hələ doğulmamış
uşağını götürüb saxlayacaqdıq.



 
Qəribə hiss idi. Şaiqin qardaşı
Faiqin 3 uşağı var idi. Dördüncü uşaq isə istənilməyən uşaq idi. Faiqin
həm həyat yoldaşı, həm özü uşağın bizə verilməsinə razı idilər. Faiqin
həyat yoldaşı Bənövşə deyirdi ki, dördüncü uşaq qız olsa, rəsmi şəkildə
bizə verəcəklər. Oğlan olsa, yox.
 
Doqquz ayın tamamında Bənövşə
dördüncü uşağını dünyaya gətirdi. Uşağı xəstəxanadan öz evimizə
gətirdik. Nə Bənövşə, nə də ki, Faiq buna qarşı çıxmadılar. Əksinə, hər
ikisi dedi ki, qızımız yad əldə yox, qardaşımın evindədir. Bizdən də
yaxşı baxacaqsınız. Şəhərdə yaxşı təhsil verəcəksiniz.
 
Evə
gəldik. Hər şey mənə yuxu kimi gəlirdi. Şaiq sevincindən uçurdu. İşdən
icazə alıb bir ay mənimlə bərabər uşağın qayğısına qaldı. Qızın adını
Nursel qoyduq. Uşağın rəsmi valideynləri biz idik.



 
Mənim uşağım
olmamışdı. "Öz övladı qədər istəmək” nə deməkdir, onu anlamırdım. Nursel
mənim qızım idi. Həyatım onun əllərində idi. Rejimim ona uyğun
formalaşırdı. Gecələri başının üstündə o yuxuya gedənədək dayanırdım.
Günlərlə yuxusuz qalırdım.
 
Şaiq hər gün Nurselə yeni paltarlar
alırdı. Qızımıza göz bəbəyimiz kimi baxırdıq. Anasıgilin münasibəti mənə
qarşı yumşalmışdı. Daha mənə sonsuz kimi yox, nəvələrinin anası kimi
baxırdılar.



 
Hər şey çox gözəl gedirdi. Xoşbəxtliyimizi bütün
anlamı ilə yaşamağa başlamışdıq. Hər günümü sevinclə başa
vururdum.Nurselin ilk qığıltıları evimizin ən yaxşı mahnısına
çevrilmişdi. Şaiq vaxt tapan kimi evdə olurdu. 5 ildən sonra bütöv ailə
olmuşduq.
 
Nurselin 1 yaşı tamam olanda bütün qohumları başımıza
yığıb şadyanalıq elədik. Nurselin əsl anası Bənövşə uşağı qucağına alıb
mənə dedi ki, ona çox yaxşı baxırsan. Ürəyim rahatdır. O sənin qızındır.
Mən isə onun əmisinin arvadıyam. Bu söhbətdən sonra bir-birimizi
qucaqlayıb ağlamışdıq.
 
İllər sürətlə ötüb keçirdi. Nursel
məktəbə getməyə hazırlaşırdı. Bütün günümü onun hazırlıqlarında
keçirirdim. Nursel həyatımın tamamına çevrilmişdi. Bilməyərəkdən Şaiqi
diqqətsiz qoymuşdum. O, mənə qarşı soyumuşdu. Əvvəlki kimi evlə
maraqlanmırdı. 15 günü dənizdə keçirirdi. Quruda olduğu günləri isə
"dostlarımlayam” deyib evə gəlmirdi. Ağlıma pis heç nə gəlmirdi. Onun
sevgisinə şübhə etmirdim. Bir gün dözə bilməyib Şaiqdən məndən niyə
soyuduğunu soruşdum. Harda səhv etdiyimi öyrənmək istəyirdim. Şaiq ilk
dəfə, 12 illik evliliyimiz, xoşbəxt illərimizdən sonra
müzakirəsiz-filansız məni vurub otaqdan çıxdı. Keyləşmişdim. Başa
düşmürdüm. Dünya başıma uçmuşdu. Nursel yatandan sonra səhərə qədər
hönkürüb ağladım.
 
Səhəri gün Şaiq evə gəlib heç bir şey olmamış
kimi, sakit tərzdə boşanmaq istədiyini dedi. Həyatında başqa qadın
olduğu açıq-aydın sezilirdi. O, mənə israrla bildirirdi ki, bu illərdə
heç vaxt xoşbəxt olmayıb. Bunu isə yalnız indi aşiq olduğu qadını
görəndə anlayıb. Şaiq gəmidə onunla bir yerdə işləyən 25 yaşlı Günel
adlı bir qıza aşiq olmuşdu. Bu münasibət 4 ay imiş ki, davam edirmiş. 4
ay ərzində son həftələri nəzərə almasaq, heç nə hiss etməmişdim. Şaiqin
ayrılmaq istəyini sakitliklə qəbul edə bilmirdim. Ağlamaqdan məhv
olurdum. Şaiq isə o qədər soyuqqanlı idi ki... Ağlamağımın kəsilməsini
özünün rahatlıqla çıxıb getməsi üçün istədiyi çox bəlli idi. Nurselin
söhbətdən xəbəri olmamasını xahiş edirdim. Nursel məktəbdən gələnə qədər
Şaiq əşyalarını topladı. Arxasınca ağlayıb, yalvarsam da, qapını çırpıb
Günelin yaşadığı evə getdi. Gözümün yaşını silib Nurseli məktəbdən
götürməyə getdim. Nursel yolda atasını soruşdu. Ona dedim ki, atası
dənizdədir...


 
1 həftə sonra Şaiq zəng edib dedi ki, boşanma üçün
məhkəməyə müraciət edib. Onun Günellə bağlı hisslərinin ötəri olduğunu
düşünmüşdüm. O isə qəti qərar vermişdi. Boşanma haqda heç kimə demədim.
Bizə 3 ay vaxt verdilər. 3 ayda cəmi 4 dəfə evə gəlib Nurseli gördü.
Qapıdan ərzaq almağımız üçün pul verib gedirdi. Heç nəyi
qərarlaşdırmamışdıq. Onun üzü mənə qarşı o qədər dönmüşdü ki, danışmaq
da istəmirdi. Gedəcək yerim yox idi. Qızımla illərlə yaşadığım evdən heç
yerə getmək istəmirdim.
 
Nəhayət, boşanma qərarımızdan
rayondakılar xəbər tutdu. Hamı məni günahlandırırdı. Şaiqin bacısı
deyirdi ki, guya mən ərimə yaxşı baxa bilmədiyim üçün başqa qadın tapıb.
Mən yaxşı qadın olsaydım... Mən isə bilmirdim, yaxşı qadın olmaq üçün
daha nə etmək lazımdır. Ömrüm Şaiqin dənizdən gəlməyini həsrətlə
gözləməklə keçmişdi. O gələndə isə hər dəqiqə qulluğunda dayanırdım.



 
Qohumları
ən çox Nurselin aqibəti maraqlandırırdı. Onu bir gün mənim əlimdən ala
biləcəkləri ağlıma da gəlmirdi. Nurselin anası Bənövşə boşanmanı eşidən
kimi uşağını nə Şaiqin sevgilisi Günelə, nə də mənə verməyəcəyini
deyirdi. Nurseli itirmək qorxusu məni yatmağa qoymurdu. Onu qucağımdan
yerə qoymaq istəmirdim. Məktəbli qızı hər gecə qucağımda yatırırdım. Onu
mən böyütmüşdüm. Anası mən idim.
 
Bənövşə bir gün bizə gəlib
dedi ki, boşanma ərəfəsində qanın qara olacaq.  Sənə dəstək lazımdır.
Hadisələrdən Nursel də təsirlənməsin. Nurseli rayona, öz evlərinə
aparmağı təklif elədi. Sırf Nurselin sağlamlığına, ruhi vəziyyətinə
zərər gəlməsin deyə onu Bənövşə ilə rayona göndərdim. Çətin olsa da,
dözməli idim. Uşaq mənim göz yaşlarımı görməməli idi. Bənövşə Nurseli
müvəqqəti apardığına məni inandırmışdı. Hər gün qızımla telefonla
danışırdım. Bu müddət iki həftə çəkdi. Nursel dərslərindən geri qalırdı.
Bu isə məni çox narahat edirdi. Bənövşəyə zəng edib dedim ki,
sakitləşmişəm, Nurseli gəlib aparmaq istəyirəm. Sonda Nurseli telefona
çağırmasını istədim. Bənövşə saat 7 olmasına baxmayaraq qızımın
yatdığını dedi. İsrar edincə də telefonu üzümə bağladı. Hər şey aydın
idi. Məni aldatmışdılar. Ancaq əmin idim ki, qızım məni çox sevir. Məndə
ayrı çox dözməz. Onları məcbur edər ki, geri gəlsinlər.
 
Taksiyə
minib rayona getdim. Qaynımgilə çatanda Nurseli bacıları ilə həyətdə
oynayan gördüm.Ürəyimə üşütmə düşdü. Kənardan xoşbəxt görünürdü. Ancaq
onun rayonda böyümədiyi hər hərəkətindən hiss olunurdu. Bacılarından
seçilirdi. Nurseli yanıma çağırdım. Mənim səsimi eşidən kimi Nursel
ağlamağa başladı. Oynadığı yerdən qaçıb evin arxa tərəfində gizləndi.
Qızımın ardınca qaçdım. O, mənə "sən pissən, məni oğurlamışdın. Atam
sənə görə yoxa çıxdı”deyib ağlayırdı. Qızımı qucaqlamaq istəyəndə
Bənövşə qolumdan tutub kənara itələdi. Mənim bu evdə heç kimim
olmadığını deyib üstümə qışqırdı. Qaynanam həyətə çıxıb məni darvazadan
çölə qovdu.


 
5 illik övlad həsrətim, 7 illik körpə böyütməyim,
bütün zəhmətlərim boşa getmişdi. Bir anda sevdiyim insan, qızım məni
tərk etmişdi. Qızıma demişdilər ki, guya mən onu uşaq vaxtı oğurlamışam.
Azyaşlı qızım isə çox tezliklə doğma bacı-qardaşlarına isinmişdi. Ərim
isə...
 
Bakıya qayıtdım. Ah-naləm ərşə çatırdı. Ağlamaqdan bitkin halda idim. Şaiq zəng edib danışmaq istədiyini dedi.
 
Onunla
şəhərdə görüşdük. Evdən çıxmağımı istəyirdi. Gedəcək yerimin olmadığını
da bilirdi. Atam çoxdan dünyasını dəyişmişdi. Yaşlı anam isə maddi
çətinlikdən əziyyət çəkən, 12 nəfərlik ailəsi olan qardaşımın
himayəsində idi. Ancaq evdəqalmaq üçün israr etməyə qürürüm yol vermədi.
Onun dediyi kimi əşyalarımı topladım və evdən çıxdım. Ucuz qiymətə
satdığım boyunbağımın puluna 1 otaqlı mənzil kirayə tutdum. Yaşamağa
gücüm qalmamışdı. Ancaq qızım üçün mübarizə aparacaqdım. Bir ay sonra
qızımla bağlı məhkəmə iddiası qaldırdım. Qızım 13 yaşına çatmadığı üçün
məhkəmədə onun qəyyumu çıxış etməli idi. Ancaq bütün qaydaları pozaraq
hakim qızımın məhkəmədə iştirakına icazə vermişdi. 7 yaşlı qızım
məhkəmədə mənim üzümə dayandı. Onu hər gün döydüyümü, yemək vermədiyimi
deyirdi. Özümü müdafiə edə bilmirdim. Sanki, dilim tutulmuşdu. Məhkəmə
zalının son skamyasında oturan Şaiqin mənə baxıb ağladığını gördüm.
Hamıya yalvarırdım, kömək istəyirdim. Azyaşlı uşağı mənə qarşı
qoymuşdular. Qızımın bioloji anası qarşı tərəf qismində iştirak edirdi.
Baş verənlərdən ağlımı itirirdim. Huşsuz halda məhkəmə zalını tərk
etdim. Məhkəmənin həyətində, taksinin içində qızımın çıxmasını
gözləyirdim. Bir yolunu tapıb onu qaçırtmalı idim. Məhkəmədən çıxan
qaynımla ərimin dalaşdığını gördüm. Nə baş verdiyini anlamadan  Nurseli
qucağıma alıb taksiyə basdım. Məhkəmənin həyətindən sürətlə uzaqlaşdıq.
Hisslərimə hakim ola bilmirdim. O mənim övladım idi!


 
Nursel
yolboyu ağlayıb qışqırdı. Evə çatana yaxın sakitləşdi.Yorulub yatdı. Bir
həftə son dəfə Nursellə qucaqlaşıb yatdıq. Ona başa saldım ki, onu mən
böyütmüşəm, məni balamdır. Baxırdım ki, uşaq məndən tamamilə soyuyub.
Geri qayıtmaq istəyir. Bir həftənin tamamında qaldığım evə polislər
gəldi. Şaiqgil uşağı qaçırtmağımla bağlı polisə müraciət etmişdilər.
Polis isə axtarış qərarı vermişdi.



 
Məhkəmənin ikinci instansiyasında məni uşağı qaçırtdığıma görə analıq hüququndan haqsız yerə məhrum etdilər.
 
Bu
hadisələrdən sonra psixoloji travma aldım. Səkkiz aya yaxın xəstəxanada
yatdım. Şaiq bircə dəfə də olsun, xəstəxanaya yanıma gəlmədi. Kiçik
bacım mənə baxmaq üçün Bakıya gəldi. Bir müddət sonra iş tapdım.
Mağazada kassir işləməyə başladım. Çox çətin də olsa, özümdə yaşamağa
güc tapdım.


 
Həyat hekayətimi oxucularla paylaşmaq istəməyimin
bircə səbəbi var: Özünüzü heç kimə qurban verməyin. Əgər, alınmırsa
davam etməyin. Həyatda bir səhifə bağlanırsa, digəri açılır. Özünüzdən
vacib heç kim yoxdur!” Asya // Publika

 


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!