Əmisi oğlu zorladı, atasının dostu terrorçulara satdı

Əmisi oğlu zorladı, atasının dostu terrorçulara satdı
Sevgi Dünyası
10.09.2017 17
Bu dəfə bütün komplekslərindən imtina edib taleyini danışan Könül oldu.
Onun 26 yaşı var, Zaqatalada doğulub. Hazırda Bakıda yaşayır. Deyir ki,
həyat onunla elə də yaxşı davranmayıb. Valideynləri o doğulduqdan az
müddət sonra boşanıb. Anası onu atasının və yaşlı nənəsinin ümidinə
buraxıb ərə gedib. Nənəsi dünyasını dəyişdikdən sonra atası Könülə tək
baxa bilməyib. Onu əmisinin ailəsinə verib.



Könül özünü
tanıyandan insanlardan xoş münasibət, istilik görmədiyini deyir. Nə
əmisi, nə də əmisinin arvadı onunla övladları ilə davrandığı kimi
davranmayıb.12 yaşı olanda onu həyət-bacadakı işlərə kömək etmək
bəhanəsi ilə məktəbdən uzaqlaşdırıblar. Könülün uşaqlığı əmisi
oğlanlarının qab-qacağını, paltarlarını yığıb-yığışdırmaqla keçib.
Geyimi əmisi arvadının köhnə paltarları, yeməyi əmisi uşaqlarının
yediklərindən qalan artıqlar olub.



Əmisi uşaqları onunla pis
davransalar da, Könül onlardan heç vaxt pislik gözləməyib. Fikirləşib
ki, onlar onun qardaşıdır, necə istəyirlər, elə də davransınlar. Könülə
evlərində heç vaxt heç kim adı ilə çağırmayıb. Ona həmişə "yetim”
deyiblər. Böyüdükcə əmisinin ailəsinin əmrlərini yerinə yetirən köləyə
çevrilib. Rayonun ərzaq bazarından başqa heç yerə getməyib. Könülü
qohumların toy məclisinə yalnız işləmək lazım olanda aparıblar.



O
deyir ki, toylara nifrət edir. Çünki uşaqlıqdan kiminsə evində toy
olsaydı, iki gün əvvəldən məni işləməyə aparırdılar. Toy günü isə
qapı-bacadan göz-qulaq olmaq üçün məni evdə qoyub özləri əylənməyə
gedirdilər. Toya bir də ona görə nifrət edir ki, həyatı məhz qonşuda
olan toya görə alt-üst olub.



Könül həmin günü dəhşətlə
xatırlayır: "Yenə qonşuda toy idi. Toydan iki gün əvvəl hazırlıq üçün
əmim arvadı məni işləməyə göndərmişdi. Toy günü isə məni evdə qoyub
özləri toya getdi. İki gün işləməyin yorğunluğuna görə axşamdan otağıma
getdim. Toy gec saatlara qədər davam edəcəkdi. Arxayınlıqla yatağa
uzanıb yuxuya getdim. Təxminən 1 saat olardı ki, yatmışdım. Otaqdan
gələn taqqıltıya oyandım. Gözümü açanda əmimin ortancıl oğlunu başımın
üstündə gördüm. Bir anlıq key-key onun üzünə baxdım. Mənim otağımda nə
axtardığını başa düşmək istəyirdim. Yemək istədiyini düşündüm. Tez ayağa
qalxdım ki, mətbəxə keçib ona yemək hazırlayım. Qolumdan tutub qapıdan
içəri çəkdi. Heç nə anlamırdım. Məni yatağın üstünə atıb bütün bədənini
üstümə saldı. Nə qədər qışqırsam da, səsimi heç kim eşitmədi. Həmin gün
məni zorladı...Sonra boğazımdan tutub dedi ki, bu barədə kiməsə bir
kəlmə desəm, məni tikə-tikə doğrayacaq. O deyir ki, onsuz da belə bir
şeyi desəm, mənə heç kim inanmayacaq. Əksinə, rayon camaatı başqası ilə
cinsi əlaqəyə girib əmim oğluna böhtan atdığıma görə daş-qalaq
edəcəklər. Bunu deyib çıxıb getdi.



Özümdən, bədənimdən
iyrənirdim. Hər şeyə nifrət edirdim. 17 yaşım tamam olmamış dünya mənim
gözlərimdə əbədi olaraq qaraldı. Səhərə qədər ağlayıb hönkürdüm. Səhəri
gün üst-başımı qaydaya salıb mal-heyvanların arxasında getdim. Hər şey
öz axarında davam edirdi. Ancaq mənə elə gəlirdi ki, bu bütün kənd
camaatı bu rəzillikdən xəbərdardır.



Əmim oğlu isə səhər erkəndən
Bakıya getmişdi. Mən anladım ki, o mənim başıma gətirdiyi dəhşəti
başqalarına danışacağımdan qorxub Bakıya qaçıb.



Bir həftə keçdi.
İçimdəki sirrin ağırlığı, təhqir olunmağım məni getdikcə daha çox məhv
edirdi. Əmim oğlunun qollarıma atdığı qançırları gizlətmək üçün yayın
istisində uzun qollu paltarda gəzirdim.

Bir ay sonra əmim oğlu
rayona qayıtdı. Onunla bir evdə daha yaşaya bilməzdim. Məni harada
görsəydi, bir kənara çəkib hədə-qorxu gəlirdi.



Qərar verib evdən
qaçdım. Gedəcək yerim yox idi. Rayon mərkəzinə gedib parka çatdım.
Axşam düşürdü. Parkda gecələdim. Səhər gözümü açanda bir kişinin mənə
baxdığını gördüm. Kişi mənim qorxduğumu görüb sakitləşdirdi. Dedi ki,
məni tanıyır. Atamın dostu olduğunu söylədi. Atamın adını deyən kimi
ağlamağa başladım. Onu görməmişdim. Təxmini təsəvvürlərim vardı ki,
əmimə oxşayar. Parkda gördüyüm kişi dedi ki, məni evinə aparmaq istəyir.
Evdə uşaqları, ailəsi var. Ona inanıb maşınına oturdum. Məni kəndlərin
birinə apardı. İki gün burda qaldım. Evində heç kim yox idi. Deyirdi ki,
ailəsi qonaq gedib. Hər axşam çay içən kimi tezliklə yuxuya gedirdim.
Sonra başa düşdüm ki, çayıma dərman atıb məni zorlayırmış.



O
evdən getmək istəyəndə ayağıma düşüb yalvardı ki, heç kimə heç nə
deməyim. Mənə yaxşılıq edəcək. Bakıya aparıb işə düzəldəcək. Onunla
birlikdə Bakıya getdim. Məni bir qadınla tanış edib bacısı olduğunu
dedi. 3 aya yaxın həmin qadınla yaşadım. Qadın evə müxtəlif kişilər
gətirir, məni onlarla cinsi əlaqəyə girməyə məcbur edirdi. Həmin evdə
iki dəfə hamilə qaldım. Uşaq orqanizmim bütün gücünü itirmişdi. Gün
ərzində ən azı 5-6 kişi ilə cinsi əlaqəyə girməyə məcbur edilirdim.
İkinci ayın sonunda qadın mənə hər şeyin bitdiyini, məni özü ilə
Türkiyəyə paltar satıb pul qazanmağa apardığını dedi. Mənə başqa adla
xarici pasport düzəltdilər. İstanbula uçduq. Qadın məni bir otelə
gətirdi. O, məni Klara adlı erməni qadının yanında qoyub çıxıb getdi.
İstanbulda qara günlərim yenidən başladı.



Klara məni çoxlu rus,
moldov, azərbaycanlı qadınların fahişəlik etdiyi otelə gətirdi. Biz bir
oteldə qalır, digərində isə müştərilərlə görüşə gedirdik. 6 ay sonra
Klara məni və başqa 4 qızı Mardin şəhərinə göndərdi. Mardində
vəziyyətimiz daha ağır idi. Burada terror təşkilatlarında olan adamlar
pul ödəyib 1 həftəlik üçün bizi aparırdılar. Bir həftə ərzində dağlarda
olmazın işgəncələrini görürdük. Hər gecə 10-15 nəfər üstümüzə tökülüb
bizi zorlayırdı. Qızlardan huşunu itirib bayılanlar, dəli olanlar
olurdu. Qızları özünə gətirmək üçün boynundan tutub başını suyun içinə
basırdılar. Gözümün qabağında deyilən əmrlərdən çıxan, işgəncələrdən
bayılan qızın döşünün giləsini qayçı ilə üzüb yerə atdılar. Dəfələrlə
mənim başımın dərisində siqarət söndürüblər.



Bizi Mardinə
gətirən qadın dağdan otelə qayıdanda gedən qızlardan hər dəfə 2-3-nün
öldürüldüyünə görə bizi Mardindən İstanbula qaytardı. İstanbulda bu dəfə
oteldə yox, "genelev” deyilən yerdə (fahişəxanada) işləməyə başladım.
Burda çölə çıxıb nəfəs almağa da icazə yox idi. Geyimimiz, yeməyimiz də
burada satılırdı. Hər müştəridən qazandığımız pulun cəmi 2 faizi bizə
qalırdı. İçəridə satılan qidalar isə çöldə satılandan 5 dəfə baha
olurdu. Pulumuz çatmayanda isə başçımıza borclanırdıq. Burda hamının
borcu var idi. Bu borclara görə də burdan qaçıb çıxıb getmək mümkünsüz
idi. Qaçmağa cəhd edən qızları ağır cəzalar gözləyirdi. Bizi işlədən
qadının iki kişi köməkçisi var idi. Qaçmaq istəyən qızı təpiklərinin
altına salıb qan qusana qədər döyürdülər.



Bura tez-tez gəlib
gedən kişilərdən Adnan adlı bir nəfərlə yaxşı münasibətimiz yaranmışdı.
Hətta elə vaxtlar olurdu ki, o, mənim üçün bir neçə saatın pulunu
ödəyirdi. Lakin əlini belə mənə toxundurmurdu. Saatlarla söhbət edib
bir-birimizə talelərimizi danışırdıq. Adnanın acınacaqlı taleyi olmuşdu.
Gənc yaşında evlənmişdi. Onun da arvadı mənim anam kimi uşağını atıb
başqa kişiyə ərə getmişdi. Bəlkə də bizi bir-birimizə bağlayan tale
oxşarlığımız idi.



Getdikcə münasibətimiz daha da səmimiləşirdi.
Adnan söz vermişdi ki, məni burdan qurtaracaq. Dediyi kimi də etdi. Bizi
işlədən qadına 1 günlük pulumu ödəyib məni oradan çıxartdı. Bu çox
təhlükəli iş idi. Əgər bizi tapsaydılar, tikə-tikə doğrayardılar. Məni
dostunun evinə aparıb bir həftə gizlətdi. Daha sonra mənim adımdan
Azərbaycanın Türkiyədəki konsulluğuna teleqram vurdu. Konsulluqdan gəlib
məni tapdılar. Bakıda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə xəbər
verildi. Mənim Türkiyədən çıxarılmağım üçün sənədlər hazırlandı. Bakıya
gətiriləndən sonra məni Türkiyədə erməni qadına satan qadına cinayət işi
açıb həbs etdilər. İnsan alveri qurbanlarının sığınacağına
yerləşdirildim. Bir ildən çox burda yaşayıb işlədim. İşlədiyim kafedə
bir oğlanla tanış oldum. Oğlan mənə evlilik təklif etdi. Yalan danışmaq
istəmədim. Bütün taleyimi olduğu kimi danışdım. Qəbul etdiyini dedi.
Evləndikdən az sonra mənə münasibəti dəyişdi. Əl qaldırmağa başladı.
Demək olar ki, hər gün içirdi. Məni döyəndə deyirdi ki, sən indiyədək
onlarla kişi ilə cinsi əlaqədə olmusan, mən bunu gözümün qabağına
gətirəndə səni boğub öldürmək istəyirəm.



Evlilik də mənə
xoşbəxtlik gətirmədi. Bir qızım dünyaya gəldi. Onun mənə qarşı kini yenə
də soyumadı. Qızımın 1 yaşı tamam olmamış əlimdən alıb məni evdən
qovdu. Qızımı geri qaytarmaq üçün bütün instansiyalara müraciət etdim.
Axırda əlacsız qalıb televiziya proqramlarının birinə çıxdım. Efirdən
həyatımı danışdım. Sonra televiziyadan mənə zəng edib dedilər ki, sənin
anan tapılıb, gəl, görüş. Şoka düşmüşdüm. Bilmirdim, sevinim, yoxsa
kədərlənim. Proqramda məni anamla görüşdürdülər. Ona sarılıb saatlarla
ağladım. Anam isə illər sonra gördüyü qızına ikinci ərindən olan
oğlanlarının pulsuzluğundan danışırdı. Anam 20 il sonra gördüyü qızından
pul istəməyə gəlmişdi!

Həmin görüşdən sonra bir də anamı görmək istəmədim.



Yenidən
sığınacağa qayıtdım. İş həyatıma davam etdim. Qızımı yalnız iki il
sonra məhkəmə qərarı ilə ala bildim. Bir müddət qızımla birgə
sığınacaqda yaşadım. Qızımı baxçaya yerləşdirib kirayə ev tutdum. Ərzaq
istehsalı ilə məşğul zavodda işə girdim. İndi qızımı istədiyim kimi
böyüdürəm. Həyatıma heç vaxt heç kimi buraxmayacağıma söz vermişəm”



Əziz
oxucu, Könülün yaşadıqlarına günahkarın kim olduğunu aydınlaşdırmaq
çətindir. Anasının onu körpə ikən atması, əmisi oğlunun zorlaması,
atasının dostu olduğunu deyən kişinin satması...Onun taleyində sanki,
hər kəs, hər şey zərərinə olub. Həyat çətin deyil, qarşımıza çıxan
insanlar onu çətinləşdirir.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!