Sən bəlkə də...

Sən bəlkə də...
Sevgi Dünyası
10.09.2017 24
Sən, bəlkə də güclüsən,
Sən, bəlkə də gözəlsən,
Ağıllısan, ustasan, çox şeylərə qadirsən,
Amma nə olsun, yenə də özün özünə sirsən.

Sən kimsən ki?
Allahın bir günahkar bəndəsi,
Sən heç bir şey olardın olmasaydı üstündə
yaradanın kölgəsi.

Bu kölgədən qıraqda sən odlar içində
qıvrılarsan, yanarsan,
Çəkdiyin iztirablar gözündə yaşa dönər,
Bir ümid axtararsan, bir təsəlli gəzərsən,
Ümidin, təsəllinin ürəyi daşa dönər.

Bu kölgədən qıraqda
Gah düşərsən şaxtaya,
Titrəyərsən, donarsan,
Əsərsən əsim-əsim,
Yazın da qışa dönər.

Anlaşılmaz bir qorxu heybətli kabus kimi
sarılar vücuduna,
Zəhərli caynağını batırar ürəyinə,
Ürəyin qopub düşər ayağının altına,
Ürəksiz vücudunu arxasınca sürüyər,
Cəhənnəmin ən dərin, ən dəhşətli qatına.

Bu kölgədən qıraqda
nə ağıllısan, nə dəli,
Nə ölüsən, nə diri,
Ölərsən, dirilərsən
gündə neçə dəfə,
Bir kimsə də bacarmaz,
Bir kimsə də tapılmaz
könlünə dinclik verə…
Qaytar, İlahi, qaytar
kölgəndən uzaqlaşanları
kölgən düşdüyü yerə!!!


Müəllif: Səhər Aypara
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!