Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 12)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 12)
Sevgi Dünyası
10.09.2017 8
Birinci Dəftər
12

Mən lap uşaqlıqdan bədii kitabların aludəsi olmuşam. Əlimə keçən şerləri, romanları gecə-gündüz, dönə-dönə oxumuşam, yorulmamışam. Mütaliəyə acmışam—çörək kimi, susamışam—su kimi. Kitablar məni yaxın-uzaq keçmişlərə aparıb—sevindirib də, kədərləndirib də; təbiəti, iqlimi tanış doğma elləri, yad, qürbət ölkələri gəzdirib, qəribə insanlarla rastlaşdırıb kitablar. Bu qiyabi səyahətlər zamanı həyatda məsud, bəxtəvər yaşayanları da, əzab-əziyyət girdabında çapalayanları da, sevgisində vüsala yetənləri də, hicran atəşində qovrulanları da görmüşəm. Mən kitabları müqəddəs sanmışam, hər sözünə, kəlməsinə inanmışam; müəlliflərini isə peyğəmbər  təsəvvüründə zənn etmişəm. Bəzən elə təsirlənmişəm ki, özüm də yazmaq həvəsinə düşmüşəm, ancaq bacarmamışam... Sonralar, nisbətən ağlıkəsər çağlarımda hekayə naminə bir neçə hadisə quraşdırmışam. Lakin utandığımdan heç kəsə göstərməmişəm. Saxlamışam kitablarımın arasında, vərəqlər xəzan yarpaqları tək saralıb, solub… Onlardan biri də Emingilin bağlarından qayıdan axşamı yazdığım

 "Qız—bənövşə” əhvalatıdır. Bir ara az qalmışdı redaksiyalara aparacaqdım. Yaxşı ki, cəsarət eləmədim. Xəbər tutsaydı Emin, indi xəcalətdən üzünə necə baxardım? Açığını desəm, o yazı bu gün başqalarına mənasız da görünsə, mənim üçün öz qiymətini itirməyib. Cırıb atmağa heyfsilənirəm, əlim gəlmir. "”Qoy dursun, mənə maneçilyi yoxdur ki!”—fikirləşirəm, hələ də saxlayıram.

 ...Bahar fəslidir ... Çöldə tənha bənövşə bitir… Bir oğlan onun yanından etinasız və laqeydliklə ötür. Bənövşə isə  dərilmək, oğlanın ürəyinin üstə sancılmaq istəyir… Müyəssər olmur. Bu həsrət bənövşənin zərif  qəlbini incidir, boynu qüssədən bükülə qalır... Bənövşə—qızdır, qız—mənəm, oğlan da Emindir...

 Orta məktəbi qurtardı. Atam qoymadı bu yolu tutum. "Şairlik, ədiblik kişi peşəsidir”—dedi və məni  həkimliyə sövq etdi. Beş aydır tibb institutunda oxuyuram. Bura daxil olduğumdan narazı deyiləm.  Həkim də insanlara bəxş elədiyi əlavə ömrün müəllifidir. Dünyada bundan şərəfli nə var ki?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!