Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 33)

Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 33)
Sevgi Dünyası
10.09.2017 19
İkinci dəftər
33

Günəş üfüqdən indicə ayrılırdı. Mavi, şəffaf göy qübbəsinə damar-damar xırda ağ buludlar səpələnmişdi. Havada xəfif, xoş iy rayihə duyulurdu. Hərdən meh əsdikcə küçələrdəki ağacların təzə yarpaqlarını xışıldadır, soyuq dili ilə mənim boynumu, boğazımı yalayırdı. Daha instituta Dəryanın maşınında getmirdim. Tələsəndə trolleybusa minirdim. Qayıdanbaş qızlarla gəzə-gəzə gəlirdim. Bu gün birinci dəfə idi evdən paltosuz, başıaçıq çıxdım. Narıncı yun paltarını, üstündən də çəhrayı jaketimi geymişdim. Qabaqlar anam deyirdi, bu rənglər sənə yaxşı yaraşır. Nə bilim, bəlkə də öz zövqü ilə ölçürdü.
İnstitutun həyətində Fəzilə məni görüncə irəli yüyürdü:
—Salam, aaz, necəsən?—dedi və cavab gözləmədən davam etdi:
—Əhmədağam ölmüşü, dünən ha istədim zəng çalam sizə, ürək eləmədim. Bu nə işdir, gədənin başına gəlib? Qız cəhənnəm, nə yaxşı ki, özü salamat qalıb...
Sən kimdən danışırsan?
Fəzilə çeynədiyi saqqızı sol ovurdundan sağa ötürdü.
—Aaz… avariyanı deyirəm də… Dünən bizim kurs "Semaşko”da praktikada idi. Saat iki on beşdə işimizi qurtardıq. Mənciyəz xalatımı elə təzəcə soyunub həyətə çıxmışdım ki… gördüm, vaxsey.. Dərya! Düşdü maşından qucağında bir qız—meyit rəngində. Girdi xirurqiçeskiyə. Vay… iraq olsun, bu nədir?! Sonra öyrəndim ki, o əndamı yanmışlar, Allah bilir, hara gedirmişlər, ya gəlirmişlər, samasval böyürdən vurub bunları. Qızın diz qapağı oynayıb yerindən. Bəs xəbərin yoxdur?
 Yer-göy başıma fırlandı.
—Yanında qız varmış?!
—Aa… ağzımda sənə söz deyirəm… Taqsır səninkindədir də. Dəryadan soruşan gərək, ay balam, evləndiyin bir gün, bir günortadır, nə tez başqasına tamah salırsan… Əhmədağam ölmüşü, qız da bir fərli şey ola, dərd yarıdır: Abezyan! Çətirini töküb alnına, dodaqlar qıpqırmızı qan kimi, elə bil bu dəqiqə öz balasını yeyib. Tuman da ki, budur ey… bax, burdan, dizdən iki qarış yuxarı... Göz yaşları məni boğdu. Zorla udqundum. Boğazımda sanki qəhər düyünlənib qalmışdı. Daha heç nə deyə bilmədim. Sarı paltarda, qara tor corabda olan Fəzilənin əvvəlcə boyalı sir-sifəti, pırpız qırmızımtıl saçları eynimdə dumanlandı… eybəcər bir şəklə düşdü. Və sonra bütünlüklə əcinnəyə, şeytana, iblisə döndü... Özümə gələndə şəfqət bacısını başımın üstündə gördüm. Məni institutun həkim otağında, ağ döşənəkli taxtda uzandırmışdılar. Ətrafı kəsif dərman qoxusu bürümüşdü. Sol qolum büküyündən ağrıyırdı, iynə vurmuşdular.
Bəli! Həmin o yerdən ki, bir vaxt Dərya dodaqları əsə-əsə öpmüşdü...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!