Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 35)

Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 35)
Sevgi Dünyası
10.09.2017 9
İkinci dəftər

35




Axşamtərəfi idi. Öz kitabxanama gedirdim—anamgilə. Sonra Dərya da
dalımca gələcəkdi. Konsertə bilet almışdıq. Filarmoniyada türk müğənnisi
Sevda Aydan oxuyacaqdı. Atamı, anamı da aparacaqdıq. Ər evinə köçəndən
bəri həmişə küçəmizdən yolum düşəndə ürəyim birtəhər olur. Eminlə
qarşılaşacağımdan ehtiyat edirəm. Yaxşı ki, o vaxtdan üz-üzə çıxmamışıq.
Yəqin heç Emin də bunu arzulamaz. Göz görər, könül bulanar... Onun üçün
də yan-yörəmə baxmırdım. Başımı dik tutmuşdum, tələsirdim. "Könül
kitabxanası”nın tininə yetişəndə sövqi-təbii ilə ayaq saxladım. Qonşu
damın üstündən keçən cərgə elektrik məftillərinə təkəm-seyrək
qaranquşlar qonmuşdu. Ah!.. Nə qəribə bənzəyiş idi. Fərz elədim, səma
kağızdır, məftillər onun üzərində cızılmış beş xətt, qaranquşlarsa
musiqi notları. Bunu mən yox, yazıçı görsəydi, şəksiz ki,
mənalandırardı; qələmə almamış olmazdı. Rəssam, əsərindəki bir
bəstəkarın pəncərəsi önündə belə qaranquş oktavası çəksəydi, sevinməyə
bilməzdi. Heyfisiləndim. Bir istədim daş atım, titrədim simləri, dağıdım
o notları; uçub başqa yerə qonsun qaranquşlar. Hərdən, ərdə olduğumu
unudanda uşaqlığım yadıma düşür... Təsadüfə bax: irəlidən Qönçəbəyim
gəlirdi! Gözündən yayınmaq da mümkün deyildi.

—Salam, Könül,—deyə mənə yaxınlaşanda, əvvəlki şirin dillə soruş-yetiş elədi.

—Yoldaşın… evin... eşiyin...

—Salamatlıqdır, Qönçəbəyim xala. Siz necəsiniz?

—Bizik də...

Arvad bu cavabı ayrı cür verdi. "Güya bilmirsən neylədin. Bizə bir toy tutmadın ki, yaxşı olaq!”

Qönçəbəyim daha mənə "göyçək balam” demirdi.

—Eh...səndən sonra Eminciyəzim iki həftə ağır xəstə yatdı. Arvad köks ötürdü.

—Həkim… davadərman… He çnə kömək eləmədi. Təkcə mən bildim uşağımın dərdi nədir. Məhəbbət yarası gec sağalır, qızım.

Mənim danışmağa sözüm yox idi. Qadın keçmiş əhvalatı xatırlamaqdan əzab çəkirmiş kimi söhbəti qurtarmağa çalışdı:

—Əslində, ay Könül, səni qınamağa da haqqım yoxdur. Fikirləşirəm ki,
meylini bu tərəfə salsaydın, onda da Dəryaya dağ çəkəcəkdin. Məgər o
insan deyilmi? Hamısını başa düşürəm, bala. Onun da anası var.
Eminciyəzimin əziz canına and içirəm, sidqi ürəkdən deyirəm, təki
xoşbəxt olasınız. İkiniz də—sən də, o da.

Qönçəbəyim bu alicənablığı ilə gözümdə on qat böyümədimi? Mən qarşısında kiçilib, xəcalət çəkmədimmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!