Əbədi məhəbbətim

Əbədi məhəbbətim
Sevgi Dünyası
10.09.2017 16
Adım Fəriddir. İyirmi yeddi yaşım var. İki otaqlı təmirsiz, rütubətli, narahat mənzilimdə Simonla bərabər yaşayıram. Simon itdir. Adi bir it. Cins filan deyil. Körpə vaxtı küçədə tapıb evə gətirdim və elə o vaxtdan da dostuq. Bu it çox ağıllıdı. Yemək bişirir, paltar yuyur, ütüləyir, şahmat oynayır demirəm. Heç bir it bunu edə bilməz, məlum məsələdi. Lakin çox ağıllıdı. Heç nə etməsə də, üzündən ağıl tökülür. Kim bilir, bəlkə də danışsaydı, yaxud yazsaydı Nobeldən zaddan almışdı.

Uşaqlığım rayonda keçib. On bir uşağın sonbeşiyiyəm. Bu cür böyük ailədə nəinki sağ qalmaq, adının çəkilməsi belə səni qürurlandırır. Atam çox vaxt bizi səhv salır. Səidə Fərid, mənə Səid, Cəmşid, Həmid deyir. Doqquz qardaş, iki bacıyıq. Məktəbi bitirən kimi qardaşlarımın təkidi ilə Bakıya gəldim oxumağa. Beləliklə, ailəmizdən şəhərə gələn ilk mən oldum. Arxamca su atdılar aftafa ilə. Atam qucaqlayıb öpdü. Sonra anam qucaqlayıb hönkürdü. Sonra bacılar, sonra kürəkənlər, sonra dayı, əmi deyənlər. Sonra qardaşlar. Lap sonda da qonşular. Öpüşüb-qucaqlaşmaqdan həmin gün iyrəndim. Əsasəndə, qonşumuz olan qartmış Həmidə xala zigilli burnunu boynuma dayayıb məni qucaqlayanda. Çox demirəm, iki gün ard-arda belə vidalaşma olsaydı, mənə Bakıya gəlmək qismət olmazdı.

Əlqərəz gəldim Bakıya. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum, bitirib məzun oldum. Beləliklə, atamın məni həkim, anamın məni müəllim, bacılarımın məni vəkil, qardaşlarımın məni polis görmək arzularını puça çıxartdım. Peşəm üzrə "Naşir" qəzeti redaksiyasında işə düzəldim.

Redaksiya həyatımın ən darıxdırıcı məkanıdı. Çap maşınları, kompyuterlər, vərəqlər, kalqalar, yazılar, rəqəmlər, şəkillər, birdə eyni simalar. Baş redaktor Tapdıq müəllimdi. Müəllimi at qırağa, sadəcə Tapdıq. Valideynləri Tapdığı sırkda tapıb, "tapdıq" ediblər bəlkə də. Pota boy, şit zarafatlar ustası, axmaq bir adamcığazdı. Gün ərzində o qədər gic-gic söhbətlər edir ki, artıq ürəklər onu yox, ona diplom verəni də yox, sağlamlığına müsbət qiymət verən həkimləri söyür. Giclərin gicliklərinə görə buynuzları çıxsaydı əgər, Tapdıq şərhsiz maral olardı. Özü deyib, özü gülənlərdəndi. Danışdığı əttökən söhbətlərin süni gülüşlə qarşılanmasına öyrəşib. Onunçün əsas gülüşdü. Nə süni, nə saxta. Gül getsin.

Bir də,Tapdığın katibəsi var. Sevda adında. Hamı Seva deyərək xitab edir ona. Nə yalan deyim. Tapdığın tapdığı katibə bundan yaxşı heç vaxt ola bilməzdi. Bütün günü kommunal borclardan, qayınanasından, baldızından, qonşularından deyinir. O elə gəldi, bu belə getdi. Elə bil dünyada kommunal borcu, qayınanası, baldızı, qonşusu olan tək qadın budu. Bir xasiyyəti amma gözəldi. Dinləyicisi oldu-olmadı danışır.

Mənim işim isə araşdırmaq, yazmaqdı. Düzgün və obyektiv olmağa çalışıram. Düzdü hərdən yazılarıma görə tənqid atəşinə tutuluram, amma necə deyərlər, könlü balıq istəyənin quyruğu suda olmalıdı.

Leyla ilə tanışlıq isə bir anda bütün həyatımı dəyişdi.

Bazar günü olduğundan, Simonla şəhəri gəzməyə çıxmışdıq. Hava ilıq olduğundan şəhər sıxlıq idi. Müxtəlif cür insanlar müxtəlif cür geyimlərdə, müxtəlif istiqamətlərdə hərəkət edirdilər. Gəzib, yorulanlar skameykalara çöküb, yorğunluq atar, sonra yenidən kütlə arasına qarışıb, gözdən itərdilər. Bakı doğrudan da, varlı şəhərdi. Dilənçisindən tutmuş, zərgərlik dükanını üstündə gəzdirəninə kimi, hər şeyi var Bakının. Çinlilər, yaponlar ağıllı kimi tanına bilərlər dünyada, amma şəxsən mənim gəldiyim qənaətə əsasən, ən ağıllı millət bizik. Elə bir iş yoxdur ki, bir azəri onu bacarmasın.Ta qədimdən, ox atma, qurşaq tutma, kəndirbaz, pəhləvan, nəqqaş, naşir, rəssam, xarrat, dülgər, memar, aşbaz, xalçaçı, müasir dövrümüzdə isə proqram təminatçısı, dizayner, həkim, vəkil, hakim, rejissor, zərgər və s.kimi hər sahədə fəxr etməyə adamımız olub və var. Neft və milyonlar səltənəti. Milyonatoxunmasamda, neftə əlim batıb deyənə, həqiqət olduğuna inanmışam. Kim nə deyir, desin, amma mənim üçün, ölkəmiz həqiqətən cənnət məkandı. Qarabağ atı çapan, xarıbülbül qoxlayan, doqquz iqlim qurşağına şahid olan, Bazardüzü, Savalan döşündə, qar altında ətir saçan, novruz gülünə aşiq birisi başqa cür düşünə də bilməz.

Leylanı ilk dəfə dənizkənanarı parkda gördüm. Əynində qara, kaşmir palto, başında qara şlyapa var idi. Dənizi qurudan ayıran bəndə söykənib qağayılara çörək atırdı. Yaşının çox olması, ancaq gözlərinin düşdüyü çuxurlardan bilinirdi. Buna baxmayaraq çox gözəl qadın idi Leyla. Bu gözəllik itməyəcəkdi. Lap yüz, iki yüz il keçsə belə və Leyla həyatda olsa, qartmış, qırış dərisi, əyilmiş qaməti fonunda sehrli gözəlliyi qalacaqdı.

O filmlərdə bəzən gördüyümüz təsadüfi tanışlıq səhnələrinə yəqin ki, çox az adam inanır. Heç mən də, inanmırdım. Leyla bunun əksini sübut edənə qədər...

Onunla 1-2 metr məsafədə dayanıb, guya dəniz mənzərəsinə baxırmışam kimi obraz aldım. Gözucu isə ona baxırdım.

- Mən başa düşə bilmirəm, bu qədər insan necə dənizi sevə bilir?! - dedi Leyla. Düzdü, suala cavab yox idi, ola da bilməzdi ki, subyekt olaraq hər hansı bir nəfər bu suala çətin cavab versin, amma cavab məqamını susmaqla ötürməyi də düşünmürdüm deyənə, cavab verdim:

- Gözəldi, ona görə.

Leyla elə bir baxdı ki, ağzını açmadan, nə demək istədiyini anladım.

- Axmaq oğlan! "Gözəldi ona görə"...Sən gözəlliyin nə olduğunu belə bilmədən, nə əsasla gözəllik təhlil edirsən? Gəlib, burda dənizə baxıb, romantik auraya bürünməkdən başqa da heç nə düşünmürsüz. Nə qağayı, nə dəniz, nə səma! Onlar vasitəçilik yapırlar duyğularınıza, vəssalam! Onun üçün də, rədd ol çıx get, dənizi baxışlarınla bulandırma!Leylanın bu tənqid, təhqir dolu çıxışı doğurdan da həqiqət idi. İnsan nəisə düşünmək üçün vasitə axtarır. Siqaret çəkirik. Gözəldi bəyəm? Yox. Mahnıya qulaq asırıq.Gözəldi bəyəm? Yox. Öz-özümüzə danışırıq. Gözəldi? O da, yox. Deməli, gözəllik anlayışının təhlilini səhv qavramışıq.

- Haqlısınız - dedim

Qəhqəhə çəkib, güldü. Nəyə güldüyünü anlamasam da, gülüşündə təbiilik duyulurdu.

- Əlbətdə, haqlıyam! Hm, xətrinə dəydisə sözlərim, bağışla.

- Yox,yox. Düzgün danışdız və xətrimə dəyəcək bir söz demədiz.

Həmin gündən Leyla ilə dost olduq.

Leyla bir vaxtların məhşur müğənnisi olub, sonradan səhhətiylə əlaqədar, sevimli sənətindən ayrılmışdı. O da tək-tənha yaşayırdı. Çoxu Leylaya elçi düşsə də, o təkliyindən ayrılmamışdı. Qürurlu qadın olduğundan, peşman olmadığını deyirdi. Bəlkə də, həqiqətən peşman deyildi. Bəlkə də, əksinə. Bunu özündən başqa, heç kim bilə bilməzdi. Yeganə istəyi son dəfə tamaşaçıları qarşısına çıxmaq idi. Bu arzusunun ümüdü ilə, xəstəliyi ilə mübarizə aparırdı.

Günlər bir-birini əvəzləyir, Leylanın səhhəti isə günü gündən pisləşirdi.

Dördüncü gün idi. Redaksiyaya çatar-çatmaz Sevadan Tapdığı xəbər aldım. Seva Tapdığın öz otağında olduğunu bildirdi.

Qapını döyəclədim. İçəridən Tapdığın şit səsi gəldi."Gəl görüm, kimsən." Məni görüb, hırıldadı.

-Həə,Fərid. Otur, otur. Nə lazımdı?

-Pul lazımdı, Tapdıq müəllim.

Nə pul?

- Kağızdan olur e, onu verib yemək, filan alırıq. Sənin də, gözün doymur a, ondan. Yadına düşdü? Bax, o da pul deməkdi - demək istəsəm də, boğdum bu istəyi və peşakar aktyor kimi rol alıb, dedim:

- Beş min pul lazımdı mənə,Tapdıq müəllim.

Elə o an bura gəlib, bu donuza oxşar məxluqa ağız açdığıma görə, özümü söydüm. Onun isə yeddi yaylıq islatmasından sonra, bir saata yaxın gic-gic danışığına dözməyə vadar oldum.

İkinci variant qalırdı. Rayona gedib, pulu ailəmdən istəmək.

Rayona çatanda, dan yeri təzəcə sökülürdü. Şəhərin səs-küyündən uzaq olmaq necə də rahat imiş. Xoruzların xorla banlaması, qoyunların mələşməsi, quşların səsləri, itlərin hürüşü sanki kəndimiz mahnısını ifa edirdi.

Həyətimizə çatanda ilk qarşıma çıxan böyük qardaşım Ümüd oldu. Elə qucaqlayıb, bağırdı ki, geri-Bakıya qaçmaq istədim. Sonra Səid, Cəmşid, Həmid, Ağa, Gülağa, Mustafa, Səfa da gəlib, Ümüdün etdiyi proseduru növbə ilə təkrarladılar. Bacılarım Zəminə, Səbinə, ərləri Nahid və Cahidlə gəldilər. Nahidlə Cahid kürəkən imiclərinə uyğun ehtiramla əl sıxdılar. Bacılar isə qucaqlayıb, ağladılar. Ata, anam gəldilər, otuza yaxın nəvələr ilə. Sonra da, qonşular növbə tutdular görüşmək üçün. Günortaya yaxın öpüşmək, görüşmək,qucaqlaşmaq, ağlaşmaq mərasimi bitdi. Bir şeyə şükür etdim. Zigilli qonşumuz olan Həmidə qarı görüşməyə gəlməmişdi. Sonradan öyrəndim ki, bir neçə ildir ki, rəhmətə gedib.

Evdə o qədər adam var idi ki, ağız deyəni, qulaq eşitmirdi. Yerbəyerdən suallar yağırdı.

- Necəsən?

- Harda qalırsan?

- İstədiyin var?

- Ac qalmırsan?

- İşin yaxşıdı?

- Şəhər gözəldi?

- Televizorun var?

- Qalmağa gəlmisən? və s.və i.

Bütün suallara səbirlə cavab verib, gəliş səbəbinə keçmək istəyirdim.

- Ata, mənə bir az pul lazımdı – dedim.

Hər kəs əvvəlcə mənə, sonra atamın ağzına baxıb, çıxacaq cavabı gözlədilər. Atam cavabı gözlətmədi.

- Düzələr!

İlk dəfə olaraq, atamı qucaqlayıb, öpmək istəyirdim. Yenə də ata ki, ata. Oğlunu əliboş yola sala bilməzdi.

Səhəri pulu bir dəsmala büküb, cibimə dürtdü.Üzümdən öpüb, görüşdü. Nə qədər təkid etsələr də, qalmağa vaxtım yox idi. Odur ki, yenə vidalaşma mərasimi başladı...

Şəhərin ən gözəl səhnələrindən birini bəzətdirdim. Plakatlar hazırlatdırdım. Leylanın özündən xəbərsiz olaraq. Nəhayət gün təyin olundu.

Leylanın gözünü bağlayıb, konsert sarayına gətirdim. Səhnəyə çıxarıb, gözündəki sarğını açdım. Alqışlar sanki ağuşuna aldı sevimli Leylasını. Leyla ağzını tutub,həyəcanını gizlətmədən ağladı. İki saata yaxın çəkən konsert zamanı Leyla pərəstişkarlarına sevilən mahnılarını ifa etdi. Konsert sonunda yağan gül-çiçək yağışında Leyla pərəstişkarları qarşısında baş əyib, məni də səhnəyə dəvət edib, təşəkkürünü bildirib, qucaqladı.Onun qucağında qucaqlaşmağa nifrət hissim yoxa çıxdı...

İki ay sonra Leyla xəstəliyinə təslim olub rəhmətə qovuşdu. Canım Leyla, borclu qalmaq istəmirmiş son günlərində belə. Vəsiyyətinə əsasən məni özünə varis etmişdi.

Öz evimi satıb, Leylanın mənzilinə köçdüm Simonla bərabər. Redaksiyadan da çıxdım.Tapdığa da, layiq olduğu sözləri dedim. Satdığım mənzilin pulunu isə Leylanın çox sevdiyi bir tamaşanı səhnəyə qaytarmaqla ona olan əbədi məhəbbətimin tükənməzliyini yaşadacağımı özümə söz verdim...SONскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!