Verilmiş söz - hekayə

Verilmiş söz - hekayə
Sevgi Dünyası
10.09.2017 6
Hər yan ağ rəngə bürünmüşdü. Yer öz üzərinə ağ yorğan salmış, üzərində həkk olmuş müxtəlif izləri gizlətmişdi. Gecənin qaranlığında müşahidə edilən bu bəyazlıq, küçədə utancaq kəslər kimi üzünü yerə dikən işıq dirəklərindən süzülən işıqlar altında gözləri qamaşdırırdı. Əsən zəif külək yerə yığılmış qar topasının vəhdətini parçalayır, onları başqa bir yerə köçürürdü. Sanki bilditmək istəyirdi ki, vəhdət və birlik inhisarlaşmamalı, hər yanı öz əhatəsinə almalıdır.

Kimsəsiz küçələrin birində də həmin vəziyyət müşahidə edilirdi. Tək-tük evlərin küçə qapılarının üzərində yanan işığın şüaları, bu qapılardan birinin kandarında oturan bir kişinin cüssəsini işıqlandırırdı. Kişi tərpənmirdi. Kənardan belə görünə bilərdi ki, onu hərəkətsiz edən kəskin şaxtanın hökmranlığıdır. Lakin, xeyr. Bu kişinin ruhu əsir düşsə də, sərkərdəsi şaxta deyilmiş. Topa-topa yağan qar səkidə oturan kişinin libasını da bəyazlatmışdı. Bəlkə də bir az tərpənsəydi, qarın yaradıcılığını pozacaqdı. Lakin o, heç kəsin işinə qarşımaq istəmirdi. Başını aşağı dikmiş, susqunluqda qəlbinin döyüntü səsləri ilə qarın yağma səsinin ahənginə qulaq asırdı.

Saat 00:30 olardı. Qaranlıqdan yekələrək gözləri daha da qamaşdıran iki işıq göründü. Təkcə yaxınlaşdıqda anlamaq oldu ki, bu, maşının qabarit işıqlarıdır. Qar dənələrini əzə-əzə hərəkət edən təkərlər bir müddət sonra öz xışıltı səsini susdurdu. Maşının qapısı açıldı. İçindən düşən yorğun, balacaboy kişi qapını bağladı. Lakin geri çevrilib bir də yoxladı. Bağlı idi. İrəli gəlib evinin qapısının ağzındakı qar topasını görüb donquldandı. Ayağı ilə təpikləyib qarı o yan-bu yana səpələdi ki, qapının girişi təmizlənsin. Axırıncı təpiyi daha ürəkdən atdı və ayaqqabılardan uçuşan qar parçalarının ardınca baxdı. Qapını döydü, lakin açan olmadı. Yenə də təkrarladı, bir daha, bir daha. İçəridə sönmüş işıqlardan bəlli idi ki, ev əhli yatmışdı. Əlini cibinə atıb mobil telefonunu çıxartdı. Sonra qulağına tutdu:

– Zatuva nəhlət! Balansınız kifayət qədər deyil. Eh! – deyə, qəzəbləndi. Sağ tərəfə çəkilib topa qarın içinə girdi. Küçəyə baxan pəncərəni taqqıldatmağa çalışdı. Cavab verən olmadı. Bir az da bərk döydü: – Ağəz, Gülzar! Auu! Gəl aç da bu sovxaya qalmış qapını! Dondum axı.

Evin işıqları yandı. Pəncərənin pərdəsi kənara çəkildi və gözü yarımaçılı olan bir qadın oradan boylandı. Bir  az da əsəbiləşən kişi dedi:

– Nə marıtddıyırsan üzümə, bilmirsən işdən gələcəyəm? Dur aç qapını. Tez ol, üşüdüm!

Pərdə cəld öz əvvəlki vəziyyətini aldı. Kişi arxaya çəkilmək istəyərkən ayağı sürüşdü və yerə yıxıldı. Keçəl başı yarıya qədər qarın içinə batdı. Yada-gümana gəlməyən üç-dörd söyüş söydükdən sonra bir təhər ayağa qalxıb üst-başını təmizlədi və qəfil gözü qonşu qapıya sataşdı. Həmin kişiyə. Qardan görünməz olan kişiyə.

– Muxtar məllim, sənsən?

– Bəli, mənəm – deyə, üzünü ona tərəf çevirən kişi cavab verdi.

– A kişi, qışın oğlan çağında burda niyə oturmusan? Nolub, sən Allah?



– Heç, ay Elbrus kişi. Sağlığın!

– Bəs evə niyə girmirsən?

– Həyat yoldaşıma demişdim ki, 11-də işdən çıxıb gələcəyəm. Mən isə gecikdim. Evin işıqlarının sönmüş olduğunu gördükdə anladım ki, yoldaşım yatıb. Onu durquzmağa əlim gəlmir.

– A məllim, nə var ki burda? Hıy? – deyə, Elbrus başını irəli uzatdı. – Mən də işdən gəlirəm. İndi evdəkilər yatıb deyə, bayırdamı gecələməliyəm? Sən Allah, gör nəyi şişirtmisən.

– Yox, Elbrus kişi. Axı mən dediyim vaxtda gəlməmişəm. Yazıq, yəqin ki, məni gözləyərək yatıb. Ya da elə bilib ki, gəlməyəcəyəm.

– Gəl keçək bizə. Çay-zad iç, qızış. Qar adamına oxşayırsan.

– Çox sağ olun, bura da yaxşıdır. Sizi narahat etməyim.

– Nə narahatçılığı? İstəmirsənsə, maşının açarlarını verim otur maşında. Ora istidir.

– Yox, təşəkkür edirəm. – Elbrusgilin qapısı açıldı. Şala bürünmüş arvadı bir ərinə, bir də qonşusuna gözünü qırpa-qırpa baxırdı.

Bax da, necə istəyirsən. – deyə, Elbrus arvadını itələyib içəri keçdi.

Qapı bağlandıqdan sonra hər şey əvvəlki halına döndü. Sakitlik və səssizlik. Qısa sürən dialoq Muxtar müəllimin içindəki vicdan əzabını yüngülləşdirə bilməmişdi. O göyə baxıb, başını aşağı dikdi və ah çəkdi. Ağzından çıxan buxar havaya qalxır və gözdən itirdi. Çox keçmədi ki, Muxtarın arxasındakı qapı açıldı. Lakin fikrə getmiş Muxtar bunu hiss etmədi. Qapının arxasından ahəstə səs eşidildi:

– Muxtar? – Hökm sürən sakitlikdə bu səs adi insanların səsi kimi səslənirdi. Qapıdan tələsik çıxan həyat yoldaşı onun üstünə atıldı. – Sənə qurban, bəs burda niyə oturmusan? Başına dönüm, məni niyə durquzmamısan? Ay-vay! Allah məni öldürsün!

Muxtar bir anlıq özünə gələrək ayağa qalxdı. Üzərinə yığılmış qar topaları ətrafa səpələndi. Həyat yoldaşının hərarətli nəfəsini duyar-duymaz həyəcanlandı:

Bağışla məni, sözümün üstündə durmadım. Gecikdim və səni yuxudan oyatdım.

O nə sözdür, əzizim, sən məni bağışla ki, yuxu məni aparıb, səni gözləyə bilməmişəm.

Bir anlıq sükut çökdü. Lakin qəfil səslənən gülüşlər ətrafa yayıldı. Hər ikisi qucaq açıb bir-birilərini qucaqladılar. Muxtarın soyuqdan buzlaşmış nəfəsi qızışdı.

Artıq qar dayanmışdı. Göy üzündə ay – aydın şəkildə görünür və aşağı boylanırdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!