Həzrət Hud

Həzrət Hud
Sevgi Dünyası
10.09.2017 10
Yer üzündə insanlar artıb-çoxaldıqca tayfalar, qəbilələr, xalqlar
yaranırdı. Bunların bəziləri Allahın yolundan dönəndə Allah öz
aralarından bir nəfəri peyğəmbər kimi onlara göndərirdi. Belə
qəbilələrdən biri Nuh peyğəmbərdən sonra Ərəbistanın cənubunda
məskunlaşan Ad qəbiləsi idi.



Ad qəbiləsi varlı və güclü idi. Get-gedə onların içində günahkarlıq
artmağa başladı. İnsanlar Allaha deyil, bütlərə sitayiş edirdilər.
Sərvətlilər kasıbları incidir, güclülər zəifləri əzirdilər. Onların
qəddarlığı son həddə çatmışdı. Bəzən günahsız bir adamı qayanın başından
aşağı tullayır, yerə dəyib ölməsinə baxaraq həzz alırdılar.



Allah-təala həmin qəbilədən Hud adlı bir nəfəri peyğəmbər seçdi. Həzrət
Hud öz həmqəbilələrini düz yola çağırdı. O deyirdi ki, dünyanı Allah
yaradıb, bütlər yox! Ona görə də bütlərə deyil, Allaha sitayiş etmək
lazımdır. Həzrət Hud camaatdan tələb edirdi ki, ədalətli olsunlar,
bir-birini incitməsinlər, qan tökməsinlər.



Ad qəbiləsinin adamları Hudu dinləyib dedilər:



- Biz səni ağıllı adam bilirdik. Amma sən ağılsız imişsən! Dediyin sözlərin də hamısı cəfəngiyyatdır!



Amma Hud yorulmadan öz təbliğatını davam etdirirdi. Bu zaman camaat ona dedi:



- Dediklərin doğrudursa, möcüzə göstər. Biz yalnız o zaman inanarıq ki, sən həqiqətən Allahın peyğəmbərisən.



Hud söylədi ki, hər nə möcüzə istəyirsinizsə, deyin. Bütpərəstlər dedilər:



- Əgər bacarırsansa, küləyin istiqamətini dəyişdir, qoy biz deyən səmtə əssin.



Hud Allaha dua etdi, külək öz səmtini dəyişdi və camaatın istədiyi tərəfə əsdi. Amma Ad qəbiləsi yenə imana gəlmədi.



Həzrət Hud yenə Allaha dua etdi. Otsuz-ələfsiz qayalar yaşıllıqla
örtüldü. Camaat həmin yerləri əkib-becərdi. Amma Hudun dediklərini qəbul
edən olmadı.



Bu zaman Hud onlara xəbərdarlıq etdi ki, əgər iman gətirməsələr,
tezliklə dəhşətli bəlaya düçar olub qırılacaq¬lar. Ad qəbiləsinin
adamları bu sözlərə inanmayıb dedilər:



- Bütlər bizə kömək edər. Onların sayəsində xeyli sərvət toplamışıq.
Bərəkətli tarlalar, gözəl bağlar salmışıq. Övladlarımız da durmadan
artır. Biz necə məhv ola bilərik? Bu, mümkün olası iş deyil!



Ad qəbiləsinin əkinləri yanıb məhv oldu, ağacları qurudu. Ailələrdə
daha yeni uşaq doğulmadı. Xəstəlik, aclıq və susuzluq adamları əldən
saldı. Ancaq onlar yenə imana gəlmədilər.



Axırda Allah Ad qəbiləsini dəhşətli küləklə cəzalandırdı. Əvvəlcə
səmada nəhəng qara buludlar göründü. Hud peyğəmbər bəlanın
yaxınlaşdığını xəbər verdi. O, bütpərəst camaata təklif etdi ki, Allaha
iman gətirib cəzadan xilas olsunlar. Amma nadanlıq və inadkarlıq
insanların gözünü bağlamışdı. Onlar elə bilirdilər ki, səmadakı qara
buludlar yağışın əlamətidir. Həzrət Hud onları nə qədər inandırmağa
çalışsa da, xeyri olmadı.



Nəhayət, Hud peyğəmbər azsaylı tərəfdarları ilə həmin yeri tərk etdi.
Bundan sonra dəhşətli külək əsməyə başladı. Səhranın qumu sovrularaq
şəhərə doldu. Hər tərəfi küləyin uğultusu və insanların fəryadı bürüdü.
Külək elə qüvvətli idi ki, ağacları asanlıqla kökündən qoparır, evləri
uçururdu. Külək insanları yerdən yüksəyə qaldırır, sonra yerə çırpırdı.
Ad qəbiləsinin bir hissəsi qayalara dəyib öldü, bir hissəsi də evlərin
xarabalıqları altında qalıb həlak oldu. Qum adamların nəfəs yolunu tutub
onları boğurdu.



Qasırğa yeddi gün-yeddi gecə davam etdi. Bu yolla bütöv qəbilə məhv
oldu. Vaxtilə dünyaya səs salmış Ad qəbiləsi tarix səhifəsindən silindi.
Həzrət Hud və ona qoşulmuş möminlər isə Yəmənə köçüb, orada yaşamağa
başladılar.



Ad qəbiləsinin məhv olmasının əsas səbəbi qudurğanlıq və inadkarlıq
idi. Onlar özlərinə çox arxayın idilər. Elə bilirdilər ki, heç Allahın
da onlara gücü çatmaz. Amma başa düşmürdülər ki, Allah onları yaratdığı
kimi, istədiyi vaxt məhv etməyə də qadirdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!