Onlar ədaləti öldürdülər...

Onlar ədaləti öldürdülər...
Sevgi Dünyası
10.09.2017 28
Bizi aldatdılar.
 
Bizi həyata qarşı aldatdılar həm də. Yalnızca bir məqamda, bir
halda deyil… Biz aldanışa doğulduq. Yalan hekayələrin üzərində
addımlarımızı atdıq.  Bizə özümüzü tanımağa imkan vermədilər, "sən belə
olmalısan” deyə uydurma anlatdılar. Bizdən düzəldəcəkləri şeyi  ərsəyə
gətirmək üçün uğraşdılar. Həm də bizimlə uğraşdılar. İçimizdə nə vardısa
söküb yırtıb almağa çalışdılar. İçimizdə içimizdən nə qaldısa, nə
göründüsə  onu yasaq, murdar elan etdilər və bizi özümüzdən ürkütdülər.
Əllərimizdən utandıq, ayaqlarımızdan utandıq, saçlarımızdan,
dırnaqlarımızdan, sonra qəlbimizdən, hislərimizdən, istəklərimizdən
utandıq. Yalanların içində sadəlövhcə, axmaqca çabalayıb qaldıq. Hədəf
alındığımızı heç anlamadıq. Ən qorxulu, ən təhlükəli məxluq bizdik. Və
buna görə ətrafımıza çəpərlər çəkdilər.
 
Bizə həyatı yasaqladılar.
 
Yolları, küçələri, kəndləri, şəhərləri- dünyanı bizə
yasaqladılar. Bizi gizləmək üçün hündür,  dəbdəbəli evlər tikdilər,
divarlar ucaltdılar. O divarlardan kənara atdığımız addımları
təkrar-təkrar, vasvasılıqla, dəqiqliklə ölçdülər, hesabladılar,
vurdular, böldülər.  Hər addımımızda onların şübhə dolu, sınayıcı,
aşağılayıcı baxışlarıyla üzləşdik.  Biz bu dünyaya doğulmadıq, bu yer,
bu torpaq bizim olmadı. Yollarında yalnız onların təsdiqlədiyi addımları
ata bildik, onlar bəlirlədiyi saatlarda və onlar bəlirlədiyi qaydalarla
hərəkət edə bildik. Biz bu həyatı yaşaya bilmədik. Həyatımızı bizdən
oğurladılar, ya da qəsb etdilər. Və bizə həyasızcasına başa salmağa
çalışdılar ki, həyatımız onlarındı və biz həyatımızla onlara borcluyuq,
çünki onların qövmündənik.
 
Biz öz cinsiyyətimizin içinə həbs olunduq.
 
Hər şey və hər kəs bizə cinsiyyətimizin ardından baxdı.
Cinsiyyətimizdən çıxıb insan ola bilmək şansını bizə tanımadılar. Hər
şeyi, yaşam şərtlərini bizə cinsiyyətimizlə bəlirlədilər.
Cinsiyyətimizin içində çarmıxa çəkildik, hərəkət edə, tərpənə, qımıldaya
bilmədik.  Tərpənmək, qımıldamaq, yaşamaq, hiss etmək istədikcə acılara
boğulduq.Cinsiyyətimizlə bizə yaşamağı, hiss etməyi yasaqladılar.
 
Bizi sevmədilər.
 
Sevgilərini yalnızca yonub-yonub yapdıqları məxluqa yönəltdilər.
Onlar  içimizdəki bizdən  ürkdülər, nifrət etdilər. Biz yalnızca uşaqkən
onların nəsilartırma  instiktindən doğan məncil məhəbbətlərinə tuş
gəldik. Bizi ona görə sevdilər ki, onlarındıq, onlardandıq. Bizim
onlardan olmadığımızı hiss etdikləri an düşmənə,  içimizdəki daha fərqli
birini görüncə yırtıcıya çevrildilər. Biz də onları sevə bilmədik.
Çünki biz görürdük, sevgilərinin arxasında silahlarını da yerə qoymağı
unutmazlar. Çünki biz çox yaxşı bilirdik, onlar özlərinə çevirdiyi
bizləri sevirlər –  içimizdə gizlədiyimiz, sıxıb-sıxıb saxlamağa məcbur
olduğumuz bizləri görməyə gözləri yoxdur. Çünki biz yaxşı bilirdik,
ənənələrə, qaydalara, ətrafa sadiq  sevgi saxta və qorxaqdı. Çünki biz
duyurduq, onlardan gizlənməyə, qorunmağa məcburuq və bu dostca deyil.
 
qadın və yaşamOnlar ədaləti öldürdülər.
 
Onlar yalanlara boğulub bizi də qurban etdikcə ədaləti
öldürdülər. Onlar yalançı idilər, haqsız idilər, qorxaq idilər, saxtakar
idilər, ədalətsiz idilər, zalım idilər. Və biz onlara tapınmalı idik.
Ama yaratdıqları bütlər bir-bir gözlərimizdə əriyib sabun köpüyü kimi
yox olurdu. Və onlar özləri də yox olurdu. Gün gəldi və bizi onlara
ancaq əllərindəki silahlar bağlaya bildi. Artıq ortada heç bir dəyər
qalmadı. Artıq onlar yalnızca onlar olduqlarından dolayı bir dəyərə
malik deyildilər. Onlar acımasızdı, biz də acımasız olduq. Mərhəmət
istəməyəcək və mərhəmətsiz hala gəldik. Mərhəmət istəməyəcəkdik, çünki
hər güzəşt bizlərdən nəsə verməkdi, təslim etməkdi.  Mərhəmət
göstərməyəcəkdik, çünki hər güzəşt bizlərdən nəsə verməkdi, təslim
etməkdi. Onların mərhəməti bizim ədalətsizliyimizə – ölümümüzə 
hesablanmışdı.
 
Onlar bizi öldürdülər.
 
Onlar ölü idilər. Bir zaman onları da öldürmüşdülər. Və onların
görəvi bizi öldürməkdi. Onlar bizdə ölünü görmək istərlər, tam
varlıqları ilə ölümə heyrandılar. Ölümü hüzürlə və rahatlıqla seyr
edərlər. Ölümə o qədər vurğundular ki, bir yaşam qığılcımından it kimi
ürkərlər, təlaşa düşərlər və dərhal öldürmək üçün düzəvlərini qurarlar.
 
Bir gün birlikdə böyüdüyümüz, uşaqlığımızı, məsumiyyətimizi,
saflığımızı və inamımızı paylaşdığımız öz qardaşlarımız yanlarımızdan
əskildi. Onlara tabe oldu, onların qaydalarının, inanclarının içinə
kökləndi. Və biz bir gün, dəhşətlər içində çılğınca və məsumca bağırdıq:
"Artıq sən  əvvəlki kimi yaxın deyilsən, artıq mən sənə əvvəlki kimi
hər şeyi danışa bilmirəm”. Və o zaman dəhşətlə başa düşdük ki, həqiqətən
o – qardaşımız bizə əvvəlki kimi yaxın deyil və biz ona əvvəlki kimi
hər şeyi anlada bilmirik. Bəlkə də onun qəlbi yoxdur. Demək, o da bir
ölüdür. Öz qardaşında, öz doğma qardaşında – halbuki, bir qədər əvvəl
capcanlı idi, saf  idi, sevgi və həyat dolu idi, dost idi – ölünü seyr
etməyin və onu əbədilik itirməyin dəhşətini yaşadıq. Beləcə,  doğma
qardaşlarımız bir gün  bizi gözətləyən ölü jandarmlara- nəzarətçilərə
çevrildi. Və biz onların da gözlərində bir gün o yad, sınayıcı, şübhəli
baxışları gördükdən sonra anladıq ki, biz yalnız buraxılmışıq.
 
qadınlıq və yaşam-aldatmaqVə biz də onları aldatdıq.
 
Artıq onları aldatmaq bizimçün faciə deyildi. Bizim varlığımızı
danan, onu hesaba almayan, onu başqa şəklə salmağa çalışan onları
aldatmaq faciə deyildi. Biz onları aldadaraq  qabığımızın içində
varlığımızı saxlamağa çalışdıq. Onlar bizim həyatımızı çalmışdılar,
qarşılığında onların həqiqət payını çaldıq. Bütün həyatını yalanlara
sığınıb yaşamışdılar, biz də öz gerçəklərimizi onlardan saxladıq.
 
Bir gün "bu həyatı bizə niyə yasaq etdiniz” deyə hesab sorduq,
 
"yalanların içinə niyə bizi gömdünüz” deyə. Bir gün ardımızda hər
şeyi – onları, qardaşlarımızı, bacılarımızı, atalarımızı, analarımızı 
buraxaraq hər kəsdən və hər şeydən çıxıb getdik. "Bu həyat, bu küçə, bu
şəhər, bu kənd bizimdir, onları bizə heç kim yasaq edə bilməz” dedik və
bəlirlənməmiş bir saatda, bəlirlənməmiş bir nədənlə, bəlirlənməmiş
istiqamətə addımladıq.  Özümüzdən, hislərimizdən, istəklərimizdən,
əllərimizdən və ayaqlarımızdan utanmadıq. Gecə saat 2, 3, 4, 5 gündüz
saat 5, 6, 9, 10, torpaq və günəş, qaranlıq və işıq, şəhərlər və
kəndlər, küçələr və evlər- hamısına sahibləndik.   Və  dünyaya nəhəng
dalğaların içinə düşmüş kiçik bir yarpaq kimi kimsəsizcəsinə və
sahibsizcəsinə yenidən gəldik.
 
Müəllif: Sevinc Sultanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!