Qara pişik taleyi

Qara pişik taleyi
Sevgi Dünyası
10.09.2017 5
Deyən ağlamağı adət etmişəm. Bilmirəm bu gücsüzlük, çarəsizlikdir, ya
başqa bir şeydir. Bunun adını hələ tam qoymamışam, əslində həyatımda
hər şey yarımçıqdır.
 
Bu gün qara pişiyə bəslənən münasibət mənə də bəsləndi. Mənə görə
uğursuzluq gətirən qara pişik deyil, insanların öz əməlləri və yanlış
seçimləridir. Sənin işin düz gətirməlidir deyə pişik başqa yoldan
getməlidir? Axı o biri yoldan keçəndə səninlə eyni fikirdədir. Bəs bu
pişik hardan keçməlidir? Dünya tək insanların yaşayış məskəni deyil.
 
Nişan aparılacaqdır. Hamıdan çox mən sevindim. Çünki onlar mənim
sevdiklərim idi. Onların da sevdikləri mən olduğum üçün ilk mənə üzüyü
göstərdilər. Uzaqdan bax dedilər. Yəqin ki, uğursuzluq gətirirmiş
yaxından baxmaq, amma sonra başqası əlində baxdı. Çox güman məni
uğursuzluq gətirən biri olaraq qərar vermişdilər. Səsli ağlamağa yeni
alışdığımdan nəfəsimi tutdum ki, bu gözəl anımı kimsə görməsin, bu
səbəbdən evə tərəf yol aldım. Keçərkən qarşıma qara pişik çıxdı.
Maraqlıdır, məni görən kimi qaçıb özünü qonşu həyətə atdı. Yazıq heyvan,
görünür çox daşlanıb, məni görüncə can qorxusundan qaçıb gizləndi.
Ağlamamaq üçün tutduğum nəfəsi, ürəkdən gülərək aldım. Görünür, o
pişiyin olanlardan xəbəri yox idi. Olsa idi, mənə təsəlli verməmiş qaçıb
getməzdi. Nədə olsa, bu mövzuda məndən daha çox təcrübəlidir. Az
daşlanıb, həyətlərdən az qovulmamışdır. Lakin mən heyvanları insanlardan
daha şəfqətli və mərhəmətli bilirəm. Əgər mən də uğursuzluq
gətirirəmsə, qara pişik məndən əbəs yerə qorxurdu.
 
İnsanlar əgər anlasaydılar ki, olan hər bir çətinliyi öz
əməllərinin bəhrəsidir, qara pişiklər daha asudə yaşayardı. Yazıq
heyvanlar qaçmağa adətkar olduqları üçün onlarla eyni taleni yaşayan
məndən də qorxdular.
 




 
Gözəl yay günlərinin birini yaşayırıq. Uşaqlıqdan məni rahatladan
tək şey ulduzları seyr etməkdir. Amma heç vaxt yaxından görmək
istəməmişəm, qorxmuşam, birdən yaxından baxsam, yerdən seyr edilən qədər
gözəl olmasalar? Hər kəsin inandıqı bir inanc var. Yerdəki insanların
səmada bir ulduzu var. Çoxları hər parıldayan ulduzun onun olduğunu
seçərkən, mən həmişə parlamayan, sonradan görünən ulduzu seçərdim.
Mənası nə idi? Hələ də tam bilmirəm. Amma bildiyim tək gerçək var,
ulduzlara saatlarca baxmaq məni insanlarla dərdləşməkdən daha çox
rahatladır. Düzü insanlarla dərdləşmək kimi bir adətim də yoxdur.
Sorğu-sualsız məni dinləyən ulduzlar varkən məni anlamayan insanlarla nə
dərdləşim? Həm anlatsam, daş da anlayar, duymaq lazımdır. Bunu da insan
deyilənlər nadirən bacara bilir.
 




 
Gündüz olanları ulduzların köməkliyi ilə unutdum. Gündüzdən
gözlərimdə saxladığım yaşları da azadlığa buraxdım. Azadlıqda olmaq
onların da haqqı idi. Göz yaşlarının da azadlığı gözlərdən düşməkdir. Bu
gün səsli ağlamadım, axı ulduzlarla birlikdə idim. Onların üzülməsini
istəmədim. Çünki mənim də uşaqlıqdan kəşf etdiyim öz həqiqətim vardı.
Onlar yerdəki insanlardan qaçıb göylərə sığınmış yaxşı insanlardır. Pis
insanların səmada ulduzu ola bilməz, çünki ulduzların insana rahatlıq
bəxş edən xüsusiyyəti var, pis insanlarda belə xüsusiyyətin olduğuna
inanmıram.
 
 
 
Ölmüş birinin gündəliyi: bu gün qara pişiklə eyni taleyi yaşadım.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!