Uşaqlığıma qayıdıram

Uşaqlığıma qayıdıram
Sevgi Dünyası
10.09.2017 4
Necə duymaz, necə qanmaz, əslində necə sınmaz idin. Nələr gələr, nələr
keçər, sən bilməzdin. Qaranlıq dünyadan işıqlı cahana qədəm qoymuşdun.
Bir evin, bir ocağın sevinci olmuşdun. (Şükür elə ki, üstündə bir
məktubla naməlum bir qapı arxasına qoyulmamısan, iki insanın
düşünülməmiş qovğasının qurbanı olmamısan) Ananın qızılgül qoxulu
laylalarında itib-batardın hər şeydən xəbərsiz. Qayğının, ağrı-acının,
itkinin, yoxluğun nə olduğunu bilmədən. Əslində varlığın da mənasını
anlamadan, çünki sənin hər kəsin, hər şeyin var idi. Var olanda yoxluğun
nə olduğu bilinməz ki… Göz açdığın həyatın ancaq şirinini-balını,
sevincini-şadlığını dadmışdın… sənə nə var idi ki, onların dadını
bilməyənlərdən. Beləcə böyüdün… İndiyədək ancaq gələnlərini bildiyin
dünya sənə yavaş-yavaş gedənlərin də olduğunu öyrətməyə başladı. Nazı,
duzu, qızı olduğun nənən, baban köçəndə dadlı dünyandan, kədər kök
atmağa başladı sinəndə. Əslində onda da itkinin nə olduğunu bilmirdin
ki… (heç indi də bilmirsən) Bəs niyə ağlamışdın o qədər? Həəə, balaca.
Körpəliyindən qayğı, sığal, əzizləmə gördüyün həyat dəyişmişdi onda. Axı
ana qoynu isitmişdi həmişə səni. Ata qayğısı güc vermişdi fidan tək
ürəyinə. Nənə, baba, əmi, bibi, xala, dayı nəvazişindən xəbərin var idi,
onların olmadığı bir həyatdan yox. Onların olmağı və bir gün
xatırlanmağı necə gözəldir…

Yadındadı, bir dəfə səni kəndə, nənəngilə qalmağa göndərmişdilər bir
neçə günlüyə. Amma sən dözə bilmədin bu qədər belə ana-atandan ayrı
qalmağa. Uşaq bicliyinlə yeməyib-içməyib ağladın ki, gəlib səni
aparsınlar. İstəyinə çatdın. Atan gəldi səni aparmağa. Necə ayaqyalın
qaçmışdın qucağına. Şıltaqlığın bir yana, könlünü almaq üçün qəşəng bir
paltar da almışdı atan sənə. Sənsə onu əyninə balacalaşsa belə, yenə
geyinərdin. Hələ bir gəlinciyin vardı. Ona ad qoyar, saçlarını darar,
"nazını çəkərdin” sənin nazını çəkdikləri kimi. Həmişə sənə bir konfet
verəndə, birini də qonşuluqdakı rəfiqən üçün istərdin. Hələ o gülüşün
heç yadından çıxarmı? Əzizlərin gülüşünü eşitmək üçün nələr etməzdilər…
Nağılları çox sevərdin, ən çox da sonunu. Göydən üç alma "düşərdi” axı.
Unudularmı o şip-şirin uşaqlıq xatirələrin? Yəqin ən çox da xatırladığın
o qırmızı donundur. "Bir, iki – bizimki… doqquz, on – qırmızı don”
deyib fırlananda nazından Yer-Göy dağılardı. Bilirsən, kimsəsiz uşaqlar
evində bir qızcığazın cırılmış paltarını görəndə, sənin o qırmızı donun
ürəyimi qana döndərdi, elə donun kimi. Axı onların da elə donları varmı
ki, nazlanmaqlarını demirəm, geyinəndə qırıq ürəkləri sevinə heç olmasa.
Bilirsən, ay balaca, donları bir tərəfə , qoynuna sığınacaqları anaları
yoxdu sənin kimi. Şıltaqlıqlarına dözəcək ataları yoxdu. Sənin ölümünə
göz yaşı tökdüyün nənə-babaları belə yoxdu. İsti ocaqları, yuvaları
yoxdu. Bu ocaqda sığal görməyiblər ki, gəlinciklərinə də sığal
çəksinlər. Onların nağılları, nağıl söyləyənləri yoxdu. Nağıl sonundakı
almaları isə arabir onlara baş çəkən qonaq əllərindən gözləyirlər.
Onlara bir konfet verəndə, bölüşməyi düşünmürlər. Onların heç qonşuluqda
rəfiqələri belə yoxdu axı. (Onların nəyi var ki?…) Onların anası-atası
da, bacısı-qardaşı da, dostu-rəfiqəsi də bir yuva altındadır. ( İlahi, o
körpə ürəklər necə dözür bir bu qədər yoxluğa? Çox zaman qədrini
bilməyib, naşükürlük etdiyimiz ürəyimizdə, yanımızda, əlimizdə var
olanlara çox şükür)



Bağışla, balaca, sənin saf-təmiz uşaqlığına, şirin-şəkər nağıllarına
zəhər qatmaq istəməzdim. Ancaq… nə bilim. Düşünürəm ki, axı niyə onların
da belə bir keçmişi, uşaqlığı olmasın? Gələcəyin məngənəsində sıxılanda
xatırlayalar, bir anlıq təbəssüm qona üzlərinə. Sualıma cavab verə
bilməsən, heç olmasa, onlarçün bir şey et. Məktubumu onları bu keçmişdən
və gələcəkdən məhrum edənlərə, yada salmayanlara göndər. De ki, körpə
ürəkləri mənən öldürməsinlər. Bu, fiziki ölümdən də betərdir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!