Yuvarlaq və künc

Yuvarlaq və künc
Sevgi Dünyası
10.09.2017 3
Məni tapmaq istəsən, şəhərin ən küncündəki küçədə yaşayıram biləsən. Küçənin də ən küncündəki evi tap, evin küncündəki otağa keç, otağın da küncündəki masaya bax, görəcəksən məni, masanın ən küncünə qısılmışam. Toxunmağa çalışma mənə, bacarmıyacaqsan. Yuvarlaqlar küncə toxuna bilmir. Küncə yaxınlaşma dedim yuvarlaq! İki divar qoruyur məni, səni toxunmağa qoymayacaq onlar. Elə həmişə onlara dəyib geri qayıdacaqsan. Nə qədər sərt dəysən, o qədər uzağa düşəcəksən məndən. Əl çək!



Yuvarlaq, sən tanrının yaratdığı itaətkar fiqursan. Yuvarlaq, fərdin yox, kütlənin şairisən sən. Yuvarlaq, sistem hara itələsə, ora dığırlanacaq oyuncaqsan. Yuvarlaq sən işıqsan, mən qaranlıq. Sən günəşsən, ulduzsan. İnsanlar səni sevir, tanrı səni yaradıb məni yox. Sən kütləninsən, mən özümün. Altruizmdən yazılan pafoslu yazılarını da götür get yuvarlaq. Gətirdiyin alqışlar, verdiyin medallar, pullar, şöhrət...lazım deyil get. Dedim axı, mən kütlənin yox fərdin yazarıyam. Sən üzərində oxunmuş kitabları gəzdirirsən, mən yandırılmış və kağız tapılıb yazıla bilməmiş qaranlığam. Sən insanları doğru olduğuna inandıran yalanlarsan yuvarlaq. Simvolu yuvarlaq olan,hər şey yalandır özün yaxşı bilirsən. Doğruya düz, yalana yuvarlaq deyərlər.



Təkliyimə bu qədər çoxluqla niyə narahat edirsən yuvarlaq?!. Mən elə Adəm doğulub Adəm ölmək istəyirdim. Məni əyib, məndən niyə Həvva yaratdın, bizdən isə yuvarlaqlar. Küncdəki Adəm, son insan ölənə qədər ölməyəcək. Budur mu Adəmin ölümsüzlüyünə çarən?! Çıx get yuvarlaq, toxuna bilməyəcəksən mənə. Əl çək!



Müəllif: Səfər Hüseynliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!