Ölümdən öncəki dayanacaqda

Ölümdən öncəki dayanacaqda
Sevgi Dünyası
10.09.2017 5
Başın
iki ovcunun arasında, gözün də üfüqlərdə, dizinin üstündəki əsanın
dəstəyi də boynunu bükmüş kimi yerə baxır. Uzaq, qədim bir türkünün
sözləri oxunur duyğularında:



"Dönülməz axşamın üfüqündəyim, zaman çox gec,

Bu son fəsildir, ey ömrüm, nasıl keçərsən-keç".



Ömrünün son fəslini yaşadığına
inanmaq nə qədər həzin bir hiss! "Allah!" deyib inləməyin gəlir. Dönüşü
olmayan bir səfərin astanasında dayanmaq. Bir azdan, bir azdan... Gələn
bahar bəlkə də sənsiz gəldi bu yer üzünə, yenə günəş doğacaq, yenə
çiçəklər açacaq, yenə uzaqdakı bir iydə ağacının altındə bir oğlanın
dili söz tutmayacaq və eləcə əlində büküb əzdiyi məktubu həyəcandan
titrəyən qızın ovcuna basıb, arxasına baxmadan qaçacaq... Çox şeylər
yaşanacaq, çox şeylər dəyişəcək. Bu divarın o üzündə çalınan toyun
meyvələri görünəcək barının başından, balaca-balaca uşaqlar o həyətdən
çıxıb sənin əkdiyin gilas ağaclarına dırmaşacaqlar. Qonşu kənddən bir
nəfər İrandakı qohumlarından aldığı məktubu gətirəcək ki, oxutsun, sənin
öldüyünü eşidib, sakitcə "Allah rəhmət eləsin!" deyib dönəcək. Qonşunun
toyuqları yenə çəpərdən aşıb bu həyətdə dolaşacaq, amma qovmayacaqlar,
təkcə qonşunun xətrinə yox, həm də sənin ruhunu incitməmək üçün, çünki o
qədər demişdin ki, qonşunun toyuğu qonşunun həyətində gəzər...



"Dönülməz axşamın üfüqündəyim". Amma heç kəsin üfüqü, üfüqdə
gözləyən qapısı bir-birinə bənzəməz. Hər halda sən belə düşünürsən.
Yaşamaqdan, dünyanın o başından bu başına qədər yeriyib gəlməkdən
yorulmuş kimisən. Çiynində ağır bir yük var elə bil. Qalxıb getməyə də
həvəsin yoxdur; elə bil hər şeyi burada gözləmək, burada qarşılamaq
istəyirsən. Adını çəkməyə qorxursan, amma burada, bu yolun kənarında
yıxılıb qalmaq, sonra da evdəkilərə, qonum-qonşuya aval olmağı düşünmək
ürəyini sıxır.



Günəş də yavaş-yavaş üfüqə əyilir. Durub getmək zamanıdır. Hava
qaralmadan evə çatmalısan, yoxsa yazıq qarı qapının ağzından
yığışmayacaq. Onsuz da son günlər ürəyi çox incidir yazığı. Gileylənməyi
sevməsə də, aradabir zarafatla vəsiyyətini eləyir sənə: "Heç uşaqları
incidib-eləmə, indi qəbir yeri almaq da bir dərddir, aparıb öz
camaatımızın arasında basdırın. Amma noolar məni özündən ayırma".
Zarafat deyil ee, əlli ildən artıqdır ki, onun dediyi kimi "otaq
yoldaşı"sınız. Səni iyindən tanıyır, əlini uzadanda qapı öz-özünə
açılır. Daha doğrusu, öz-özünə açılmır, o, içəridən açır. O qədər rahat,
könlü tox adamdır ki... Gözü də heç zaman arxada qalmayıb. Səhər-axşam
ağzını şükürlə açıb, şükürlə bağlayır. Sənə elə gəlir ki, öləndə də
zarafatla öləcək. Eləcə danışa-danışa birdən susacaq, çağıracaqsan,
cavab verməyəcək. Yaxınlaşıb görəcəksən ki, keçinib, sözü dodağında,
təbəssümü çöhrəsində donub. Bu da bir xəyal, bu da bir təsəvvür idi
keçdi başından. Amma o qapıdan qaçış yoxdur... Gec-tez olacaq, mütləq
olacaq, ya səndən əvvəl, ya səndən sonra. Bir söz yadına düşür:
"Gedənlərə nə var ki, vay qalanın halına".



"Ya Allah!" deyib dikəlirsən, hava qaralanacan evə çatmasan, qarı ürəyini tuta-tuta çöl qapının ağzında qalacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!