Zamanın qocalda bilmədiyi eşq sultanı

Zamanın qocalda bilmədiyi eşq sultanı
Sevgi Dünyası
10.09.2017 12
Kamil
insan ney kimidir. Qupquru qurumuş, sinəsi qızmar şişlə dəlik-dəlik
açılmış qamışdan düzəlmiş ney onu üfürənin istədiyi səsi çıxardığı kimi,
kamil insan da onu yaradanın istəyindən özgə bir səs çixarmaz.
(Mövlana)

Bu
gün Konyada sevgi bayramı var, coşqu var, şölən var. Könlünü Haqqa
vermiş, Allahına aşiq olmuş gözəl bəndələrin ölümü dərd deyil, vüsaldır.
Əsrlərdən bəri könüllərdə taxt qurmuş Mövlana Cəlaləddin Ruminin,
sadəcə Mövlananın vüsal günüdür bu gün. Açın klassik ədəbiyyatımıza
baxın, amma elə-belə, başdangetdi baxmayın, könül gözüylə baxın. Bütün
əsərlərdə cəmi üç obraz görəcəksiniz: Can, Canan, əğyar. Can dediyin
müəllif özüdür; Canan bizi yaradan uca Mövlamızdır ki, Özünü bir quluna
sevdirməsi əslində o quluna ən böyük lütfüdür, mərhəmətidir.

İki
sevgi var, biri dünyada başlayıb, dünyada tamamlanan, yəni fani sevgi;
digəri isə dinyada başlayıb axirət yolçuluğunda belə insandan ayrılmayan
sevgi, yəni baqi sevgi, ölməz sevgi. Allahı sevmək bəndə üçün ən böyük
səadətdir. Çünki axirətdə hər kəs öz sevdikləri ilə birlikdə olacaq.
Əgər sən Allahı sevirsənsə, bu sevginin vüsalı elə öz bətnində, öz
ruhundadır. Dünyaya aid bir şeyi, bir kəsi sevirsənsə, o sevdiyinə doğru
yol getməlisən, yox əgər Allahı və Onun Rəsulunu sevirsənsə, vüsal o
sevginin içində gizlidir. O sevgiyə ucalanlar danışmazlar, yaşadıqlarını
insandan gizli tutarlar.

Əğyar
dediyinsə dünya və dünyaya aid fani olan hər şeyin ümumi adıdır.
Klassik ədəbiyyatda buna masiva da deyilir, yəni insanla Allah arasına
girən, əngəl olan hər cür göz aldadan sevgi.

Bəşər
tarixində elə böyük zəkalar, parlaq şəxsiyyətlər var ki, yazdıqları,
söylədikləri heç zaman köhnəlmir, dəyərini itirmir. Elə bil ki, ötüb
keçən, keçdikcə də hər kəsi qocaldan zaman bu cür nadir insanlara
toxunmur, onları gələcək nəsillərdən uzaqlaşdırmır, ayırmır.

Belə
parlaq şəxsiyyətlərdən biri, heç şübhəsiz, şərqin böyük mütəfəkkiri
Mövlana Cəlaləddin Rumidir. XIII əsrdə yaşamış bu böyük fikir adamının
əsərləri İslam dünyasında ən çox oxunan əsərlər arasında yer tutmuşdur.
700 ildən artıq bir dövr ərzində bütün məktəb və mədrəsələrdə Mövlananın
əsərləri tədris edilmişdir. "Məsnəvi", "Divani-kəbir" (böyük divan),
"Yeddi məclis", "Məktubat" əsərləri dünya ədəbiyyatının inciləri
sırasında yer almaqdadır. Bugünkü Əfqanıstan ərazisindəki Bəlx şəhərində
doğulan, amma həyatının ən parlaq dövrünü Anadoludakı Konya şəhərində
yaşayan Mövlana əsərlərini o dövrün ənənələrinə uyğun olaraq fars
dilində yazmışdır. Mövlana düşüncəsinin mərkəzində Allahın
yaratdıqlarını sevmək, həm də Allahın rəğbətini, razılığını qazanmaq
üçün sevmək (yaradılanı Yaradandan ötrü sevmək) prinsipi durur. İnsanlar
onu sevgi ümmanı adlandırmış, sevməyi ondan öyrənmişlər. Onun əsərləri,
xüsusilə də "Məsnəvi" çox ibrətli, insana gerçəyi anladan misallarla
doludur.

Mövlana
insanlara çox şey öyrətmişdir. Həm də onu öyrətmişdir ki, insan
həyatını düzgün yaşaya bilsə, ölüm onun üçün toy-bayrama çevrilər. O,
bunu öz həyatı ilə sübut etmişdir. Belə ki, ölüm yatağında olarkən ailə
üzvləri kədərlənib ağladığı halda, Mövlana özü fərəhlə "Allaha
qovuşuram. Rəsulullaha qovuşuram" söyləmişdir. Ona görə də hər il
Mövlananın ölüm günündə, yəni dekabrın 17-də dünyanın müxtəlif
yerlərindən Konya şəhərinə toplaşan minlərlə insan bu böyük şəxsiyyətin
anma mərasiminə, "Şəbi-Ərus", yəni vüsal gecəsi məclisinə qatılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!