Kim dünyanın içində, dünya kimin içində

Kim dünyanın içində, dünya kimin içində
Sevgi Dünyası
10.09.2017 13
Sərvət,
maddi zənginlik, başqalarından fərqlənmək, hər kəsdən daha rahat və
komfort şəraitdə yaşamaq... Bəşər yaranandan bəri bu mövzu insanlığın
gündəmindən düşmür. Bütün işğallar, istismarlar, talanlar, soyğunlar,
müharibələr, hamısı bunun üçün deyilmi? Tez-tez rast gəldiyimiz bir
sual: müsəlman zəngin olmalıdırmı? - Bir insanın zəngin olub-olmaması
Allah-Təalanın (c.c.) təqdiridir. Amma müsəlman olan kəs də fəal
olmalıdır, çalışmalıdır, təşəbbüs göstərməlidir, yuxusunun, rahatlığının
əsiri olmamalıdır. Təbii ki, sən bütün gücünlə, imkanlarınla
çalışarsansa, Allah-Təala da qarşılığında sənin əlini boş qoymaz. Demək,
müsəlman zəngin olmaq üçün lazım olan şərtləri yerinə yetirməlidir,
amma çalışarkən də bir meyar heç vaxt nəzərdən qaçırılmamalıdır:
halallıq. Düstur kimi bir söz var: "Müsəlman heç zaman ölməyəcəkmiş kimi
bu dünya üçün, bir an sonra öləcəkmiş kimi axirət üçün çalışmalıdır".
Yəni nə qədər çalışırsan çalış, nə qədər qazanırsan qazan, halallıqdan
zərrə qədər də yayınmayacaqsan, harama gözünün ucu ilə də baxmayacaqsan
və Allah-Təalanın verdiyi sərvəti, neməti Onun rizasına uyğun şəkildə
xərcləyəcəksən. Dünya nemətləri məqsəd deyil, vasitədir. Dünya nemətini
həyatının məqsədi hesab edənlər elə o məqsədlə də bitib-tükənirlər.



Çalışacaqsan, qazanacaqsan, ən azı qazanmaq üçün boynuna düşən
bütün şərtləri yerinə yetirəcəksən. Qisməti də Allahdan gözləyəcəksən.
Allah-Təalanın verdiyinə razı olacaqsan. Heç zaman düşünməyəcəksən ki,
sən çox çalışdın, Allah-Təala az verdi, düşünəcəksən ki, ən xeyirlisini
verdi; lazım olan qədər verdi, ən doğrusunu verdi. Üstəlik, onu da
düşünəcəksən ki, səndən daha çox çalışıb daha az qazananlar da var.
Allaha təvəkkül etmək də elə budur. "Təvəkkül" sözü "vəkil" sözü ilə bir
kökdən gəlir. Yəni sən boynuna düşən vəzifəni yerinə yetirib nəticəni
Allah-Təalaya həvalə edirsən, Ondan gözləyirsən. 



Təəssüflər olsun ki, uca dinimizi anlaya bilməməyimiz,
Allah-Təalanın (c.c.) göndərdiyi Qurani-Kərimdən, Rəsulullahın (s.ə.s.)
bizim üçün ən gözəl örnək olan həyatından uzaq durmağımız insanlarımızın
təsəvvürünün doğru-düzgün formalaşmasına imkan vermir. Bəziləri İslamı
tərki-dünyalıq kimi başa düşüb, özünü cəmiyyətdən təcrid hala gətirərək
ömrünü ibadətə vermək kimi anlayırlar, bəziləri də halal-haram demədən
qazandıqlarının bir hissəsini paylamaqla hər şeyi yoluna qoyduqlarını
güman edirlər. İslam əxlaqdır, özü də ən gözəl; əxlaq; insan fitrətinin,
yəni insan xarakterinin özünü ən gözəl şəkildə ifadə edə bildiyi
qanunlar toplusudur, həyat tərzidir. Müsəlman çalışmalıdır ki, dünyasını
güllü-gülüstana çevirə bilsin, amma güllü-gülüstana çevirdiyi o
dünyasında dırnaq ucu boyda da olsun harama yer verməməlidir. O gözəl
əxlaqla formalaşmış insan elədiyi yaxşılıqları unudar, amma nə vaxtsa
işlədiyi bir xətanın üzüntüsündən heç vaxt qurtara bilməz: haqqını
tapdadığı bağışlasa belə, özü-özünü bağışlamaz. Bir yaxşılıq etdisə, bir
yaraya məlhəm çəkə bildisə, kimsəyə söyləməz, qarşı tərəfə də minnət
qoymaz, təşəkkür edər ki, onun sayəsində bir xeyir əməl işləyə bildi. Bu
əxlaqla formalaşmış insan dünyaya sahib olsa da, könlünü, ruhunu,
duyğularını dünya ilə paylaşmaz, dünyanı öz qəlbinə buraxmaz. Dünyanın
içində olacaqsan, dünyaya sahib olacaqsan, amma dünya sənin içində
olmayacaq, onun yalançı, göz aldadan cazibəsini çirkab hesab edəcəksən,
könlünün həndəvərinə belə buraxmayacaqsan. Könlünü tərtəmiz tutacaqsan,
onu Allahın (c.c.) evi bilib, Uca Yaradanın adına layiq hala gətirmək
üçün çırpınacaqsan, tərtəmiz saxlayacaqsan, o gerçək Sahibin, o böyük
Müsafirin təşrif buyurmasını gözləyərək günbəgün, anbaan
gözəlləşdirəcəksən. Və bu dünyanın seli-suyu, dərdi-ağrısı sənin
başından aşsa belə, könlünə zərrə qədər də olsun sızmayacaq, dünya sənin
çölündən keçəcək, içindən xəbərsiz olacaq.



Ticarətlə məşğul olan bir İslam
alimi məsciddə söhbət edirmiş. Bir nəfər qaranəfəs içəri girir və
həyəcandan boğula-boğula imama belə deyir:



- Ey imam, dünən dəryada tufan olub və sənin Hindistandan gələn ticarət gəmin batıb.



Bu xəbəri eşidən imam başını aşağı salıb bir müddət eləcə qalır və
"əlhəmdülillah" deyərək söhbətinə davam edir. Xəbər gətirən adam da
təəccüblə baxır, baxır və dönüb məscidin qapısından çıxır. Heç bir saat
keçməmiş həmin adam yenə qaranəfəs məscidə girir və bu dəfə də belə
qışqırır:



- Muştuluq, ey imam, gözün aydın olsun! Dünən dənizdə batan gəmi səninki deyilmiş, sənin gəmin sabah limana yaxınlaşacaq.



İmam yenə bir söz söyləmədən başını aşağı salır, bir müddət eləcə
qalır və "əlhəmdülillah" deyərək söhbətinə davam edir. Dinləyənlər
təəccüblənirlər:



- Ey imam, bu sirri açıqla, biz də bilək. Bu adam bir saat əvvəl
gəlib sənin gəminin batdığını xəbər verdi, "əlhəmdülillah" dedin. İndi
də gəlib batan gəminin səninki olmadığını deyir, yenə də "əlhəmdülillah"
deyirsən. Bunun hikməti nədir?



İmam maraqla baxan bu insanlara təbəssüm edir və belə cavab verir:



- O adam birinci dəfə içəri girib "gəmin batdı" deyəndə bütün
diqqətimi dünyadan ayırıb qəlbimə yönəldim və gördüm ki, bu xəbərdən
dolayı qəlbimdə zərrə qədər də üzüntü, kədər yoxdur. Ona görə də
"əlhəmdülillah" dedim. İndi də gəlib "sənin gəmin batmayıb" dedi, yenə
qəlbimə boylandım. Bu dəfə də onun gətirdiyi xəbərdən qəlbimdə zərrə
qədər də olsun sevinc hissinin yaranmadığını gördüm və "əlhəmdülillah"
söylədim. Allahıma çox-çox şükürlər olsun ki, mənim qəlbimi dünya malına
əsir eləməyib. Dünya malını itirəndə kədərlənmədiyim kimi, tapanda da
sevinmədim.



Gözəl cavabdır, elə deyilmi? Özü də təkcə gözəl cavab deyil, həm də
gözəl düsturdur, yüksək mənəvi səviyyənin göstəricisidir. Mərhəməti
sonsuz olan Rəbbim bu sərvəti, bu neməti, bu səviyyəni bizlərə də nəsib
eləsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!