Səssiz pıçıltı

Səssiz pıçıltı
Sevgi Dünyası
10.09.2017 11
"Lənətə gələsən, yenə başlandı!" Bu gün də Universitetdəki işindən
icazə alıb evə gəldi, çarpayısında uzanıb gözlərini tavana dikərək
düşüncələr girdabında vurnuxmağa başladı.

Bir tək fikir üzərində qurdalanırdı. Hər şeydən əl çəkib
uzaqlaşmaq, tənhalığa sığınmaq, şəhərdən başını götürüb qaçmaq, qaçmaq.
Ancaq hara qaçaydı? Dünyadan qaçış varmı? Bəlkə heç qaçmayaydı,
xanənişin olaydı? Ağrıları da keyimişdi elə bil, əvvəlki köz basmalar
kimi ağrımırdı, bezdirici, iyrəndirici bir şeyə çevrilmişdi. Yaxşı
şeylər barədə düşünməyə çalışdı. Yaddaşında tələbəlik illəri xatirəsi
oyandı. Heç unutmur o zamankı anları. Həyatın "bəxş etdiyi" mənəvi
acılardan, uzunmüddətli depressiyadan saçları da tökülmüşdü (tələbə
yoldaşları bunu zarafatla "çox oxumağın zərərləri" kimi
adlandırırdılar). Ancaq, doğurdan da, çox oxuyurdu və olduqca məlumatlı,
bilikli idi. Qrup yoldaşlarının çoxu üzdə ciddi görünməyə çalışsalar
da, yanlarından gəlib keçəndə ardınca xısın-xısın pıçıldaşıb gülürdülər,
öz aralarında məsxərəyə qoyurdular. Onun bu halını həqiqi mənada
anlayanlar gülmürdülər, əksinə daha çox hörmət edir, ondan məlumatlar
əldə etməyə çalışır, maraqlı müzakirələrə qəsdən cəlb edirdilər.
Oğlanlardan biri zarafata salıb ona "Saçları elmə qurban getmiş dahi",
bəzən də "Canlı ensiklopediyamız təşrif buyurdu" deyirdi. Hətta bir dəfə
seminar zamanı onunla müəllim arasında əməlli başlı böyük mübahisə
düşmüşdü. Tərs kimi də həmin gün seminarda bütün qruplar birləşmişdi,
hər kəs bu mübahisənin şahidi olmuşdu. Mövzu barədə müəllimin
danışdıqları ilə kifayətlənmədiyini bildirib özü ən incə detallarına
qədər müxtəlif mənbələrdən izahlar gətirmişdi. Bunu heç də müəllimlə
müqayisədə özünü üstün göstərməsi ilə deyil, mövzuya olan dərin
marağından, tutqusunu aşa bilmədiyindən etmişdi. Müəlimin üz ifadəsini
heç bir tələbə unutmamışdı. Bir anda nəyə uğradığının fərqinə varan
müəllim ayağa qalxıb tələbəsini yüksəkdən alqışlamışdı, hətta gözlərində
xəfif göz yaşları da görünmüşdü. Bu göz yaşlarının xəcalətdən, yaxud
həqiqətən tələbəsinə görə sevincdən yaranan göz yaşları olmasını ayırd
etmək çətin idi. O hadisədən sonra fakültədə həm müəllimlər, həm də
digər tələbələr onunla yaxından maraqlanmağa başlamışdılar. Həmin illər
maddi-mənəvi çətinliklərlə dolu olsa da, onun həyatında elmə, kitablara
bağlı olan ən həvəsli çağları, maraq dolu dövrləri idi. Dərslərindən
əlavə, günə bir elmi əsər və gün sonu yorğunluğunu çıxarmaq üçün
"desert" kimi bir ədəbi əsər oxuyub başa çatdırırdı. Bəzən bu səbəbdən
gecələr yuxusuz qalırdı, səhərə yaxın cəmi iki-üç saat yata bilirdi.
Yuxudan oyanıb dərsə getmək üçün hazırlaşanda güzgüdə gözlərininin
qırmızılığından özü də eymənirdi. "Eh, harda qaldı o coşğun günlər? İndi
elmi işlərimi bitirə bilmək üçün tanış həkimdən dərmanlara qədər alıb
istifadə edəcək vəziyyətə gəlmişəm. Saçlarım yerinə qayıtsa da, əvəzində
heç tükənməyəcək zənn etdiyim oxuyub-yazmaq, yaratmaq qətiyyətim
azalıb. Bəzən kişilər kimi içki içib siqaret çəkmək kimi vərdişlərə
qurşanmaq istəyirəm, təki irəliləyə bilim, bezginlik, təngəgəlmişlik
məni tərk etsin. Amma yox, olmur, belə şeylərə əyilmək "Qaş düzəltdiyin
yerdə vurub göz çıxarmaq" kimi olur.





Telefon zəngi onu düşüncələrindən ayırdı. Çarpayısının yanındakı
kiçik tumbanın üstündən telefonunu qaldırıb baxdı, birinci kursdan
başlayaraq illərdir ona xeyirxahlıqla yoldaşlıq edən, sirdaşı, həmdəmi,
əziz dostu Cəmil idi. Valideynləri vəfat etdikdən sonra Rənanın şıltaq,
ərköyün davranışlarına qatlanan yeganə insan idi Cəmil. "Of, Cəmil,
səndən qaçış yoxdur. Məzara girsəm, ordan da çıxaracaqsan ki, çıx, tez
elə, yarım qalmış işlərini tamamla!". Telefonu könülsüz şəkildə açdı.

- Rəna, hardasan, ay qız? Səni axtarmaqdan tövşəyən ata dönmüşəm! Evə getmisən? Yenə nə oldu? Gedəndə bir xəbər eləməzlər? 

- Salam, Cəmil, xoş gördük! Bir nəfəs al. Evdəyəm, işdən icazə almışam. 

- On beş dəqiqə sonra sizdə olacağam! - deyib cavab da gözləmədən telefonu bağladı. 

Rəna istəksiz ayağa qalxdı, bir az da söylənə-söylənə mətbəxə keçib
çaydanı ocağın üstünə qoydu. "Eeee, indi gəlib yenə başlayacaq da. Elə
bil anamdır. Əşi, sənə nə var e, niyə işimə davam etmirəm! Bəzən elə
əsəbləşirəm ki, bütün nəyim var Cəmilin üstünə tökmək istəyirəm, ancaq
özümü saxlayıram ki, onu üzməyim. Ondan başqa bu şəhərdə yaxın kimim
var?". 

Otağa keçib masaya göz gəzdirdi. Yenə dilxor oldu, gör nə zamandır
masanın örtüsünü dəyişmirdi. Elə bil yaşlı qadının evidir. Otağın
görünüşü onu bir az da bezginləşdirdi. Əvvəllər bu qədər biganə qala
bilmirdi. Ən pisi də o idi ki, bu halından qopa bilmirdi, indi yenə də
masa örtüsünə baxdı və dəyişmədi. Dolabdan armudu stəkan-nəlbəkiləri
çıxarıb masanın üzərinə qoydu, mətbəxə keçib çaydanı ocağın üstünə
qoyarkən qapının zəngi çalındı. Rəna asta addımlarla yaxınlaşıb qapını
açdı. Sürətini hələ də yavaşlatmayan Cəmil sual dolu baxışları ilə içəri
daxil oldu. Yolüstü aldığı badamburaları da Rənaya uzatdı.





- Həmişəki kimi düşüncəlisən, dostum. Gəl, əyləş, çayımızı bir
azdan dəmləyəcəyəm,-deyərək halsız olduğunu sezdirməməyə çalışdı. 

- Nələr baş verir, Rəna? Eyni həftədə iki dəfə işdən icazə
almağında mühüm bir səbəb olmalıdır. Xahiş edirəm, yalan-palan
uydurmayasan, xasiyyətimi bilirsən. 

- Deyirəm, Allah mənə necə acıyıbsa, erkən vəfat etmiş
valideynlərimin əvəzinə onların yerini boş buraxmayan dost bəxş edib.
Yüngül baş ağrılarım var, narahatlığa dəyməz. 

- Sən beləsən də, qədirbilməzin biri, get çayımızı süz gətir hələ,
limonu da unutma! Sualıma doğru cavab verməsən, burdan gedən deyiləm.
"Aşıq Ələsgərin qədrini bilsən, yerin var göz üstə, gəz, qadan alım!",
deyib Cəmil az əvvəlki əsəbi halını yumşaqlığa bürüməyə çalışdı.

Rəna üzünə candərdi təbəssüm qonduraraq mətbəxə çay süzməyə getdi.
Bu halı təbii ki, diqqətli həmdəminin nəzərindən qaça bilməzdi. Geri
qayıdanda yenidən soruşdu:

- Rəna, dərdin nədir sənin? Bəlkə ciddi bir xəstəliyin var?

- Hər şeyə görə qayğılanma, Cəmil, sağlamlığım təhlükədə deyil.
Sadəcə son zamanlar baş ağrıları narahat edir məni, çox yoruluram və
qərara gəlmişəm artıq elmi işimə davam etməyim. 

- Necə yəni davam etməyim? Dəli olmusan? Bura qədər
gətirib-gətirib, sonunda buraxırsan demək istəyirsən? Baş ağrıların üçün
xəstəxanaya müayinəyə gedək də. Günü sabah mən özüm aparım səni. 

- Eynilə doğru anlamısan. Bura qədər gətirmişəm, daha doğrusu,
birlikdə gətirmişik, artıq yetər mənimçün. Karyerada növbəti yüksəlişi
istəmirəm.

- Deyirəm də, bu icazə almalar, sayıqlamalar boşuna olmamalıdır!
Rəna, verdiyin qərarın nə qədər axmaq olduğu haqqında bir balaca da
olsa, düşünmüsənmi? Bir tək baş ağrısı, yorğunluğa görə illərlə çəkdiyin
zəhmətin üstündən qalın qara xətt çəkmək olar? 

- Axmaq qərar deyil, Cəmil. Bundan artığını bacarmıram. Başa düş,
sən zorla sövq etməklə deyil bu iş, mən bu qədərəm. Sənin xəyalındakı
dostun çoxdan dəyişib. 

- Of, of, çatladacaqsan bu gün məni! Siz qadınlar hamınız
beləsiniz! Bir işi sona qədər çatdırmaq niyyətiniz, qüvvətiniz,
təpəriniz olmur. Bir işi başlayırsız, görürsüz, görürsüz, ən ciddi
məqamına gəldikdə, Ya Allah, deyib asanlıqla vaz keçə bilən
məxluqlarsınız! Bu xüsusiyyətinizi bir anlaya bilsəm! İcazənlə bir
siqaret çəkəcəyəm.

- Yox, olmaz! Onsuz da başım ağrıyır, bir tərəfdən o da təsir etməsin.

- Bağışla. Əsəbimdən bilmirəm nə edim.

- Çayını içsən, keçər.

- İstəmirəm çayını da! Ümumiyyətlə, sənin bu zəifliyinə mat qaldım!
Təəccüb içindəyəm, bu cür axmaq məğlubiyyət görməmişdim. Amma yox, niyə
ki, siz qadınlardan gözlənilən hərəkət idi, bunu təxmin etməli idim.
Səfeh mənəm ki, sənin gələcəkdə Akademiyaya doktoranturaya qəbul ola
bilməyin üçün özümü dağa-daşa salırdım. Bu da nəticəsi! 

- Əsəbiləşmə. Cəmil. Doğrudur, bir dost kimi sənin karyeramda
əziyyətin çox böyükdür. Bugünkü gərginliyin də bunun sübutudur. Qərarımı
anlamağa çalış. Mən davam edə bilmirəm. Gücüm yetmir. 

- Artıq bir kəlmə də eşitmək istəmirəm! Bu gün bütün sinirlərimin
saplarını tək-tək gərdin! Mənə bundan sonra nə zəng elə, nə də axtar! 

- Cəmil, dayan. 

Rəna ardınca səslənsə də, Cəmil acığından coşmuş dəlilər kimi yeyin addımlarla qapını çırpıb çıxdı. 

Rəna qapının çırpılması ilə eyni anda gözlərini yumub açdı, masanın
üstündə içilməmiş çaylara baxıb köksünü ötürdü, gözləri doldu, ancaq
ağlaya bilmədi, tez ayağa qalxıb pəncərənin yanına keçdi. Pərdəni
aralayıb aşağıya baxdı, Cəmilin binadan uzaqlaşmasını görmək istəyirdi.
"Yəni, doğurdan, küsüb getdi? Dostunu bu cür tərk etdi? Eh... haqlıdır
getməkdə, mənim kimi dost olar? Cəmil hələ igiddir, belə dosta uzun
zamandır səbr edir, hər nazına dözür".

Onsuz da neçə gecədir ərşə çəkilmiş yuxusu bu gün Cəmillə olan
dartışmadan sonra təmamən yox oldu. Səhərə qədər çarpayısında
tərpənmədən uzanıb gözlərini pəncərədən tavana əks olunmuş işıqlı
kölgələrə dikərək düşündü. Bir ara başının şiddətli ağrısından qalxıb
ağrıkəsici həbi içdi. Axşamkı "çay mərasimi"-ndən sonra mədəsinin boş
olması da onu narahat edirdi. Ancaq ağrılarına artıq öyrəşmişdi. Bir
neçə ay əvvəl xəstəxanada müayinə olunmuşdu. Həm ruh halında, həm də
sağlamlığı ilə bağlı ciddi problemləri var idi. Yorulmuşdu, heç bir
problemlə-fiziki, mənəvi, elmi-heç bir şeylə məşğul olmaq istəmirdi.
Süstləşmişdi. Bütün bunları əziz dostu Cəmildən gizlədirdi. Ona qarşı
böyük haqsızlıq edirdi, ancaq bu halı ilə ona yük olmaq da istəmirdi. 

Səhər açılanda qapının zənginə səksəndi. "Bu vaxtı kimdir, görəsən,
yəqin qonşulardan biri olacaq"-deyərək ağır-ağır addımlarla qapıya
tərəf getdi. Qapının gözcüyündən baxanda Cəmili görüb heyrətləndi. Əvvəl
qapını açmaq istəmədi, düşündü ki, qoy gəldiyi kimi də geri qayıtsın,
həm məni yenidən əsəbiləşdirməsin, həm də bu halımı görüb bir daha
kədərlənməsin. Həmdəki belə hərəkəti Cəmilə rəva bilmədi, az əvvəlki
amansız düşüncəsindən vaz keçərək qapını açdı. Cəmil müqəssir bəndələr
kimi içəri daxil olub Rənanın qızarmış gözlərinə, yıpranmış halına
baxdı, dünənki hərəkətinə görə ürəyində özünü o ki var azarladı. 

- Bağışla məni, Rəna. Dünən sənə çox qəzəbləndim. Qərarına qarşı
hörmətsiz, hirsli axmaq kimi davrandım. Əlbəttə, sən nə cür istəyirsən, o
cür də olsun. Bu haqda artıq səni bir də sıxma-boğmaya salmayacağam. 

- Mənim bütün ərköyünlüklərimə, şıltaqlığıma dözən, can dostum,
sirdaşım. Heç səni kimi dostdan da küsmək olar? Təbii ki, çəkdiyin
əziyyətlərə görə əsəbiləşməkdə haqlısan. Ancaq Cəmil, səndən bir xahişim
var. Məni günü sabah kəndimizə, nənəmin yanına apararsan? Nə olar,
dostum, apar məni. 

- İlin-ayın bu vaxtında kənddə nə işin var, ay Rəna? Yenə başladın uşaqlıq eləməyə?

Rəna üzgün baxışlarını aşağı dikdi. 

- Sadəcə bir neçə günlüyə getmək istəyirəm. Kənd havası alıb,
nənəmlə görüşüb qayıdacağam yenə işimin başına. Həm də havalar sən deyən
o qədər də soyuq deyil ki, əsl mən istəyən payız havasıdır. 





- Nə bilim, bir düşünüm. İşin-gücün belə qızğın vaxtında görüm necə
edirəm. Sən də gözümə belə birtəhər dəyirsən, bəlkə kəndə getmək
əvəzinə həkimə gedək?

- Yox, kəndə getsəm, həkimlərə getməkdən daha faydalı olacaq mənimçün.

- Yaxşı, amma bir şərtlə, orda yeni qəfil qərarlar və uşaqca
davranışlar barədə eşitmək, bilmək istəmirəm. Geri qayıtdığında yenidən
elmi işinə davam edəcəksən! Razılaşdıqmı? 

- Söz.

- Elə isə əşyalarını, çantalarını hazırla, sabah ardınca gələcəyəm.

Növbəti gün Cəmil Rənanı kəndlərinə, nənəsinin yanına qoyub şəhərə
qayıtdı. Rəna gəldiyi andan etibarən bütün ağrı-acılarını, bədənindəki,
beynindəki yorğunluğun çıxdığı hissinə qapıldı. 

Rənanın nənəsinin evi aralarından ensiz dağ çayının qolu axan iki
təpədən birində idi. Təpələrdəki evlər rastgələ yoxuş yuxarı tikilmişdi.
Rəna oturduğu yerdən həm qarşı təpədəki ağaclara bürünmüş kəndin digər
hissəsini, yamacların aşağısında axan çayı, həm də təpənin arxasından
görünən dağları seyr edirdi. Təbiət bu yerdən heç bir gözəlliyini
əsirgəməmişdi. 

Ən sevdiyi mövsümdə kəndin məftun edən mənzərəsinə baxmaqdan həzz
alır, yarpaqların qırmızı, sarı, yaşıl çalarlara büründüyü təbiət
şəklindən möhtəşəm cazibə duyurdu. Payız öz-özlüyündə dərin xəyali və
fəlsəfi məna daşıyan bir fəsildir. Bəlkə elə buna görədir ki, məşhur
rəssamlar və bəstəkarlar, şairlər öz əsərlərini daha çox məhz bu fəsildə
yaradıblar. Rəna bu anda Edvin Frederik Çörç, H.A. Brendekilde, Klod
Mone kimi rəssamların payız təsvirlərini gözünün önünə gətirdi. Həmin
əsərlərdəki təbiət mənzərələri ilə canlı-canlı baxdığı təbiətin özünün
natural təsvirini zehnində tutuşdurdu. "Ah, Tanrım, hərəsinin öz yeri,
öz gözəlliyi var". Cibindən telefonunu çıxarıb musiqi siyahısı bölməsini
açdı, qulaqlığı qulağına keçirib Çaykovskinin "İlin fəsilləri"
seriyasından "Payız nəğməsi" (Oktyabr) musiqisini dinlədi. "Cəmil burada
olsaydı, bircə yanında Puşkin, Ramiz Rövşən çatmır, deyib istehza
edəcəkdi" bir anlıq fikrindən keçirdi və güldü.

Havanın təmiz, xoş ətri, valehedici mənzərə və həzin musiqinin verdiyi zövqdən başı hərlənən Rənanı nənəsinin səsi ayıltdı. 

- Sənə qurban, gözəl balam, evə niyə keçmirsən? Gəldiyindən bəri
bir şey də yeməmisən, nəsə səni nasaz görürəm, gözüm su içmədi bu dəfəki
halından. 

- Mənim şirin nənəm, buralar üçün o qədər darıxmışam ki, baxmaqdan doymuram. Narahat olma, hər şey qaydasındadır. 

- Hə, rəhmətlik atan da, anan da elə idilər, ay bala. Nə zaman gəlsəydilər, saatlarla bu mənzərəyə tamaşa edirdilər. 

- Nənə sənə qurban, Rəna, o səni gətirən oğlan Cəmil var ha, onunla
niyə ailə qurmursan? Maşallah, yaraşıqlı, ağıllı baladır, özü də
bir-birinizə yaraşırsınız. Məgər səni sevmir?

Rəna birdən elə qəhqəhə ilə güldü ki, gülüşündən özü də səksəndi.

- Ay nənə, zavallı Cəmil dostluğuma güclə dözür, deyirsən yəni ömürlük səbr ağacıma çevrilsin? 

- Eh, ay bala, nə bilim, ürəyimdən keçirdiyimi dilimə gətirdim də.
İstəyirəm, səni xoşbəxt görüm, sonra gedim o tərəfə. Bir də ki, qızla
oğlan uzun müddət dost ola bilməz, bizlər belə şey görməmişik. 

- Mənim gözəl, qayğıkeş nənəm,-onu qucaqladı, kürəyini oxşadı-o
baxır dostluğun niyyətinə. Cəmilə çox borcluyam, valideynlərsiz
günlərimdə dəstək olub. Hər şey yaxşı olacaq, sən heç ürəyini sıxma. 

- Di yaxşı, kövrəltmə məni,-nənənin gözləri doldu-dəstəmazım
pozulmamış gedim axşam namazını qılım. Sən də çox oturma, gözəl balam,
hava sərinlədi, soyuqlayarsan.

- Yaxşı, ay nənə, nigaran qalma. 

Cəmilin Rənanı kəndə qoyub qayıtmağından dörd gün keçmişdi. Bir
kafedə Universitetdən olan iş yoldaşları ilə birlikdə nahar edirdi.
Birdən telefonu zəng çaldı. Telefonu açanda aydın olmayan, ta uzaqlardan
gələn bir səs eşitdi. Rənanın nənəsi idi. Cəmil yoldaşlarından üzr
istəyərək masadan qalxdı, bir kənara çəkilərək səsi diqqətlə dinləməyə
çalışdı. Nənə güclə eşidiləcək səslə Rənanın qəfil huşunu itirib
yıxıldığını və kənd uşaqlarının onu rayon xəstəxanasına apardıqlarını
xəbər verdi. Cəmil özünü ələ almağa çalışsa da, bacarmadı, çətinliklə
nənəyə "Elə bu dəqiqə yola çıxıram"- deyə bildi. 

Axşamdan xeyli keçmiş Cəmil Rənanı şəhər xəstəxanasına gətirə
bildi. Xəstə hərtərəfli müayinə edilib lazımi testlər, təhlillər
aparıldıqdan sonra palataya yatırıldı. Həkim Cəmilə bildirdi ki, burada
gözləməsin, testlərin nəticələri sabah hazır olacaq. Rəna iynələrin
təsirindən halsızlaşıb yatsa da, həmin gecə Cəmil üçün ən üzüntülü,
qayğılı gecə oldu. Ürəyinə dammışdı ki, nəsə yaxşı xəbər almayacaq. Yenə
də ümidlə sabahı gözlədi, siqaretlərinin hamısını tək-tək bitirdi. Canı
elə sıxılmışdı ki, heç cürə yuxuya gedə bilmədi. Səhərin uyğun saatında
tələsərək ilk gördüyü iş Rənanın palatasına gəlib onu yoxlamaq oldu.
Dostunun bənizi solğun, naxoş, zəif halını görüb məyus oldu, amma büruzə
verməməyə çalışdı və həmişəki zarafatlarından etdi:

"Xəstə Qasım deyir qalmadı tabım,

Qızılgültək çəkilibdir gülabım." 

- Nə oldu mənim naz-nazı dostuma? Kəndə bunun üçün getmişdin? Eşitmirsən də məni. 

Rəna qüssəli gülümsədi. Bir şey söyləməyə çalışsa da, halsızlıqdan özünü toparlaya bilmədi.

- "Başını buladı, gözündən güldü; 

Güləndə qadası canıma düşdü".-Cəmil çox sevdiyi Aşıq Ələsgərdən sitatla davam etdi.

- Yaxşı ki, getdim, Cəmil, ürəyim açıldı. 

- Artıq yeni qərarımız var. Səni düz üç aylıq məzuniyyətə göndərəcəyik, xəstəxanalıq olmuş dostla işləyə bilmərik. 

- Eh, Cəmil, ən çox sənin bu zarafatların üçün darıxacağam.

- Hara səfər edirsən ki, darıxasan da? Məzunyyətə birlikdə gedəcəyik! 

Bu zaman palatanın qapısında Rənanı müalicə edən həkim və tibb
bacıları göründülər. Cəmil üzr istəyərək palatadan çıxdı. Həkimlə
görüşüb xəstənin test, təhlil nəticələri barədə dediklərinə diqqətlə
qulaq asdı. Tibb bacısının uzatdığı kağızları aldı. Qulağı həkimdəykən
ötəri ilk səhifədə başda iri qalın hərflərlə yazılmış "Malign beyin
şişləri" sözlərini oxuyunca ayaqları sanki yerdən qopdu. Başı hərlənməyə
başladı. Artıq həkimin nə dediyini eşidə bilmirdi, qulaqları qəribə
uğultu ilə doldu, sadəcə başını sallamaqla danışılanları təsdiqləyirmiş
kimi hərəkətlər etməyə çalışdı. 

Həkim lazımi izahat və tövsiyələrini etdikdən sonra xəstə ilə sonra görüşəcəyini bildirib ayrıldı.

Cəmil əlində test nəticələri olan kağızlarla palata qapısına
yaxınlaşıb hənirsiz, diqqət çəkmədən içəriyə baxdı. Rəna tibb bacısı ilə
asta, ancaq elə mehriban danışırdı ki, gözlərində zəif işıq parlayırdı.
Gecə vurulan keyləşdirici iynələrin təsiri, deyəsən, azalmışdı.





Cəmil o qədər sarsılmışdı ki, yanında istənilən bir söz deyilsəydi,
özünü saxlamayıb uşaq kimi ağlayacaqdı. Buna görə də bir müddət içəri
keçə bilmədi. Kənara çəkilib stullardan birində oturdu. Ürəyində Allahla
danışırdı.

- İlahi, bütünümlə çırpınıram, mənə kömək elə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!