Səni dinlərkən Kabil yadıma düşür

Səni dinlərkən Kabil yadıma düşür
Sevgi Dünyası
10.09.2017 10
— Səni dinlərkən Kabil yadıma düşür.

— Gözəl əfqan qadınları?


Oradakı avtomat səsləri, eynən onlar kimisən, Ester, susmursan. Sükut
yaranırsa da, qəfildən elə pozulur ki, insanın bütün vücudunu cəhənnəm
həyəcanı bürüyür.

Mən… mən o avtomatlara nifrət edirdim, Ester. Mən avtomatlara, əsgərlərim isə mənə nifrət edirdi.

— Daha yoxdur, Otto, nə avtomat, nə atəş səsləri...


Var, Ester! Burada yoxdur, ancaq orada var! Həmişə haradasa var, insan
var olan yerdə atəş səsləri də kəsməyəcək. İnsanlar daim durmadan
özlərini məhv edəcək, yeni-yeni silahlar icad edəcək. Hər yeni mərhələdə
ölüm daha səssiz olacaq, daha sürətli və səssiz silah yaradacağıq. Bu
insanlığın ən ali məqsədidir, almaq və görmək, daha çörək və tamaşa yox —
çörək və ölüm istəyirik...

 

Müharibədə
əsgərlər qanlı əlləri ilə çörəyi tutur və iştahla yeyirdilər. Bax sən
də indi süfrə açmısan, bir azdan xəbərlər başlayacaq — İraqda, Suriyada,
daha harada partlayışlar barədə xəbərlər verəcəklər. Aparıcı "partlayış
zamanı 56 nəfər ölüb, 36 nəfər yaralanıb” deyəcək, milyonlarla insan
isə, içi mən qarışıq bunu dinləyə-dinləyə, sakit-sakit yeməyini yeməyə
davam edəcək. Bu ölümlərin birbaşa təminatçıları, o cümlədən, silah
biznesini idarə edənlər isə ölüm xəbərlərini xüsusi maraqla dinləyəcək,
atışma zamanı ölənlərin sayını bahalı şərabdan, qəlyanaltıdan dada-dada
dinləyəcək, ləzzətlə yeyəcək və dinləyəcəklər, buna əminəm. Biz
hərbçilər siyasətçilərin qullarıyıq, buna məhkumuq. Hitler yəhudilərə nə
qədər nifrət edirdisə, mən də siyasətçilərə bir o qədər nifrət edirəm,
Ester.



— Sənə görə narahatam, çox düşünürsən.

— Bu dəfə sən yox, mən susmadım.

— Yeməyimizi yeyək, ancaq xəbərlərə baxmarıq.

— Mən o xəbərlərdə nə deyiləcəyini əzbər bilirəm.



Ester
stulun başından yapışıb hüznlə dayanan sevgilisinə arxadan yaxınlaşdı,
başını astaca onun kürəyinə söykədi: – Müharibə səni yaman yorub,
əzizim.

— Düz deyirsən – Otto üzünü Esterə çevirdi. – Sən, yəqin, çox bədbəxtsən, əlbəttə ki, hərbçidən qadına həyat yoldaşı çıxmaz.


Yox… Səni bütün əzabların, hisslərin və düşüncələrinlə birgə sevirəm.
Mən yalnız… müharibələri sevmirəm, çünki onlar səni bədbəxt edir.

— Yalnız məni bədbəxt edir deyə? Bəs başqaları?


Başqaları məni maraqlandırmır. İnsan ancaq sevdiklərinin ağrısını hiss
edə və anlaya bilər. Başqalarının kədəri mənə yaddır, eynən mənim ağrım
mənə aid olduğu tək. Məni eqoist olmaqda təqsirləndirə bilərsən, ancaq
belə deyil, Otto. Həqiqət reallıqlar üzərində qurulur, reallıq isə budur
ki, insanlar qəddardır. Sən dünyanın yükünü öz üzərinə götürmüsən,
ancaq əminsənmi ki, yıxılanda dərdini çəkdiyin o insanlardan biri ayağa
qalxmağına yardım edəcək? Mən daha heç nəyə əmin deyiləm. Bircə səni
dəli kimi sevdiyimi bilirəm. Sən burada olmadığın müddətdə nələr
çəkdiyimi bir bilsəydin… Sən müharibədə olduğun müddətdən etibarən bu
sözə nifrət etməyə başlamışam, bu sözün əsl mənasını, yükünü anlamışam.
Sənə sarılarkən dünyanın ən xoşbəxt qadını oluram, indiki kimi...



— Mənim Esterim, sevgilim, vaxt gələcək "müharibə”lər olmayacaq.

— Nə gözəl… – Ester sevinclə söylədi. Hələ də Ottoya bərk-bərk sarılmışdı.

— O zaman bəşəriyyət öləcək… – Otto ürəyində dedi... 



Müəllif. Aytən Cavanşir  "Səni dinlərkən Kabil yadıma düşür”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!