Çörək hekayəsi

Çörək hekayəsi
Sevgi Dünyası
10.09.2017 33
Biri var idi, biri yox idi, öz əlinin zəhməti ilə çörəyini qazanan Etibar
adında bir kişi var idi. Bu kişinin gülərüz, mehriban arvadı, bir-birindən xırda
on iki balası var idi. Etibar kişi hər səhər gün çıxmamışdan yerindən durub
cütünü qoşar, yer şumlar, taxıl əkər, sular, alnının tərini tökə-tökə qızmar
yayda biçin biçər, xırman döyərdi. Bu ağır zəhmətlə başa gələn çörəyin də
qədir-qiymətini, hörmətini yaxşı bilərdi. Bir dəni çöldə qoymaz, bir tikə çörəyin
ayaq altına düşməsinə razı olmazdı. Odur ki, bərəkət də ondan qaçmaz, nemət
başından yağardı.
Günlərin birində bu ölkənin padşahı ovdan qayıdanda yolu Etibar kişinin
evinin yanından düşdü. Gördü ki, səliqə-sahmanlı həyətdə bir dəstə uşaq
oynaşır. Hamısı da böyüklü-kiçikli bir-birinə oxşayır. Deyəsən, bacı-qardaşdılar.
Hamısının da yanağından qan damır. Elə bil ölkədəki qıtlıqdan heç bunların
xəbəri yoxdur. Şah darğanı çağırtdırıb elə atüstü hal-əhval tutdu, soruşdu:
– Bu ev kimindir, bu külfət, bu colma-cocuq kimindir?
Darğa qorxa-qorxa dedi:
– Cütçü Etibar kişinin həyətidir. On iki də xırda-xırda uşağı var.
Şahı heyrət götürdü:
– Yaxşı bu qıtlıq zəmanədə o, bu külfəti necə dolandırır? Yəqin atababasından
ona çoxlu qızıl-gümüş qalıb.
– Xeyr, bircə cütü var. Daha heç nəyi yoxdur.
Şah danışdıqca onun ağıllı vəziri həyətə, burada oynaşan uşaqlara göz
qoymuşdu. Nə fikrə gəldisə, birdən sözə qarışdı:
– Bunun bircə sirri var. Mən deyəsən o sirri tapmışam.
Şah maraqla soruşdu:
– Nədi?
Vəzir gözünü həyətdən çəkmədən cavab verdi:
– Bu evdə çörəyə hörmət var. Bir bax, o qədər uşaq olan həyətdə ayaq
altında bir qırıq çörək yoxdur.
Elə bu vaxt Etibar kişinin arvadı təndirxanadan çıxdı. Başındakı tabaqda
qıpqırmızı qızarmış lalagülü çörəklər buğlanır, sarı buğda çörəyinin ətri
burnuna dəyənləri bihuş eləyirdi. Uşaqlardan kiçikləri anasının qıçlarına
sarmaşdılar:
– Ana, qoğal, ana, kökə...
Arvad heç körpələrinə tərəf əyilmədi, evə doğru irəlilədi və uşaqlara belə
cavab verdi:
115
– Gedin əlinizi tərtəmiz yuyun, mən də evdə süfrə salım, gəlin oturun,
çörəyi orda yeyin.
Bunu eşidən vəzir dedi:
– Görürsünüzmü, bu evdə çörəyin qədir-qiyməti böyükdür.
Şah dedi:
– Yaxşı bax, ola bilməz ki, çörəkdən bir qırıq ayaq altına düşməsin, axı onlar
uşaqdırlar.
– Yox, hökmdarım, görünür ki, ana onlara təndir çörəyini lazım olan qədər
verir. Təndir çörəyi ovulmur. Uşaqlar artıq dişdəmi, loxmanı yerə atmırlar.
Padşah saraya qayıtdı. Nə düşündüsə, səhər belə bir əmr verdi: Ölkədə
heç kəs təndir çörəyi bişirməsin. Hamı yalnız yuxa, nazik lavaş, sac çörəyi
bişirib yesin.
Bir müddət sonra padşah vəzirə dedi:
– Vəzir, bilmirsən, o cütçü necədir?
– Darğa deyir ki, bu il də buğdası yaxşı gəlib. Bərəkət başından yağır.
Şah ata minib dedi:
– Gedək, vəzir, öz gözümlə görməsəm, inanmaram.
Onlar söhbətləşə-söhbətləşə Etibar kişinin həyətinə çatdılar. Gördülər ki,
həyətdə oynayan uşaqların hər birinin boynundan ağ, təmiz parçadan
tikilmiş kiçik bir torba asılıb. Uşaq lavaş-yuxa yemək istəyəndə ağzını
torbaya tutub yeyir və qırıntılar da ora tökülür. Bunu görən vəzir dinləndi:
– Gördünüzmü, hökmdarım? Bu evdən çörək əskik olmaz. Burda onun
qədrini də bilirlər, hörmətini də. Onu ayaq altına düşməyə qoymurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!