Unutma ki,bir zamanlar kim idin

Unutma ki,bir zamanlar kim idin
Sevgi Dünyası
10.09.2017 10
Qəznəvilər sülaləsinin qüdrətli hökmdarı Sultan Mahmudun Ayaz adlı bir
xidmətçisi vardı. Ayaz sultanın ən sadiq sirdaşı idi.
Hökmdar vəzirlərə etibar etmədiyi sirlərini ona deyər, ondan məsləhət
alardı. Ayaz bir an da sultanın gözündən kənar olmazdı. Bu münasibət o
qədər məşhur idi ki, hətta orta əsrlər Şərq ədəbiyyatında Mahmud və Ayaz
misalı dostluq və sədaqətin rəmzi sayılırdı.
Sultan Mahmud Qəznəvinin Ayazla tanışlığı bu şəraitdə baş vermişdi.
Sultan bir gün ova çıxır, onu müşayiət edənlərdən ayrı düşür. Həm özü,
həm də atı yorulub susamışdı. Çöldə bir ev görərək yaxın gəldi, evin
qapısını döyüb soyuq su istədi. Qapını açan yeniyetmə oğlan ədəblə
salamlaşıb dedi ki, atam yaxınlıqdakı quyudan su gətirməyə gedib. Evdə
su olmadığı üçün gərək atamın gəlməyini gözləyək.
Sultanın gözləməkdən savayı çarəsi yox idi, çünki yaxınlıqda başqa ev
gözə dəymirdi. Həyətdə oturub oğlanla söhbət etməyə başladı. Tezliklə
hiss etdi ki, həmsöhbətinin yaşı az olsa da, ədəbi çox, zehni itidir.
Bir neçə dəqiqədən sonra oğlan evə keçib, buz kimi soyuq su ilə qayıtdı.
Suyu hökmdara təqdim etdi. Sultan Mahmud qəzəb qarışıq təəccüblə
soruşdu:
Evdə su ola-ola niyə mənə vermirdin? Niyə atanın su dalınca getdiyini
söylədin?
Oğlan cavab verdi:
Mən sizin uzun yol gəlib tərlədiyinizi gördüm. Soyuq su içsəydiniz,
mütləq xəstələnərdiniz. Ona görə sizi bir müddət yubatmağa çalışdım ki,
təriniz asta-asta soyusun. İndi bu suyu içsəniz, ziyanı olmaz.
Sultan oğlanın qağıkeşliyini və fərasətini bəyəndi. Saraya çatan kimi
adam göndərib onu öz yanına xidmətə götürdü. Beləcə, Ayaz hökmdarın ən
inanılmış adamı oldu.
Vəzir-vəkillər sultanın Ayaza olan etibarına paxıllıq edirdilər. Buna
görə dəfələrlə sultanın yanında Ayazdan söz salıb onu ləkələməyə
çalışırdılar. Bir gün sultan onların cavabını vermək qərarına gəldi.
Sarayın pəncərəsindən baxıb, şəhərə daxil olan bir karvanı
yanındakılardan birinə göstərdi:
Get soruş ki, bu karvan haradan gəlir?
Adam getdi, bir azdan qayıdıb dedi:
Hökmdar, karvan Rey şəhərindən gəlir.
Sultan ondan soruşdu:
Bəs hara gedir?
Adam susdu, çünki bunu soruşmaq ağlına gəlməmişdi. Sultan başqa bir
əyana tapşırıq verdi:
Sən get öyrən ki, karvan hara gedir?
Adam qayıdandan sonra məlumat verdi:
Yəmənə gedirlər.
Hökmdar xəbər aldı:
Görəsən, yükləri nədir?
Amma göndərilən adam bu suala cavab gətirməmişdi. Padşah üçüncü adamı
yolladı. O da gəlib, karvanın yükünün parçadan ibarət olduğunu söylədi.
Hökmdar bu dəfə də kifayətlənməyib xəbər aldı:
Qayıdanda Yəməndən nə almaq fikrindədirlər?
Bu sualın da cavabı naməlum qaldı. Bu minvalla otuz adam karvanın yanına
gedib-gəldi, amma heç birinin cavabı sultanı qane etmədi. Axırda Sultan
Mahmud Ayazı çağırmağı əmr etdi. Ayaza birinci adama verdiyi tapşırığı
verdi:
Get soruş ki, bu karvan haradan gəlir?
Ayaz gedib karvanbaşı ilə görüşdü, qayıdıb bayaq sultanı maraqlandıran
bütün məsələlər haqqında ətraflı məlumat verdi. Sultan üzünü
yanındakılara tutub dedi:
İndi bildinizmi Ayazı niyə sizin hamınızdan üstün tuturam? Sizin otuz
dəfəyə gördüyünüz işi o bir dəfəyə görür.
Sultan Mahmud saray xəzinələrinin açarını da Ayaza etibar etmişdi. Saray
əyanları yenə dözməyib sultana xəbərçilik etdilər: "Ayaz xəzinədən
oğurluq edir. Öz otağında bir sandığı var. Tez-tez otağına gedib
xəlvətcə sandığı açır, orada eşələnir. Yəqin ki, sizdən oğurlayıb
sandığa yığdığı qızılları sayır”.
Hökmdar deyilənləri yoxlamaq qərarına gəldi. Bir gün Ayaz otağına
çəkiləndə Sultan Mahmud qəfildən qapını açıb içıri girdi. Gördü ki, Ayaz
həqiqətən sandığın qabağında oturub. Amma qızılları saymır, ağlayır.
Hökmdar soruşdu:
Ayaz, niyə ağlayırsan?
Ayaz sandığın içindən bir dəst nimdaş paltar, bir cüt çarıq çıxarıb ona
göstərdi:
- Hökmdar sağ olsun, bunlar siz məni saraya gətirməzdən əvvəl geyindiyim
libaslardır. Onları bu sandığın içində saxlayıram. Hər gün sandığı
açıb, bu libasları çıxarır, onlara baxıb öz-özümə deyirəm: "Ayaz, bu
günkü vəziyyətinlə qürrələnmə. Nəfsin səni aldadıb xəyanətə doğru
sürükləməsin. Hökmdarın yanındakı hörmətin səni qudurğanlığa aparmasın.
Yaddan çıxarma ki, bir zamanlar kim idin. Səni o səviyyədən bu məqama
yüksəltmiş Allahı unutma, Ona şükr et”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!