Anamın gündəliyi (1-ci bölüm)

Anamın gündəliyi (1-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 44
Sona dəniz qırağında gəzməyi çox sevərdi. Suallarına cavab tapa
bilməyəndə, çətinliyi olanda dəniz qırağına gələr, düşünərdi. Bu gün də
cavab tapa bilmədiyi sualları var idi və o, yenə də dəniz qırağına
gələrək dərin düşüncələrə qərq olmuşdu. Çox sevdiyi Anardan gözləmədiyi
zərbəni almışdı. Sona ilə Anar bir-birilərini sevirdilər. Valideynləri
də bundan xəbərdar idi. Ancaq Anarın anası Xalidə xanım heç cürə oğlunun
Sona ilə ailə həyatı qurmasını istəmirdi. Öz bacısı qızı Həcəri gəlini
kimi görmək istəyirdi. Anarla Sonanı ayıracağını özünə söz vermişdi.
 
İki gün əvvəl:
 
Anar Sonaya zəng edərək təcili görüşmək istədiyini bildirdi və
zəngi sonlandırdı. Sona razılaşaraq görüş yerinə getdi. Sonanın içində
qəribə bir hiss var idi. Ancaq bu hissin nə olduğunu anlaya bilmirdi,
çox qorxurdu. Artıq görüş yerinə çatan Sona həyəcanla Anarın ona nə
deyəcəyini gözləyirdi. 
 
- Anar, artıq 5 dəqiqədir susursan. Məni niyə təcili çağırdın? Nə olub?
 
- Mənə diqqətlə qulaq asmağını istəyirəm. Məni dinlə və heç nə
demə, xahiş edirəm. Bu qərarı vermək mənə çətin oldu. Artıq bacarmıram,
Sona. Bilirəm sənə də çətindi. Anam sənin ailən haqqında maraqlanıb.
Səni öz gəlini kimi görmək istəmir. Məni bağışla, ancaq mən bunu
deməliyəm. Kübra xala ilə Qalib əmi sənin doğma valideynlərin deyillər.
Anamla danışmağa çalışdım ancaq mənə qulaq asmadı. Bağışla məni, Sona!
 
- Anar, sən nə danışırsan? Necə yəni mənim doğma valideynlərim deyillər? Mən.. mən. İnanmıram. Bu yalandı.
 
- İnanmırsansa soruş, Sona. Anam yalançı deyil. Heç nəyi
uydurmur. Bu bizim son görüşümüzdü, indi isə mən getməliyəm, işdən icazə
almışdım.
 
Bütün yolu düşünərək Sona evə çatmışdı. Otağında ağlayırdı və
ağlaya-ağlaya yuxuya getmişdi. Telefonuna gələn zəng onu oyadır.
Gözlərini ovuşduraraq telefona cavab verir:
 
- Alo, eşidirəm.
 
- Sən elə bilirdin mənim gəlinim olacaqsan? Bilinmir anan kimdi,
atan kimdi. Oğlumu aldada bilmədin. Bir də səni oğlumla görməyim.
Nişanınız da artıq olmayacaq. Unut hər şeyi!
 
- Alo, Xalidə xala, alo..
 
- Kim idi qızım? Sonanın anası soruşdu.
 
- Heç, ana. Səhv düşmüşdülər.
 
- Yaxşı, gəl yeməyini ye. Atan da gələcək bir azdan.
 
- Bəs Səbinə yemək yeyib?
 
- Yeməyib, səni gözləyir. Bilirsən axı, sənsiz yemək yeməz. Ona görə də gəl yemək yeməyə, yoxsa balaca bacın ac qalacaq.
 
Hamı süfrə başında yemək yeyirdi. Sona isə yenə düşünürdü. Xalidə
xanımın dediklərini unuda bilmirdi. Sonanın narahat olduğunu görən
atası soruşdu:
 
- Gözəl qızım, sənə nə olub? Yeməyin qabağında qalıb. Xəstələnməmisənki?
 
- Yaxşıyam ata. Narahat olma.
 
Artıq hava qaralmışdı. Səbinə yatmışdı. Sona isə valideynləri ilə
danışmaq istəyirdi. Ancaq, bilmirdi necə başlasın. Hər şeyi bilmək
istəyirdi. Anarın dediklərinin yalan olduğunu valideynlərindən eşitmək
istəyirdi. Özünü toplayaraq qonaq otağına keçdi və sözə başladı.
 
- Ana, ata, mən sizinlə danışmaq istəyirəm. Ancaq xahiş edirəm mənə düzünü deyin.
 
-  "Nə olub, qızım?” deyə Kübra xanım soruşdu.
 
- Anacan, bilmirəm eşitdiklərim doğrudur, ya yox. Doğru da olsa,
bilin ki, mən sizi çox istəyirəm. Birinci onu deyim ki, Anarla nişanımız
olmayacaq. Biz ayrıldıq. Bu onun qərarı idi.
 
- Necə yəni ayrıldız? Axı nişana az qalmışdı. Mən onunla danışaram.
 
- Yox ata lazım deyil.
 
- Sonra nə demək istəyirdin, qızım?
 
- Sizə yalan deməyəcəm. Anar mənə dedi ki, siz mənim həqiqi
valideynlərim deyilsiniz. Xalidə xala hər şeyi araşdırıb. Anarla
ayrılmağımızı istəyirdi. Məni gəlini kimi görmək istəmirdi. Bunun üçün
də əlindən gələni əsirgəmədi (dərindən ah çəkir). Xalidə xalanın dediyi
doğrudurmu? Mənə düzünü deyin, xahiş edirəm.
 
Uzun səssizilikdən sonra Qalib bəy dilləndi.
 
- Doğrudur, qızım. Sən bizim doğma qızımız deyilsən. Ancaq biz
səni həmişə öz doğma övladımız kimi çox sevmişik. Sən bizim ailəyə
xoşbəxtlik gətirdin.
 
- Bəs mənim doğma valideynlərim kimdir?
 
Bilmirik, qızım. Bizim arzumuz idi, qızımız olsun. Ancaq heç cürə
alınmırdı. Səni uşaq evindən götürmüşük. Anan ilk dəfə səni görəndə "-
bu mənim qızım Sonadır” demişdi. Sənə çox bağlanmışdı. Səni övladlığa
götürdük, çox xoşbəxt idik. 5 il sonra isə Səbinə dünyaya gəldi. Anan və
atan haqqında isə heç bir məlumatımız yoxdur. Bircə bax, bu boyunbağı
(Kübra xanım Sonaya boyunbağını uzadaraq dedi) körpə olanda sənin
boynunda idi.
 
Sona boyunbağını anasından alaraq ona baxmağa başladı.
Boyunbağının üzərində Gülsüm yazılmışdı. Çox maraqlıdır, ana, bəs Gülsüm
kimdir?
 
- Bilmirik, mənim balam.
 
Sona doğma valideynlərini tapmaq istəyirdi. Atası ona kömək
edəcəyinə söz vermişdi. Bir neçə gün keçmişdi. Sonanın həyacanı
gündən-günə artırdı. Ancaq atası hələ də qızının doğma valideynlərinin
ünvanını tapa bilmirdi.
 
Nəhayət ki, axtarışlar müsbət nəticə verdi. Qalib kişi qızına xoş xəbəri çatdırmaq üçün evə tələsirdi.
 
- Qızım, ünvanı tapdım. Əlindəki vərəqi Sonaya verərək gülümsündü.
 
Sona ünvana baxaraq valideynlərindən icazə alıb sabah tezdən ora
gedəcəyini bildirdi. Yol uzaq idi, ona görə də tez yola düşmək
istəyirdi. Ancaq Qalib kişi və Kübra xanım onu tək buraxmaq
istəmirdilər. Sonanı dilə tutmaq isə çox çətin idi. Ona görə də sonda
valideynləri Sona ilə razılaşmışdılar. Atası öz yaxın dostu Azərə zəng
edərək Sonanı aparmağı xahiş etdi. Dostu sürücü idi. O, da razılaşaraq
gələcəyini bildirmişdi.
 
Hava çox gözəl idi. Sona valideynləri ilə vidalaşıb taksiyə mindi və ünvanı sürücüyə göstərdi.
 
Bir neçə saat sonra Sona artıq ünvana gəlib çata bilmişdi.
 
- Deməli mənzil 31. Deyəsən budur.
 
Öz-özünə danışaraq qapının zəngini basdı. Qapını yaşlı bir xanım açdı. Sonaya baxaraq eynəyini gözünə taxdı və həyəcanla :
 
- "Gülsüm qızım” 
 
Ardı var..



Müəllif: Gülnar Həmidovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!