“Mənə həm təcavüz edir, həm də işgəncə verirdilər”

“Mənə həm təcavüz edir, həm də işgəncə verirdilər”
İş Qadını - Hüquqlar
10.09.2017 9
İnsan alverindən zərərçəkən qadın: "Qısa köynəkdə, başımda
çalma, ayaqyalın qarın içində Qəbzənin avtovağzalına kimi piyada qaçdım”





Türkiyədə cinsi istismara məruz qalan 48 yaşlı qadın başına gələnləri "Gündəlik Teleqraf”a danışdı.




Daxili
İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin yaydığı
məlumata görə, İmişli rayon sakini, 53 yaşlı Yaqufə Mərdanova bu il
fevralın 6-da həbs edilib. Müəyyən edilib ki, o bir qrup şəxslə cinayət
əlaqəsinə girərək insan alveri ilə məşğul olub. Onların bu məqsədlə
Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparması faktı müəyyən
olunub. Y. Mərdanovanın cinayət işi üzrə istintaq hərəkətləri davam
edir. 




Onun Türkiyədə cinsi istismara məruz
qoyduğu qadınlardan biri, 49 yaşlı H. M. bildirib ki, 2008-ci ildə anası
ilə birlikdə Bakı şəhərinə gəlib kirayə ev taparaq məskunlaşıblar. Onun
sözlərinə görə, paytaxtda işləməyə başlayıb və burada yaşadıqları iki
il müddətində güzəranları yaxşı olub. 




Onun
sözlərinə görə, 2010-cu ildə anası rəhmətə getdiyindən kirayə mənzildə
tək yaşamağa başlayıb: "Restoranda aşbaza köməklik edirdim, günümə də 15
manat alırdım. İşimlə bağlı 2011-ci ildə Bayıl qəsəbəsində kirayə
verilən evlərdən birinə köçdüm. Həmin mənzil Yaqufənin evinə yaxın idi.
Rəfiqəm də Yaqufənin evində yaşayırdı. Onlara gedəndə Yaqufəni gördüm.
Harada işlədiyimi soruşdu, restoranda işlədiyimi bildirdim. Dedi ki, nə
qədər pul alırsan. Günə 15 manat qazandığımı söylədim.  Yaqufə 15
manatın az olduğunu deyərək sənətimin olub-olmadığını soruşdu. Bundan
sonra Yaqufə məni işləmək üçün Türkiyəyə göndərəcəyini və orada daha çox
qazancım olacağını vurğuladı. O, hətta dedi ki, Türkiyədə ofisiant
işləsən, gününə 50 ABŞ dolları qazanarsan. Bundan əlavə, Yaqufə bildirdi
ki, restoranda gün ərzində 10 stolda oturacaqsan, hər stoldan da 50
manat götürəcəksən”. 




Zərərçəkənin sözlərinə
görə, həmin ilin avqustunda Yaqufə ona Türkiyəyə getməsi üçün sənəd
lazım olduğunu deyib. H.M. deyib ki, ona pasportun alınması üçün 120
manat xərci də Yaqufə çəkib. Sənədləri hazırlanandan sonra həmin
qadıngilə gedib: "Soruşdum ki, Türkiyəyə necə gedəcəm, oraları
tanımıram. Dedi ki, qızı Ayka məni yola salacaq. Buna görə də sonradan
Aykagilə getdim. O dedi ki, gedəndə pulunu və qızıllarını da özünlə
götür, orada lazım olacaq. 500 manat pulum vardı, onu və anamın yadigarı
olan 12 qramlıq brilyant qaşlı üzük,  bir də 5 qramlıq qədim sırğanı da
özümlə götürdüm. Sonra Yaqufənin Xəzər rayonunda olan evinə getdim.
Ayka oradan məni avtovağzala gətirib bilet aldı. Bileti verib dedi ki,
səni Naxçıvanda qarşılayacaqlar. Naxçıvanda məni Eminə adlı qadın
qarşıladı və bir gün orda qaldım. Sonra Eminə məni Türkiyəyə yola
salanda bir türkün nömrəsini verib dedi ki, ora çatmamışdan əlaqə saxla,
səni qarşılayacaqlar”. 




Beləliklə, Türkiyənin
Qəbzə avtovağzalında onu 2 kişi, 1 qadın qarşılayıb. Onun sözlərinə
görə, bundan sonra qara günləri başlayıb: "Avtovağzalda qarşılayanlar
məni aparıb bir zirzəmiyə saldılar. Orada rəfiqəmi görüb şoka düşdüm.
Rəfiqəm soruşdu ki, bura niyə gəlibsən? Dedim, işləməyə gəlmişəm. O,
"burada nə iş var, başına oyun açacaqlar”, - dedi. Elə də oldu. Orada üç
gün işlədim, dördüncü günü pulumu, qızıllarımı, dublyonkamı,
paltarlarımı  və sənədlərimi də əlimdən alıb dedilər ki, sən bura niyə
gəldiyin bizə məlum deyil, amma işləməlisən, bizə pul qazanmalısan.
Bundan sonra məni döyməyə başladılar, bildirdilər ki, çətini bura gələnə
kimidir, belə yolla qızları aldadaraq gətirib, burada da onların əli
ilə çoxlu pul qazanırıq, sən də onlardan birinin tayısan”. 




H.
M. onu da qeyd edib ki, bundan əvvəl Yaqufə onu evində 16 gün qulluqçu
kimi işlədib, ona zülm verib, evdən bayıra çıxmasını qadağan edib.




Onun
sözlərinə görə, sonra Qəbzədən İstanbula gedib və orada onu Yaqufənin
Eminə adlı rəfiqəsi qarşılayıb: "Yaqufə Eminəyə deyib ki, mənim Bakıda
heç kimim yoxdur, onu saxla işlət, yaxşı pula gedər. Bir gün "Aksana”
kafesinə 60 yaşında kişi gəlib Eminəyə söylədi ki, ona uca boylu qadın
lazımdır, onunla yaşamaq istəyir. Eminə o saat dedi ki, səni bu kişiyə
satıram, amma bir şərtim var. Eminə onu da əlavə etdi ki, bu kişinin
yanında üç gün qalandan sonra dava salaraq qaçarsan. Beləliklə, həmin
yaşlı kişi məni apardı. Orada ağlayanda kişi məndən soruşdu ki, niyə
ağlayırsan? Ondan qızının olub-olmadığını xəbər alıb, məni də öz qızı
hesab etməsi üçün yalvardım. Bundan sonra həmin kişi məni geri qaytarıb
pulunu geri istəyib dedi ki, bu qızı bəyənmədim. Onlar kişini şantaj
etdilər və pulunu da vermədən kafedən qovdular”. 

H. M.-nın
sözlərinə görə, bundan sonra Türkiyədə yaşamaq müddəti başa çatıb və
yenidən Naxçıvana gətirilib: "Üç gündən sonra Yaqufə mənə zəng edib dedi
ki, Türkiyəyə qayıt. O, oğlunun canına and içib qayıtsam nəyim varsa
geri qaytaracağı na vəd verdi. Ona inanaraq Türkiyəyə qayıtdım. 2012-ci
il yanvarın 7-də Qəbzədə oldum. Həmin gün Yaqufə də Qəbzəyə gəldi. Onlar
mənə işgəncə verməyə başladılar. O qədər işgəncə verdilər ki, anamdan
əmdiyim süd burnumdan töküldü. İşgəncələrə dözmürdüm, yalvarırdım ki,
məni boşlayın. Yaqufə deyirdi ki, mənim kimi çoxları  ona ömrünün
axırına kimi çox yalvarıb, burada qalacaqsan. Ona qarşı çıxanda
saçlarımı dibindən kəsdi, keçəl elədi. Ora İstanbuldan gələn 27 yaşında
gənc oğlan məni istədi. Eminə ilə Yaqufə də dedilər ki, 1800 ABŞ dolları
ver, qızı apar. Oğlan dedi ki, hər şeyi unut, səni qanuni şəkildə
evlənmək üçün alıram. Onun adı Ayhan idi, evində 10 gün qaldım, sonra
Yaqufə gəldi. Məni aparmaq istədiklərini dedi. Qorxurdum, buna görə də
əlacsız qalıb onlarla getdim. Sonra Ayhan arxamca gəldi, məni aparmaq
istədiyini bildirdi. Amma onlar oğlana hədə-qorxu gəldiklərindən məni
aparmadı. Həmin gün onlar yeyib-içəndə seyfin arxasına baxanda gördüm
ki, kitabın arasında pasportum var. Pasportumu götürdüm. Yanvar ayı idi,
yarım metrə kimi qar yağmışdı. Pasportumu götürəndən sonra qısa
köynəkdə, başımda çalma, ayaqyalın qarın içində Qəbzənin avtovağzalına
kimi piyada qaçdım. Avtovağzalda soyuqdan donurdum, naxçıvanlı bir oğlan
mənə yaxınlaşıb dedi ki, sən azərbaycanlıya oxşayırsan, niyə bu
paltarda qaçırsan? Ondan kömək istədim. O mənə bilet alıb avtobusda
oturanlara dedi ki, bu qadına yardım edin, geyinməyə paltar verin.
Bundan sonra Naxçıvana gəlib bir gecə avtovağzalda  qaldım. Sonra mənə
Türkiyədən çıxmağıma köməklik edən Azər adlı oğlan Bakıya gəlməyimə də
yardım etdi”.




H.M.bildirib ki, Bakıya gələndən
sonra 10 gün küçələrdə qalıb. Onun sözlərinə görə, pulu olmadığı üçün
həmin müddəti ac-susuz keçirib. Sonra Yaqufəgilə gedərək qızına deyib
ki, anasını polisə verəcək: "Yaqufənin qızı məni Anar adlı oğlanla
hədələdi. Dedi ki, anamı polisə verəcəyin halda Anar səni məhv edəcək.
Qız dəfələrlə hədə-qorxu gəldi. Neçə aydan sonra Yaqufə Bakıya gələndə
məndən polisə şikayət etməməyimi tələb etdi. Ona dedim ki, məni
küçələrdə qoymusan, qalmağa evinin birini ver, iş tapana kimi orada
qalım. Yaqufə isə məni evdən qovdu...”




Daxili
İşlər Nazirliyinın İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və  QHT-lər
 İctimai Birliyi zərərçəkəni reabilitasiya prosesinə cəlb edib. Bundan
sonra həmin xanım müavinət alıb və reabilitasiya prosesi davam edir.



Hacı Zeynalov

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!