Azərbaycanda oğlan və qızlar daha çox hansı ixtisasları seçirlər?

Azərbaycanda oğlan və qızlar daha çox hansı ixtisasları seçirlər?
İş Qadını - Hüquqlar
10.09.2017 63
Azərbaycanda oğlan və qız abituriyentlərin daha çox hansı ixtisaslara meyl etdikləri açıqlanıb



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə,
oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir.



Əvvəlki illərdə olduğu kimi, ötən il də hər iki bölmənin orta statistik
oğlan abituriyentinin istəyi ən çox "Riyaziyyat, fizika və mühəndislik"
(I qrup) və "İqtisadiyyat və idarəetmə" (II qrup) ixtisaslarınadır.
Azərbaycan bölməsində oğlanların 71,46, rus bölməsində isə 78,52
faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib: "Bu rəqəmlər oğlan
abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının
nə dərəcədə yüksək olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bu maraq
ildən-ilə heç də zəifləmir”.



Komissiyadan bildirilib ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa
nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir: "Sual oluna bilər: nə üçün
abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II
qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki
qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun
səbəblərindən biri texniki ixtisaslar qrupunda plan yerlərinin nisbətən
çox olmasıdır. Ümumi qəbul planının 31,75 faizi I, 28,89 faizi isə II
ixtisas qrupunun payına düşür. Digər səbəb isə I qrupun
abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır”.



TQDK-dan bildirilib ki, statistik təhlillərə əsasən, I ixtisas qrupunun
abituriyentləri əsasən bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir,
digər fənlərə isə səthi yanaşırlar. Nəticənin aşağı olmasının başqa bir
səbəbi bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və
abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü
bacarığı tələb edən dəqiq və təbiət fənləri ilə bağlı olmasıdır. Bu da
abituriyentlərdən hazırlıq dövründə, eləcə də imtahan zamanı sualların
cavablandırılmasına digər qrupların fənləri ilə müqayisədə daha çox vaxt
sərf etməyi tələb edir.



Orta statistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III
ixtisas qrupuna istəyi daha yüksəkdir. Azərbaycan bölməsində qız
abituriyentlər həmişə olduğu kimi, "İqtisadiyyat və idarəetmə”
ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız
abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu,
bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın əsasən şəhərlərdə
olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri
təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın
regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə
hazırlıqlarının zəif olması ilə bağlıdır. Belə ki, II qrupda riyaziyyat
fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə
respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq
səviyyəsi digər regionlardan fərqli olaraq yüksəkdir: "IV ixtisas
qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd
etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Belə ki,
burada qızlar tibb ixtisaslarına üstünlük verdikləri halda, oğlanlar
daha çox idman ixtisaslarına meyl edirlər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!