15 yaşı olan 25 yaşlı qızlarımız..

15 yaşı olan 25 yaşlı qızlarımız..
Qadın dünyası
10.09.2017 37



Onların geyimi, yerişləri, danışıqları, özlərini aparmaq qabiliyyəti
fərqlənir. İşvəsi, nazı və gözəllikləri ilə seçilən xanımlar xüsusi ilə
diqqəti cəlb edirlər. Belə xanımların isə əksər hallarda 15-18 yaşı
olur. Bəli! Bu gün arxadan baxarkən 24-25 yaşlı gənc bir xanım kimi
geyinən, dikdaban ayaqqabı üzərində özünə güvənlə addımlayan
xanımlarımız əslində 15-16 yaşlı məktəblilərdir. Yaxud da ki,
universitetin birinci kursuna qəbul olan, lakin şənliklə dərsi səhv
salan qızlarımızdır. Bu yaşda rahat bir geyimlə dərsə getmək və yaşına
uyğun istiqamətlərə yönəlmək əvəzinə fikirlər yalnız bir istiqamətə
cəmlənir: kosmetika, parfümeriya, geyim və aksesuar, dikdaban
ayaqqabılar, gözəllik salonları və s. bir sözlə, kimlərinsə diqqətini
cəlb etmək. Hətta elə gənc qızlarımız da var ki, tariximizdən,
ədəbiyyatımızdan anlayışı olmamasına baxmayaraq, Chanel, Hermes,
Christian Dior, Ferragamo, Versace, Giorgio Armani, Dolce&Gabbana,
Ermenegildo Zegna, Givenchy, Sisley, Zara və s bu kimi digər brendləri
əla tanıyır, hətta tarixini də bilirlər.

Görəsən, bu yaşda olan
gənclərimiz nə düşünür ki, belə hərəkətlər edirlər? Maraq niyə ancaq bu
istiqamətdədir? Düzgün tərbiyə verilmirmi?
Məsələyə aydınlıq gətirməyə çalışdıq.

Kafelərimizdən
birində stol arxasında əyləşən xanımların özlərini aparmağından 1-ci
kurs tələbələri olmaları aydın görünürdü. Amma geyimləri, makiyajları,
saç düzümləri, hətta "sifətlərinə əl gəzdirmələri” 25 yaşdan xəbər
verirdi. Onlara 1-2 sualla müraciət etdim:
Geyim seçərkən nələrə diqqət yetirirsiniz və ən çox hansı brendlərdən istifadə edirsiniz?

Aysel,
18 yaş: "Geyimim son dəbə uyğun olmalıdır. Xüsusilə də aksesuarlarım.
Əsasən, modanı Türkiyə telekanalları vasitəsi ilə izləyirəm. Çanta
seçimim yalnız "Hermes” brendindən olmalıdır, geyim isə "Christian Dior”
a məxsusdur”.

Firuzə, 17 yaş: "Geyimimdə qısa ətəklərə və
donlara üstünlük verirəm. Belə geyimlə ayağımda mütləq dikdaban
ayaqqabı olmalıdır. Bu tip ayaqqabılar ayaqları daha yaraşıqlı və
cazibədar göstərir. Geyimimdə rəng çalarları uyğunluq təşkil etməlidir,
makiyajım isə buna uyğun olmalıdır, xüsusilə isə dodaq boyasının rəngi
cəzb etməlidir”.

Zərifə, 18 yaş: "Dəbə uyğun geyinməyi
xoşlayıram. Hər yeni sezonda alış veriş edirəm. Modanı izləyirəm. Təkcə
geyimim yox, saçlarım da dəbə uyğun olmalıdır. Geyimdə üstünlük verdiyim
aksesuar şərflər, eynəklər və çantalardır. Rəng seçimində parlaqlığa
üstünlük verirəm. Bir də ki iri üzükləri xoşlayıram. Ən çox istifadə
etdiyim brendlər isə Ermenegildo Zegna, Bvlgari və Chanel”.

Bu cür geyinən qızlar haqqında nə düşündükləri barədə gənc bir oğlandan da müsahibə götürdük:

Nurlan Rəhimli,
25 yaş: "Adətən bu tip qızların əksəriyyətinin fikri havada olur.
Həyata yeni atılırlar. Gəzmək, əyləncə, vaxt keçirmək. Bunları da həmin
qıza verə bilirsənsə, artıq məsələ həll olunmuş hesab olunur. Sözsüz
bunu hamıya aid etmək olmaz. Lakin belə tip qızlar daha asan əldə
olunur. Çox vaxt da yaşıdlarından daha ağıllı olduğunu, dünyagörüşünün
daha çox olduğunu təkid edirlər. Yəni yaşlarından daha böyük olduğunu
iddia edirlər. Hərçənd ki, kənardan bunun belə olmadığı tamamilə aydın
şəkildə görünür”
Etik cəhətdən normalara uyğun olmasa da "Özlərini
kiməsə göstərmək istəyən” qızların bu cür geyindiyini görən valideynlər
nə düşünür, hara baxırlar?

Zərifə Abbasova, qızı 1-ci
kursda oxuyur. "Qızım universitetə yeni qəbul olub. Artıq o bir gəncdir
və öz yaşıdları yanında seçilmək, qəşəng görünmək istəyir. Sözsüz ki,
tələbəlik həyatında kimdənsə xoşu gələ bilər. Bu da müəyyən növbədə
qızın daxili ilə birlikdə xarici görünüşünə də təsir edir. Normaları
adlamadıqca mən burada pis heç nə görmürəm. Geyinən vaxtıdır. Mən də
bacardığım qədər qızımın rəfiqəsi olmağa çalışıram”.

Sözsüz ki,
bu tip hallara qarşı çıxan valideynlər də var. Amma bu gün bir çox
valideynlər qızlarının yaşlarından böyük görsənməsinə adi bir hal kimi
baxırlar.

Müasir psixologiya mərkəzinin psixoloqu Aidə Nəbiyeva mövzunu
belə qiymətləndirdi: "Son zamanlar azyaşlı qızlarda özlərini böyük kimi
aparma, onlar kimi davranma və geyinmə həddindən artıq çox rast gəlinən
bir haldır. Bu tip qızlar özlərindən yaşca böyük olanlarla münasibət
qururlar və tez böyüməyə meyllidirlər. Bildiyimiz kimi həmin qızlar
uşaqlıq dövründən daha tez çıxırlar. Özlərini təsdiq etmək istəyirlər.
Nəticədə öz yaşlarından 5-6 yaş böyük görsənməyə başlayırlar. İstənilən
dövrdə özündən yaşca böyük olana maraq daim aktual mövzu olub. Bunun
əksinə isə yaşlılarda uşaqlaşmağa meyllilik həddin artıq böyük miqyasa
sahibdir.

Gənclərimiz yaşlarından daha böyük görsənməklə bir növ
özünü təsdiq etdiyini və artıq müstəqil insan ola biləcəyini sübut
etməyə çalışırlar. Adətən yeniyetmə qızlar düşünürlər ki, onlardan daha
böyük yaş dövründə olan qızlar daha sərbəstdirlər və daha çox şey əldə
ediblər. Qısa müddətdə davranışlarını, geyimini, nitqlərini dəyişirlər
və onlarda böyümə həvəsi çox güclü olur. Bunun bir sıra mənfi cəhətləri
var: yaşlarına uyğun olmayan davranış forması, əks cinsə maraq, erkən
yaşda cinsi oyanmalar və s. Dünya görüşünün inkişafı, informasiya
mübadiləsi, özlərindən yaşca böyüklərlə münasibət yeniyetmələrdə bu
prosesi daha da sürətləndirir. Buna görə də valideynlər öz uşaqlarının
yaşıdları ilə ünsiyyətinə şərait yaratmalıdırlar. Nə onlardan yaşca
böyük, nə də yaşca kiçik. Bundan əlavə KİV-in də böyük təsiri var. Bu
gün yeni bir müğənni çıxırsa, sabah yeniyetmə özünü ona oxşadacaq. Belə
ki, bu yaş dövründə olarkən valideyn daha diqqətli olmalıdır və KİV-də
bu sahədə təbliğat işləri aparılmalıdır”.

Kal bir meyvənin dadı
olmaz, bişməmiş xörək ziyandır. Belə ki, hər bir şey öz vaxtında
gözəldi. Çalışın geyiminizlə yox, qabiliyyətiniz və təhsiliniz ilə
seçilin. İnsan keyfiyyətli xarakterləri ilə yaddaşlarda iz açır, gözəl
görünüşü ilə yox.

Nigar Səlimova
Milli.Azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!